SON XƏBƏR

"Mer" olmaq arzusu puça dönən Asif Əsgərov təşvişdə

May 10
11:31 2018
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov təşviş içərisindədir. 
 
Yaxın zamanlarda vəzifələrindən uzaqlaşdırılacaq İcra Hakimiyyəti başçılarının arasında onun da adının olduğu deyilir. 
 
Buna səbəb isə Asif Əsgərovun 2015-ci ildə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunduqdan sonra rayon ərazisində torpaqların kütləvi satışı, yaşıllıqların məhv edilməsi ilə gündəmə gəlməsidir. 
 
Hələ o zaman Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, "İrşad” İAM-ın direktoru Rafiq Əliyev mətbuata açıqlama verərək bildirirdi ki, tikinti üçün tələb olunan bütün lazımi sənədlər hazır olduqdan sonra 21 sentyabr 2015-ci il tarixində Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyətinin başçısının ünvanına rəsmi məktub ünvanlayıblar: "Həmin məktubda tikintiyə hazırlıq məqsədilə ərazinin qəbul olunmuş normalara əsasən hasara alınacağı barədə məlumat verilib. Sözügedən qurum məsələ ilə bağlı heç bir irad və etiraz bildirməyib, müraciətə yazılı cavab verməyib. Lakin bir neçə gündən - daha dəqiq desək, oktyabrın 18-də hasarlanma başa çatdıqdan sonra Nəsimi rayonu İcra Hakimiyyətinin əməkdaşları əraziyə gələrək hasarın çəkilməsinə etiraz edərək, 4 gün ərzində quraşdırılması başa çatmış hasarın söküləcəyini bildirib, Mənzil-Təsərrüfat İdarəsinin işçilərini və İcra Hakimiyyətinin strukturunda işləmələri haqda heç bir sənədi olmayan 20 nəfərədək "qoçu”nu həmin sahəyə göndərib. Onlardan heç birində rayon Təsərrüfat İdarəsinin işçisi olması haqda vəsiqələrinin olmadığı aşkarlanıb. Bir neçə günə hasarın Nəsimi rayonu İcra Hakimiyyətinin əməkdaşları tərəfindən söküləcəyi bildirilib. Bu gün isə əraziyə xüsusi briqada ilə gələn Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri hasarın dərhal sökülməsi üçün şifahi tapşırıq veriblər. Hadisə yerində olan əməkdaşımız göstərişləri verən şəxsə yaxınlaşaraq hasarın sökülməsi qərarının olduğu sənədi göstərməsini xahiş edib. Lakin həmin şəxs İcra Hakimiyyətinin əməkdaşı deyil, yoldan keçən vətəndaş olduğunu deyib. Hasarı sökmək üçün gələn briqadanın üzvləri üçün tapşırığı həmin şəxsdən aldıqlarını və Teyyub adlı həmin şəxsin rəisləri olduğunu deyiblər".
 
Rafiq Əliyev Nəsimi rayon İcra Hakimiyyətinin bu hərəkətinin qanunsuz olduğunu, hasarı sökməklə bağlı əllərində heç bir yazılı sənədin olmadığını deyərək, baş verənləri məmur özbaşınalığı adlandırmış və bununla bağlı bütün məsələlərin yalnız hüquq müstəvisində həll oluna biləcəyini bəyan etmişdi. 
 
Məlumata görə, bu hadisədən sonra Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərova PA-da ciddi iradlar bildirilmiş, rayon ərazisində fəaliyyət göstərən sahibkarlara qarşı qanunsuzluqlara bir daha yol verməməsi tapşırılmışdı. 
 
Ancaq Asif Əsgərovun sonrakı fəaliyyəti administrasiyada ona verilən ciddi tapşırıqların tez bir zamanda "unudulduğunu" göstərir. Əgər belə olmasaydı cənab prezident İlham Əliyevin xüsusi diqqətində olan Bakı şəhərinin müasirləşdirilməsi istiqamətində aparılan "pilot layihə" Nəsimi rayonunda maxinasiya mənbəyinə çevrilməzdi. Bu cür iddia ilə Nəsimi rayonu, Azadlıq prospekti 80 ünvanında yerləşən beşmərtəbəli binalarda yaşayan vətəndaşlar bir müddət öncə ölkə mətbuatına müraciət etmişdi. 
 
Vətəndaşların müraciətinə səbəb isə ərazidə tikinti aparacaq "Fədək” MMC adlı şirkətin rəhbərliyi barəsində olan faktlar idi. Belə ki, tikintini aparan Yavər Qurbanov adlı iş adamının köhnə dələduzluq əməllərinin üzə çıxması sakinlərin haqlı narahatlığına səbəb olmuşdu. Sakinlər bildirirdilər ki, Yavər Qurbanov bir müddət əvvəl dələduzluq əməlinə görə cinayət məsuliyyətinə cəlb olunub. Onun barəsində məhkəmə hökmü də var. İndi belə bir şəxsin gəlib insanları köçürməsi və onlara mənzillər vəd etməsinə inanan yoxdur.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun üzərində dələduzluq maddəsi olan birinə niyə bu cür layihəni həvalə etdiyinə cavab verən olmadı. 

Nəsimi rayonunda yaşıllıqların məhv edilməsi faktları da tez-tez mətbuatda yer alır. Məsələn, bir müddət öncə, rayonun 4-cü mikrorayon, Əlisgəndər İsgəndərov küçəsi, ev 7 ünvanında yerləşən 3 binanın həyətindəki hündür ağaclar naməlum "qovluqlu adamlar”ın iştirakı ilə kəsildiyi barədə məlumatlar yayılmışdı. Sözügedən binada yaşayan 500 nəfərdən çox sakinin etirazlarına baxmayaraq, ağackəsmə işləri dayanmamışdı.
 
Nəsimi rayonunda baş verən ağacların kütləvi kəsilməsi halları Ceyhun Səlimov küçəsi, 7-9 saylı binaların qarşısında da baş verib. Cari ilin mart ayında yaşıllıq ərazinin hasarlanması ilə bağlı sakinlərin Ekologiya Nazirliyinə ünvanladığı şikayət əsasında Nazirliyin Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən yerində araşdırma aparılmış, sözügən ünvanda 20 sot torpaq sahəsinin hasara alındığı və hasarlanmış ərazinin daxilində ümumilikdə yaş köküstə 32 ədəd müxtəlif cinsli ağacın (qovaq, sərv, söyüd, liqustur) olduğu məlum olmuşdu.

Ağacların qorunub mühafizə olunması və zədələnməsi hallarına yol verilməməsi, hasarın sökülərək ərazinin əvvəlki vəziyyətə gətirilməsi üçün Nəsimi rayon İcra Hakimiyyətinə telefonoqram göndərilməyinə baxmayaraq, yaranmış problemin aradan qaldırılması istiqamətində heç bir iş görülməyib. 
 
Nəsimi rayonunda ağacların kəsilməsi, torpaqların satılması faktlarının sayı-hesabı yoxdur. Bu barədə elektron media üzərində aparılan cüzi araşdırma da bunu aşkar formada göstərir. Bəs Nəsimi rayon İcra hakimiyyətinin başçısı Asif Əsgərovu bu cür qanunsuzluqlara sövq edən nədir?
 
Qlobal.az-ın əldə etdiyi məlumata görə, Asif Əsgərovun Nəsimi rayonunun ərazisindəki yaşıllıqlar olan ərazilərin iş adamlarına satmasının səbəbi onun tez bir zamanda vəzifədən uzaqlaşdırılması ilə əlaqədardır. Belə ki, uzun illərdən bəri Bakı Şəhər İcra hakimiyyətinin başçısı olmaq ümidi ilə yaşayan Asif Əsgərov son zamanlar bu ümidinin həyata keçməyəcəyinin fərqindədir.
 
Aprel ayının 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun vəzifəsindən uzaqlaşdırılmasından sonra Asif Əsgərovun bir müddətlik ümidləri yenidən oyansa da, ölkədə aparılan kadr islahatları, kadr korpusunun gəncləşdirilməsi gələcək "merin" bu ümidlərini yenidən "öldürüb". 
 
Qlobal.Az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook