SON XƏBƏR

Milli diaspora: Problemlər və onlardan çıxış yolları

Dekabr 06
23:08 2017
Mirkazım Seyidov
 
İctimai-siyasi xadim,
Azərbaycan və Rusiya Jurnalistlər və Yazıçılar Birliyinin üzvü,
"Araz Media" Qrupunun rəhbəri
 
Mən Azərbaycanın və Rusiyanın ictimai-siyasi həyatını dərindən tanıyan şəxs kimi deyə bilərəm ki, bizim Rusiyadakı diaspor təşkilatlarımızın uğursuzluğu ümumu hərəkətsizliyin və yaxud ümummilli məqsəddən kənar hərəkətliliyin nəticəsidir. Diaspora dövlətin xarici siyasətinin əsas meyarıdır, lokomatividir. Hazırda Rusiya vətəndaşı olmasam da, bu ölkədə diaspora quruculuğu və inkişafı ilə bağlı müxtəlif görüşlərim olur. Yaxın günlərdə Krosnayarsk, Tomsk vilayətlərində ən fəal diaspor nümayəndələrindən olan Taleh Mahmudovla və Camal Ələsgərovla, Tomsk Milli Mədəniyyət Muxtariyyatının rəhbəri Ələkbər Rəhimovla və digər fəal şəxslərlə görüşlər keçirdim. Görüşdə əsas məqsədim diasporamızın fəaliyyətində buraxılan boşluqlar və eyni zamanda son vaxtlar Azərbaycan ictimaiyyətində diasporaya qarşı yaranan inamsızlıq, inciklik, soyuqluq barədə idi. Xatırladım ki, bir müddət öncə Milli Məclisin üzvlərindən birinin Rusiyada yaşayan həmyerlilərimiz barədə səsləndirdiyi məsuliyyətsiz fikirlər və əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan Diasporla İş üzrə Dövlət  Komitəsinin bu məsələyə reaksiya verməməsi, Rusiyada yaşayan, fəaliyyət göstərən çoxsaylı insanlarımızı, ziyalılarımızı, iş adamlarımızı müəyyən mənada incik salıb. Bu, ümumi mənada çox mənfi bir hal oldu və düşünürəm ki, bütövlükdə Azərbaycanımızın xeyrinə olmayan məsələ idi. Eyni zamanda Azərbaycanda bəzi məmur kontingentinin də Rusiyada fəaliyyət göstərən diaspora nümayəndələrinə - bunların əksəriyyəti iş adamlarıdır – doğma münasibət bəsləməmələri bu insanları ölkəmizdən incik salmaqla yanaşı, həm də Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunun qarşısını alır.
 
Bu gün çox təəssüflər olsun ki, Rusiyada Azərbaycan diasporasının vəziyyəti çox acınacaqlı durumdadır. Rusiyada fəaliyyət göstərən digər millətlərin diasporaları kimi siyasi qüvvəyə çevrilə bilməmişik. Dünya Azərbaycanlılarının III qurultayında cənab Prezdent İlham Əliyev çoxlu iradlar səsləndirdi və tövsiyyələrini verdi.
 
Tövsiyyələr ondan ibarət idi ki, diasopor təşkilatlarının öz aralarında mövcud problemləri var, səfirlik və konsulluqlarla iş mexanizmi operativ deyil. Çalışmaq lazımdır ki, bu problemlər aradan qaldırılsın. Bu təşkilatların vahid birliyinə nail olmaq lazımdır. Ancaq gəlin baxaq görək  ötən illər ərzində möhtərəm Prezidentin bu tövsiyyələri yerinə yetirildimi? Xeyr! Təşkilatlar birliyə çevrilə bildimi? Xeyr! Siyasi gücə çevrilə bildikmi? Xeyr! Çünki, diaspor təşkilatlarımızın fəaliyyət istiqamətlərini hansısa vahid qurum yox, bu təşkilatları yaradan şəxslər müəyyənləşdirir. Bu şəxslərin arasında olan münaqişələr, şəxsi iddialar dövlətimizin və xalqımızın ümumi mənafeyi naminə birləşməyə imkan vermir. Rusiyada diaspor təşkilatlarımız demək olar ki, qəbilə formasında, ayrı-ayrılıqda fəaliyyət göstərir. Və buna görə də müsbət nəticə yoxdur. Bu təşkilatların arasındakı əlaqəsizlik və narazılıqlardan yerli hakimiyyət böyük məharətlə istifadə edir. Rusiyanın müəyyən dairələrinin Azərbaycana qarşı münasibətini hamımız çox gözəl bilirik. Bunu heç də uzaq olmayan tariximizə nəzər saldıqda da aydın görmək olur. Bu gün Rusiyada Azərbaycan dövlətinin əleyhinə fəaliyyət göstərən "azərbaycanlıların” yaratdıqları "təşkilatlar” var. Onlar dövlətimizə qarşı olan düşmən qüvvələr tərəfindən maliyyələşərək hər vəchlə xalqımızın, dövlətimizin və hakimiyyətin əleyhinə cürbəcür iftiralar yağdırırlar. Əlbəttə, Rusiyada fəaliyyət göstərən diaspor təşkilatları vahid siyasi gücə çevrilə bilsəydilər, indki situasiya olmayacaqdı. Bu gün Rusiyada yəhudilərin, ermənilərin, almanların, tatarların və hətta müharibə vəziyyətində olduqları ukraynalıların çox güclü diasporaları var. Bu diasporalarla Rusiyanın mərkəzi hakimiyyəti hesablaşmaq məcburiyyətindədir. Biz Azərbaycan diasporası olaraq Rusiyada demək olar ki, sadaladıqlarım ölkələrin disaporaları ilə müqayisədə zəifik. Zəifliyimizə səbəb isə yuxarıda da qeyd etdiyim kimi, səfirlik və konsulluqlarımızın, Diaspora Komitəmizin və həm də bu təşkilatları yönəldən şəxslərin düzgün, dinamik iş prinsipi seçməmələridir. Bunu tədricən aradan qaldırmaq lazımdır. Mənim əsas məqsədlərimdən biri də odur ki, cənab Prezident İlham Əliyevin tövsiyyə etdiyi kimi, ilk olaraq təşkilat rəhbərləri arasında olan inamsızlığı aradan qaldırmaqdır. Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları Dünya Azərbaycanlılarının IV qurultayında "Mən çox istərdim ki, xaricdə yaşayan, fəaliyyət göstərən hər bir azərbaycanlı heç olmasa ildə iki dəfə öz ölkəsinə gəlsin, buraya investisiyalar yatırsın” sözlərini xüsusi olaraq vurğuladı. Əvvəllər, yəni 90-cı illərdə xaricdə yaşayan bəzi həmyerlilərimizin tez-tez işlətdikləri bir söz var idi  - "mən Azırbaycandan küsüb gəlmişəm”. Çox sevindirici haldır ki, bu kimi sözlər sonradan unuduldu. Vətən sevgisi, dövlət sevgisi bu kimi zərərverici sözləri unutdurdu. Bu gün könüllü şəkildə Rusiyaya gedənlərimizin sayı o illərdə gedənlərdən çoxdur. Artıq "küsüb getmək”məfhumu köhnəlib. Rusiya böyük ölkədir və bizim xalqımız da qoçaqdır. Orada müəyyən biznes işləri görmək, uğur qazanmaq şansları yüksəkdir. Diasporamız Azərbaycan dövlətinin xarici siyasətinin tərkib hissəsidir, bu sahəyə diqqət olmalıdır. Diqqət əslində var. Əsası Ulu Öndərimiz tərəfindən qoyulan Disaporla İş üzrə Dövlət Komitəsi bütövlükdə Azərbaycan diasporasının dünya səviyyəsində yaradılmasının, formalaşmasının əsasını qoydu. Güclü də inkişaf etdirdi. Ancaq sonradan diaspor təşkilatları arasında gedən çəkişmələr, "mənəm-mənəm”liklər ümumi fəaliyyətin zəifləməsinə gətirib çıxartdı. Eyni zamanda Azərbaycanda gedən daxili ictimai-siyasi proseslər də xaricdə fəaliyyət göstərən diaspora təşkilatlarımıza müəyyən mənada təsir göstərməkdədir. Bəzi hallarda ölkədə baş verən məmur özbaşınalığı təəssüflər olsun ki, diaspor təşkilatlarımıza da mənfi təsirini göstərir.
 
Bəs mövcud vəziyyətdən çıxış yolu necədir?
 
Əlbəttə ki, Rusiyadakı diaspor siyasətimizlə bağlı yaranmış acınacaqlı vəziyyətdən çıxış yolu var. İlk növbədə biz yenidən təşkilatlanmalıyıq. Cənab Prezidentimizin yürütdüyü vahid siyasəti özümüzə prioritet seçərək toparlanmalı, təcrübəmizdən yararlanaraq formalaşmalıyıq. Dövlətimizin vahid milli konsepsiyasına, Prezidentimizin yürütdüyü siyasətə, qanunlara xidmət eləməliyik. Buna nail olacağıqsa, o zaman başqa keyfiyyətləri də özümüzdə tapacağıq.
 
İkinciolaraq qeyd edim ki, bu gün Rusiyada xeyli sayda qeyri-aktiv fəaliyyət göstərən təşkilatlar var. Bu cür təşkilatları Azərbaycan amalı, Azərbaycan mənafeyi  maraqlandırmır. Bu gün Permdə 4, Sverdlovskda 3, Krasnoyarskidə 3, Novosibirskdə 6 azərbaycanlılara aid diaspor təşkilatları var. Eləcə də bütün Rusiyada belədir. Hər yerdə 3-4 diaspor təşkilatlarımız var. Ancaq heç bir uğur yoxdur. Bu kəmiyyət nəyə lazımdır? Rusiya regionlarında fəaliyyət göstərən təşkilatlar öz aralarından hörməti olan, hər kəs tərəfindən rəğbətlə qarşılanan, ürəyi Azərbaycan eşqi  ilə döyünən şəxsi Rusiyada yaranacaq vahid diaspor təşkilatında təmsil olunmaq üçün nümayəndə seçməlidir. Və vahid təşkilatda qəbul olunan qərarları, müəyyən edilən istiqamətləri yerli təşkilatlara çatdırmalıdır. Təəssüflər olsun ki, fəaliyyətinə bir müddət öncə xitam verilən ÜAK-i bunu zamanında edə bilmədi. ÜAK-ın bazasında yeni yaranacaq diaspor təşkilatı çalışıb bu məsələni nəzərə almalıdır. Təşkilatın gələcəkdə keçirəcəyi müzakirələrdə, konfranslarda hər bir azərbaycanlının, hər bir təşkilat rəhbərinin, hər bir təşkilat nümayəndəsinin iştirakına zəmin yaradılmalıdır. Bu kimi ümumxalq və ümumdövlət məsələlərində şəxsi münasibətlər önə çəkilməməlidir. Hər bir şəxsin, hər bir təşkilatın güc əmsalının fərqinə varmadan ümummilli məqsədlər naminə istifadə edilməlidir. Diaspora təşkilatlarını məsuliyyətli olmağa vadar etmək lazımdır.
 
Üçüncü, daha bir vacib amil isə ÜAK-ın bazasında yeni yaranacaq diaspor təşkilatının tərkibində təftiş komissiyasının yaradılmasıdır. Bu təftiş komissiyası Rusiyada fəaliyyət göstərən bütün diaspor təşkilatlarının iş mexanizminə nəzarət etməli və rüblük hesabatlarını tabe olduqları quruma və həm də Diasporla İş üzrə Dövlət Komitəsinə verməlidir. Bu hesabatlara rəğmən analiz aparmalı, fəaliyyəti və göstəriciləri zəif olan təşkilatlar ləğv edilməlidir. Bu cür olarsa, diaspor təşkilatlarımız arasında ümumi mənafeyin xeyrinə rəqabət başlayacaq, dinamika yüksələcək və vahid siyasi gücə çevrilə biləcəyik. Diaspora təşkilatlarımız stimullaşması, fəaliyyətlərinin yüksəlməsi və operativliklərinin artırılması üçün möhtərəm Prezidentimizin də tövsiyyə etdiyi kimi, doğma vətənlə əlaqələrinin sürətlənməsinə önəm verməlidirlər. Birbaşa vətənlə bağlılıq yaradılmalıdır. Bu, həm də Azərbaycan hakimiyyətindən, vəzifəli şəxslərdən asılı olan məsələdir. Diaspora nümayəndələrinə doğma vətəndə xüsusi sevgi, xoş münaibət bəslənməlidir. Belə olan halda güclü diaspor təşkilatlarına nail olmaq olar. Bu sevimli dövlətimizin, möhtərəm Prezidentimizin apardığı uğurlu siyasətə həm də bir dəstəkdir. Bu gün təəssüflər olsun ki, Rusiyanın bəzi bölgələrində etnik millətlərin bəzi nümayəndələrinin yaratdığı "təşkilatlar” fəaliyət göstərir. Və onlar hər addımda dövlətimizin əleyhinə çirkin kampaniyalar aparır, müxtəlif böhtanlar yağdırırlar. Bu gün Avropada dövlətimizin, möhtərəm Prezidentimizin apardığı müqəddəs mücadiləyə, mübarizəyə dəstək olmaqdansa, milli mücadiləmizin, mübarizəmizin əleyhinə çıxış edən "azərbaycanlılar” da var. Bütün bu hərc-mərcliyə son qoymaq lazımdır. Bu insanlara başa salmaq lazımdır ki, nankor olmasınlar. Əgər içimizdə hansısa problem varsa, bunu özümüz həll etməliyik. Daxili problemlərimizin həllini hansısa dövlətdə axtarmamalıyıq. Dövlətimizə iftira atanları ictimai qınağa verməliyik. Xalqın mühakiməsinə təqdim etməliyik. Bu qüvvələrə qarşı həm Azərbaycan dövləti, həm də diaspora təşkilatları birlikdə mübarizə aparmalıdırlar. "Xalq-Dövlət, Dövlət-Xalq”, "Xalq-Heydər, Heydər-Xalq” birliyi yaşamalı, öz monolitliyini qorumalıdır. Belə olan təqdirdə diasporamız da ciddi inkişaf edəcəkdir. Əgər ləğv edilmiş ÜAK-ın bazasında təsis ediləcək yeni təşkilatda yuxarıda sadaladığım amillər nəzərə alınacaqsa, hesab edirəm ki, çox böyük nailiyyətlər əldə olunacaq. Rusiya kimi nəhəng bir ölkədə böyük siyasi təsirə malik diasporamızın olması həm dövlətimizə, həm də xalqımıza çox gərəklidir!
 
(Mənbə: "Dövlət və ideologiya" jurnalı
dekabr 2017)
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook