SON XƏBƏR

Mingəçevir su anbarının səviyyəsi son bir ayda 33 sm azalıb

Oktyabr 31
11:48 2019
"Ölkənin su ehtiyatları Cənubi Qafqazın su ehtiyatlarının 15%-ni təşkil edir. Su ehtiyatlarımız son onilliklərdə azalıb. Beynəlxalq iqlim modellərinə əsasən, su ehtiyatlarının gələcəkdə də azalma ehtimalı var".

Qlobal.az APA-a istinadən xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev deyib.

O qeyd edib ki, Kür çayının aşağı axınında suyun səviyyəsi müxtəlif məntəqələrdə 2018-ci il ilə müqayisədə 20 sm-dən 100 sm-dək aşağıdır: "Mingəçevir su anbarının səviyyəsi təkcə oktyabr ayı ərzində 33 sm azalıb və hazırda 68,54 m təşkil edir. 2018-ci ilin oktyabrında səviyyə 70,78 m təşkil edirdi. Ölkədə il ərzində su mənbələrindən götürülən 12.8 milyard kub metr suyun 3.6 milyard kub metri (28%) itkiyə gedir".

Nazirin sözlərinə görə, əsas su itkiləri torpaq məcrada tikilmiş suvarma kanalları və təsərrüfatdaxili suvarma şəbəkələrində baş verir: "Suların dəqiq uçotunun aparılması, eləcə də tullantı sularının təkrar dövriyyəyə qaytarılaraq texniki məqsədlər üçün istifadə olunmasına qədər bütün sistemin təkmilləşdirilməsini təklif olunur. Kənd təsərrüfatının inkişafı suya tələbatı da artırır ki, bu da çaylarda sululuğun azalmasına səbəb olur".

Nazir qeyd edib ki, kənd təsərrüfatında suyun qənaətlə istifadəsinə yönəlik böyük hədəflər var: "İnanıram ki, növbəti il ərzində bununla bağlı ciddi proqramlar icra olunacaq. Su ehtiyatlarının qənaətlə istifadə olunmasına nail olmalıyıq. Biz onun səmərəsiz istifadəsinin qarşısını almalıyıq".


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook