SON XƏBƏR

Milyonluq tenderləri kimlər qazanır? – “Qohumlarıdır…”

İyul 23
16:17 2019
Son günlər mediada müzakirə edilən məsələlərdən biri də dövlət satınalmaları ilə bağlı keçirilən tenderlərdir. Bu məsələ növbəti dəfə gündəmə Səhiyyə Nazirliyinin Ucar rayonunun Mərkəzi Xəstəxanasının bir illik dəftərxana xərci üçün keçirilən 10 milyon manatlıq tender oldu. Ardınca ayrı-ayrı dövlət qurumlarının fantastik məbləğdə olan bu kimi tender oyunları ortaya çıxdı.

Mövzu ilə bağlı "Yeni Sabah”a danişan millət vəkili Vahid Əhmədov deyir ki, əslində, bu məsələ heç vaxt gündəmdən düşmür. Hətta tenderlərlə bağlı xüsusi qanun qəbul olunub, hökumət, Nazirlər Kabineti tərəfindən təsdiq edilib, amma buna məhəl qoyan dövlət qurumu yoxdur:

"Hamı istədiyi tenderi istənilən səviyyədə keçirir. Orada müəyyən narazılıqlara baxmayaraq, öz istədikləri adamlara tenderi uddururlar və həyata keçirirlər.
Fikir verin, həmişə ildə bir dəfə Hesablama Palatasının hesabatı bizə gəlir. Həmin hesabatda tenderlərlə əlaqəli çox ciddi iradlar var.

Ümumiyyətlə, satınalmalarla əlaqəli olaraq iradlar mövcuddur. Satınalmaların düzgün keçirilməsi, tenderlərin düzgün aparılması və.s bu kimi məsələlər. Əvvəllər satınalmaları həyata keçirən ayrıca bir orqan var idi. İndi isə hamısı İqtisadi İnkişaf Nazirliyinin tabeliyindədir, onlar həyata keçirirlər. Amma yenə də burada tam şəffaflıq təmin olunmur.

Düzdü, elan verirlər ki, orada-burada tender var. Amma sonradan məlum olur ki, tenderdə iştirak edib əsas qalib gələn tərəf tenderi aparan təşkilatın rəhbərinin ya qohumudur, ya onlara yaxın adamdır və.s. Bu artıq adi hala çevrilib”.

V. Əhmədov hesab edir ki, tender keçirilməsi zamanı şəffaflığın təmin olunmasında hökumət daha ciddi addımlar atmalıdır: "Bunun üçün ciddi nəzarət mexanizmi həyata keçirilməlidir. Qeyd etdiyim kimi Hesablama Palatasının bizə verdiyi bütün hesabatlarda satınalmamalarla bağlı çox ciddi problemlər üzə çıxır. Onlara xəbərdarlıq edilir, müəyyən cərimələr verilir, işlər mühafizə orqanlarına göndərilir və.s. Amma yenə də durum dəyişməz olaraq qalır.

Yəni bu tenderin keçirilməsi məsələlərini müasir səviyyədə qurmağa ehtiyac var. Burada əsas şəffaflıqdır. Kimin imkanı var, kim uda bilirsə, qoy udsun. Kim aşağı qiymət qoyursa, kim keyfiyyəti yüksək olan tenderdə qalibedici şərtləri ödəyirsə, o qalib gəlməlidir. Bu hallar mövcuddur.

Mən bunu deyəndə bəzən bəzilərinin xoşuna gəlmir. Amma mən mətbuata açıq adamam. Ümumiyyətlə, korrupsiya halları bir çox islahatın həyata keçirilməsinə rəğmən bitmək bilmir. Yəni gedən iqtisadi islahatların məqsədi nədən ibarətdir? İlk olaraq iqtisadi artım olsun.

İkincisi də bu korrupsiya, rüşvət, monopoliya aradan qaldırılsın. Faktiki olaraq deyərdim ki, tenderlər tenderi keçirən rəhbərin monopoliyasındadır. İstədiyi adama tenderi verir və şərtləri əvvəlcədən razılaşdırırlar və s. Belə hallar çoxdur”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook