SON XƏBƏR

Mətləb Muradov - Ağdabanda vətənləşən oğul

Aprel 10
00:10 2018
Vətən, sadəcə, müəyyən sərhədləri olan coğrafi bir məkan deyil. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır.
 
Vətənimizin bütövlüyü naminə canlarından keçməyi özlərinə şərəf bilən igid oğullarımız öz əməlləri, qəhrəmanlıqları ilə hər zaman yaddaşlarda yaşayacaqlar.
 
Şəhidlik qəhrəmanlığın ən uca zirvəsidir. 

Şəhidi olmayan xalqın mənliyi, kimliyi bilinməz, azadlığı qanı ilə, canı ilə qazanmayan xalq hər vaxt kölə kimi gözüqıpıq, həyəcan içində yaşayar. Azərbaycanın bütövlüyü uğrunda şəhid olan qəhrəman oğullarımızdan biri də Mətləb Muradovdur. 

Muradov Mətləb Müseyib oğlu 27 dekabr 1966-cı ildə Laçın rayonunun Sonasar kəndində anadan olmuşdur. 1973-cü ildə sonasar kənd 8 illik məktəbinə getmiş, 1981-ci ildə məktəbi bitirdikdən sonra Sumqayıt şəhər 7 №li Texniki Peşə Məktəbinə daxil olmuş, 1984-cü ildə oranı bitirmişdir. 1985-1987-ci illərdə Vladivastok şəhərində hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra təsərrüfatla məşğul olmuşdur. 1991-ci ildən özünümüdafiə batalyonuna qoşulmuşdur. 1992-ci ildə Laçın rayon DİŞ-də işə qəbul olunmuşdur. 

Laçında, Şuşada, Ağdərədə, Laçın rayonunun işğalı ərəfəsində rayonun şimal-şərqində yerləşən kəndlər, həmçinin "Qız qəbri”, "Yazı düzü” uğrunda gedən döyüşlərdə mərdliklə vuruşmuşdur. 

Laçın RPŞ-nin serjantı Mətləb Muradovun son döyüşü 1993-cü il fevralın 13-də Kəlbəcər rayonunun Ağdaban kəndi uğrunda gedən döyüşlərdə oldu. Bu döyüşdə qəhrəmancasına vuruşaraq ermənilərin başına od-alov yağdıran cəsur döyüşçü sonda düşmən mərmisinə tuş gələrək, əbədi ölümsüzlüyə - şəhidlik zirvəsinə yüksəldi.

Bakı şəhərindəki Şəhidlər xiyabanında dəfn edilmişdir.
Subay idi. 

Laçın rayonunun Sonasar kənd ümumi orta məktəbinə Mətləb Muradovun adı verilmişdir. 
 
Allah rəhmət eləsin!



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook