SON XƏBƏR

Moskvada ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü şərəfinə rəsmi qəbul təşkil olunub

May 07
12:49 2019
Azərbaycanın Rusiyadakı səfirliyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü şərəfinə rəsmi qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin dəstəyi ilə nəşr edilmiş "Mədəniyyətlərin dialoqu və müasir dövrün çağırışları” kitabının təqdimatı olub.

Təntənəli tədbiri açan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Heydər Əliyev şəxsiyyətinin miqyasından və çoxcəhətliliyindən söz açıb. "Mənim həyatda bəxtim çox gətirib, çünki Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə mən musiqidə ilk addımlarını atan gənc bəstəkar idim və onun dəstəyini hər zaman hiss etmişəm. 1960-cı illərin sonunda Heydər Əliyevin dəstəyi sayəsində görkəmli Azərbaycan yazıçılarının, bəstəkarlarının, ifaçılarının tam nəsli ümumittifaq arenasına çıxdı. 1993-cü ildə, artıq mənim mədəniyyət naziri olduğum vaxt, Heydər Əliyev Naxçıvandan sovet Azərbaycanından qalan hər şeyi zərrə-zərrə toplamaq üçün qayıtdı. Ölkədə demək olar ki, hər şey dağıdılmışdı, əgər Heydər Əliyev qayıtmasaydı, respublikanın, dövlətin, xalqın və ümumiyyətlə, 1992-1993-cü illərdə baş verənlərin sonunun nə ilə nəticələnəcəyini təsəvvür etmək belə çətindir. Bu insan yaşının kifayət qədər sanballı vaxtında qayıtdı və hərəkət etməyə, görüşlər keçirməyə, hər şeyi izah etməyə, kadr siyasətini dəyişməyə başladı. Vəziyyət tədricən sabitləşirdi. Əlbəttə, bu, o qədər də asan deyildi. Üç sui-qəsd cəhdi oldu, onlardan sonra Heydər Əliyev özü dedi ki, Allah onu Azərbaycan xalqı üçün qoruyur. Bu gün, artıq illər ötdükdən sonra bu barədə sakit danışa bilirik, amma o vaxt sadəcə başa düşürdük ki, biz Heydər Əliyevin xalqı xilas etdiyi böyük fəlakətlə qarşı-qarşıya idik”, -deyə səfir vurğulayıb.

Diplomat qeyd edib ki, o, Heydər Əliyevin müasir suveren Azərbaycana rəhbərlik etdiyi dövrdə mədəniyyət naziri vəzifəsini tuturdu: "Heydər Əliyev mədəniyyəti çox sevirdi, rəssamlığı sevirdi, teatrlara gedirdi, bütün filmlərə tamaşa edirdi. Yəni, bu insan hər şeyi vəzifə borcu olduğuna görə deyil, sadəcə incəsənəti sevdiyi, ona bələd olduğu və dərindən bildiyi üçün edirdi. Ona görə də bu sahəni dərindən bilən insanın rəhbərliyi altında mədəniyyət naziri işləmək, inanın ki, asan deyildi. Lakin mən həyatımın bu dövrü ilə fəxr edirəm. Heydər Əliyev haqqında öz xatirələrimi isə qısaca bu cür ifadə edərdim – dünyanın heç bir universitetinin vermədiyi diplom. Bu, böyük həyat məktəbidir. Hərçənd mən peşəkar diplomat deyiləm, amma məni Moskvaya göndərdilər. Heydər Əliyev məktəbinin məzunu kimi mən artıq 13-cü ildir Azərbaycanın Rusiyadakı səfiriyəm. Bu, yəqin ki, mənim diplomat həmkarlarımın da bildiyi kimi, o qədər də asan deyil”.

AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, "Mədəniyyətlərin dialoqu və müasir dövrün çağırışları” kitabının tərtibatçısı və məsul redaktoru İlham Məmmədzadə vurğulayıb ki, bu il Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəlməsinin 50 ili tamam olur. Onun sözlərinə görə, bu əlamətdar hadisə bir daha Heydər Əliyev fenomeni, onun Azərbaycan və Rusiya tarixindəki rolu haqqında düşünməyə daha bir səbəb verir. İ.Məmmədzadə kitabın ərsəyə gəlməsi tarixindən bəhs edib. Qeyd edib ki, 2009-cu ildə Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda Heydər Əliyevə həsr olunmuş konfrans keçirilib. Sonra bu təşəbbüs Heydər Əliyev lektoriyalarına çevrildi, Azərbaycan və Rusiyanın filosofları iki ildə bir dəfə toplaşaraq dahi şəxsiyyətin irsinə həsr olunmuş kitabların və məqalələrin hazırlanmasına qərar verdilər. "Söhbət təkcə Heydər Əliyev irsindən deyil, həm də onun irsinin qoyduğu ənənələrin müasir dövrümüzə verdiyi töhfədən gedir. Bizim nəşr etdirdiyimiz dörd kitab yalnız Heydər Əliyev və onun irsi yox, həmçinin bu gün həmin irsin davam etdirilməsi ilə bağlı bütün mövzuları əhatə edir. Bu, mədəniyyətlərin dialoqudur. Bu dialoqun əsas tərkib hissəsi ziyalılar, filosoflar arasındakı münasibətlər, mürəkkəb dövrdə ümumi dil tapmaq və mədəniyyət problemləri üzərində birgə əməkdaşlıq etmək bacarığıdır”, -deyə İ.Məmmədzadə qeyd edib.

Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski qeyd edib ki, Azərbaycan rəhbərliyi, ölkənin alimləri, mədəniyyət xadimləri və ziyalıları mədəniyyətlərin fəal dialoqunu aparırlar. O əlavə edib: "Azərbaycanda gördüyümüz mədəniyyətlərin bu dialoqu bizi təkrar olaraq yenidən müasir Azərbaycan dövlətinin banisi, böyük Heydər Əliyevin irsinə qaytarır. Kitab oxuculara mədəniyyətlərin və sivilizasiyaların dialoqu kimi mühüm sahə üzrə Rusiya və Azərbaycanda aparılan tədqiqatlarla tanış olmaq imkanı verir”. Deputat təkqütblü dünyanın yaradılması cəhdlərinin müşahidə olunduğu, beynəlxalq humanitar hüquq ənənələri və prinsiplərinin inkar edildiyi müasir dünyada mədəniyyətlərin dialoqunun zəruriliyini qeyd edib. O vurğulayıb: "Heydər Əliyevin həyatını öyrəndikdə, gələcəkdə necə hərəkət edəcəyini, insanlarla nə cür ünsiyyət quracağını, müxtəlif mədəniyyətlər və dinlərin mənsublarını necə birləşdirəcəyini daha yaxşı başa düşürsən. Azərbaycan bunun bariz nümunəsidir. Orada Azərbaycan Prezidenti, mənim dostum İlham Əliyev Heydər Əliyevin böyük ideyalarını davam etdirərək ən yüksək səviyyədə tolerant dövlət yarada bilib”.

Təntənəli rəsmi qəbulda Rusiya Fəlsəfə Cəmiyyətinin birinci vitse-prezidenti Aleksandr Çumakov, "Biblio-Qlobus” Ticarət Evinin prezidenti, Rus Ədəbiyyat Akademiyasının akademiki Boris Yesenkin, Rusiya Jurnalistlər İttifaqının katibi Rafael Hüseynov, "Rossiya-Kultura” telekanalının icmalçısı Vladislav Flyarkovski və başqaları çıxış ediblər.

Rəsmi qəbulda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tanınmış rejissor, Rusiyanın Əməkdar incəsənət xadimi Yuli Qusmana "Dostluq” ordenini təqdim edib. Diplomat deyib: "Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Yuli Solomonoviç Qusmana "Dostluq” ordenini təqdim etmək istəyirəm. O, bu yüksək mükafata Azərbaycan və Rusiya arasında mədəni əlaqələrin inkişafındakı çoxillik məhsuldar xidmətlərinə görə layiq görülüb”.

Yüksək mükafata görə təşəkkürünü bildirən Y.Qusman söyləyib: "Mənə Heydər Əliyevin komandasının iş prosesini müşahidə etmək, hətta bir çox hallarda bu fəaliyyətdə iştirak etmək şərəfi nəsib olub. Demək istəyirəm ki, biz onun uzaqgörənliyinə, zəkasına və istedadına sonsuzadək minnətdarıq. Bu sözləri mən orden almağımla bağlı söyləmirəm, bu kəlmələri mən həmişə deyirəm...Həyatımın böyük hissəsini Azərbaycanda yaşayaraq, orada mənim valideynlərim, ulu babalarım və nənələrim qalıb, demək istəyirəm ki, mədəniyyətlərin dialoquna başlamaq və onu davam etdirmək çox gözəl ideyadır. Mən özüm də bu dialoqun iştirakçısıyam. Fəxr edirəm ki, mənə kiçik də olsa, lakin ola bilər ki, hissediləcək dərəcədə Azərbaycan və Rusiya mədəniyyətlərinin dialoquna töhfə vermək şərəfi nəsib olub.
 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook