Məşhur tikinti dələduzu iş adamına necə atdı? – İlham Qasımovla Alış Vəliyevin “kişi söhbəti”
İyun 07
03:36
2020
Azərbaycanda tikinti sektorunda necə dələduzluqların döndüyünü bilməyən yoxdur. Yeni tikilmiş binalarda bir mənzilin bir neçə adama satılmasından tutmuş, fəhlələrə, müxtəlif iş adamlarına qədər "atılan” vəsaitlər, müxtəlif banklardan götürülüb geri qaytarılmayan kreditlər, alqı-satqı müqavilələrində göstərilən sahələrdən daha az mənzillərin müştərilərə verilməsi, sıralamaqla bitməyən fırıldaqların baş verdiyi bu sektorda ən çox adı hallananlardan biri də Real MTK-dır. Şirkətin iş adamı və şair Gülağa Təhnaya 20 milyon dollar "atdığı”na görə 15 il həbs olunmuş, sonradan kimlərinsə yardımıyla azadlığa çıxmış sahibi İlham Qasımovdan şikayət edənlərdən biri də Alış Vəliyevdir.
Alış Vəliyevin Ovqat.com-a verdiyi məlumata görə, İlham Qasımov ona nə az, nə çox, düz 295 min manat "atıb”. Şikayətçi bildirir ki, 2014-cü ildə İlham Qasımov onu işgüzar danışıqlar aparmaq üçün öz mənzilinə dəvət edib. Bunu evin mərhəmiyyəti ilə əsaslandıran İlham Qasımov deyib ki, onunla "kişi söhbəti” etmək istəyir: "Öz evində mənimlə kişi söhbət edən İlham Qasımovun bu jestinə aldandım. Heç bir ödəniş edilmədən onun iki obyektinə 630 min manatlıq lift qoymağı boynuma götürdüm. Bu obyektlərdən biri Xətai rayonunda köhnə Bakı Əyləncə Mərkəzinin qarşısında yerləşən 25 mərtəbəli binadır. O binaya 8 lift qoymuşam. Digər bina isə İnqilab küçəsində 1 nömrəli ASAN Xidmətin yanında yerləşir. 22 mərtəbəli yaşayış binasıdır. Bu binaya isə 6 lift qoymuşam”.
Həmsöhbətimizin bildirdiyinə görə, 2014-cü ildə Real MTK ilə müqaviləni manat üzərindən bağlayıb. Axırıncı mallarını Azərbaycana gətirdiyi gün isə devalivasiya baş verib. Ard-arda baş verən iki devalivasiya nəticəsində dollarla aldığı mallarda onsuz da 2 dəfə ziyana düşən iş adamı indi manatla da pulunu ala bilmir. Bu da onun tamamilə müflis olmasına gətirib çıxarıb.
Artıq neçə müddətdir ki, Alış Vəliyev yalnız onun sürücüsüylə əlaqə saxlaya bilir. Başqa sözlə desək, İlham Qasımov borclusuna ənənəvi vədlərini belə birbaşa deyil, vasitəçiylə verir. Həmin vədlər isə iş adamının ac qarnını doyurmaq gücündə deyil.
İş adamının dediyinə görə, müqaviləni Real MTX-nın o dövrdəki direktoru Məzahir Cəfərovla bağlayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun qaynı olan Məzahir Cəfərov sonradan dələduzluq ittihamı ilə həbsə atılıb. Məhkəmədə özünün günahsızlığını sübut edərək azadlığa çıxan M.Cəfərov daha sonra intihar edib. Alış Vəliyev Prezident İlham Əliyevin yeni Baş Prokuror Kamran Əliyevlə söhbəti zamanı səsləndirdiyi fikirlərə ümid bağlayaraq, şikayətinə qanunun aliliyi çərçivəsində baxılacağına inanır.
Hazırda müflis vəziyyətə düşmüş iş adamının Binədə liftdüzəltmə müəssisəsilə yanaşı, trikotaj fabriki də var. Bir zamanlar həmin fabriklərdə onlarla yerli sakin işləyirdi. İndisə pulsuzluq ucbatından müəssisələr fəaliyyətini dayandırıb. Qeyri-neft sektorunun gücləndirilməsinin hava və su qədər əhəmiyyət daşıdığı indiki zamanda İlham Qasımovdan alacağı halal pulunu bu müəssisələrə yatıracağını deyən iş adamı özünün aldadılmasının yalnız fərdi məsələ olmadığını düşünür: "Neçə ailə ümid yerini birgə çalışdırdığımız həmin müəssisələrə tikib. İlham Qasımov yalnız məni yox, həmin insanları da gündəlik çörəyə möhtac qoyub”.
Mənbə: Ovqat.com