SON XƏBƏR

Milli Qurtuluş Günü münasibətilə gənclərin Əlincəqalaya yürüşü təşkil edilib

İyun 16
07:24 2017
İyunun 15-də, Milli Qurtuluş Günündə muxtar respublika gəncləri "Qurtuluşdan Əlincəqalaya” devizi altında Əlincəqalaya yürüş etmişlər. Yürüşdə federasiyaların idmançıları və tələbə-gənclər iştirak etmişdir.
 
Yürüşdən əvvəl gənclər milli qurtuluşumuzun memarı ulu öndərimizin Naxçıvan şəhərində əzəmətlə ucalan abidəsini ziyarət etmiş, gül dəstələri düzmüşlər.
 
Sonra Əcəmi Seyrəngahına doğru hərəkət edən gənclər buradan azadlığımızın və şanlı tariximizin simvolu olan Əlincəqalaya yola düşmüşlər.
 
Əlincəqalanın zirvəsində, ulu öndərimizin portretinin və dövlət bayrağının önündə Naxçıvan Dövlət Universitetinin tələbələri Səyyad Məmmədov və Aysu Məmmədova, Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Aysu Dünyamalıyeva, Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Dünya Əkbərova və Naxçıvan Musiqi Kollecinin tələbəsi Cavid Babayev dahi rəhbərə həsr olunmuş şeirləri bədii qiraət etmişlər. 
 
Sonra gənclər xatirə şəkli çəkdirmişlər.
 
Yürüş iştirakçıları Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi ilə də tanış olmuşlar. Burada bələdçilər tərəfindən yürüş iştirakçılarına məlumat verildi ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə Əlincəqalada aparılan bərpa işləri zamanı qalanın tarixiliyi qorunub saxlanılıb. Qala divarları, bürc və giriş qapıları, qədim yaşayış evləri, təsərrüfat binaları, su hovuzları və təndirlər, səngər və mühafizə yerləri ilkin forması saxlanılaraq bərpa olunub. Qalanın zirvəsinə doğru yol çəkilib, qala ərazisində işıqlandırma sistemləri yaradılıb, oturacaqlar qoyulub, yaşıllıqlar salınıb.

Naxçıvan memarlıq məktəbinin izlərini özündə əks etdirən qalanın şərq və qərb darvazaları da bərpa edilərək əvvəlki görkəminə qaytarılıb. Qalanın zirvəsinə gedən yolda daş üzərində həkk olunan "Tarixi yaşadanları tarix də yaşadacaqdır” kəlamı Əlincəqalanın bərpasının xalqımızın çoxəsrlik tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını bir daha təsdiq edir. Əlincəqalada məskunlaşan əcdadlarımızın həyat tərzini əks etdirən maddi-mədəniyyət nümunələri, xüsusilə qədim məişət əşyaları, qalada aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi nümunələr, Naxçıvanın və Əlincəqalanın tarixi ilə bağlı çap olunmuş kitablar, qəzet məqalələri, qalanın bərpadan əvvəl, bərpa zamanı və bərpadan sonrakı fotoşəkilləri burada aparılan quruculuq tədbirlərinin miqyası barədə gənclərdə dolğun təəssürat yaradıb.
 
Yürüş iştirakçısı olan gənclərdən bir neçəsi ilə görüşüb həmsöhbət olduq, təəssüratlarını öyrəndik. Tələbə-gənclərdən və idman federasiyalarının üzvlərindən İbrahim Musayev, Taleh Dünyamalıyev, Səma Tağıyeva, Nərmin Babazadə, Yeganə Ağayeva və Ceyran Məmmədova ilə söhbətlərdən aydın oldu ki, onların yüksək əhval-ruhiyyə ilə qatıldıqları yürüş, ümumilikdə, Naxçıvan gəncliyinin ulu öndərimizin əziz xatirəsinə hörmət və ehtiramının ifadəsidir. Ümummilli liderimizin Azərbaycan gəncliyinə ən böyük mirası müstəqil Azərbaycandır. Milli Qurtuluş Günü münasibətilə yürüşün ünvanı olaraq Əlincəqala tarixi abidəsinin seçilməsi isə təsadüfi deyil. Çünki xalqımızın əyilməzlik abidəsi olan Əlincəqalaya ikinci həyat verilməsi də Milli Qurtuluşun bəhrəsidir.
 
"Şərq qapısı”



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook