SON XƏBƏR

"Mən şəhid qardaşımın büstünün yerində pivəxana açmamışam"

Avqust 21
13:24 2017
"Şəhid qardaşım Rəşid Bağırovun oğlu Xəyal Bağırovun mənim barəmdə yazdığı şikayət ərizəsini ikrah hissi ilə oxudum. Məlum oldu ki, guya mən şəhid büstü qoyulması üçün ayrılmış yerdə kafe - pivəxana tikmişəm, onların haqqına girmişəm. Obyekti sonradan satmışam".

Bu sözləri "Qaynarinfo"ya müraciət edən şəhid Rəşid Bağırovun qardaşı Məhərrəm Bağırov deyib.
 
Xəyal Bağırov ölkə.az saytına müraciətində Xətai rayonu, NZS qəsəbəsində şəhidlər üçün ayrılan park yerində şəhidin büstünün dağıdılaraq pivəxana açıldığını bildirmişdi. O, buna görə əmisi Məhərrəm Bağırovu günahlandırmışdı.
 
"Qaynarinfo"ya məktubla müraciət edən Məhərrəm Bağırov isə iddiaları təkzib edib: 
 
"Həqiqətən adamı insan edən əsas amil mənəvi dəyərlərdir. Sizə məndə formalaşmış bir fəlsəfə barədə söyləyim: insan ona məxsus iki mənəvi kateqoriyadan əziyyət çəkər, cəmiyyətdə hörmətsiz - rüsvay olar. Bunlardan biri nəfs, digəri hisslərdir. İki məhfum isə hörmət gətirər - biri iman, digəri ağıl. Vay o gündən ki, hisslər ağılın və nəfs imanın üzərində dominantlıq edə... Cəmiyyət o zaman eybəcərləşər, insanlar Xəyalın etdiklərinə bənzər hərəkətlər edərlər.
 
Mən şəhid ailəsi deyiləm. Əgər hər hansı imtiyaz nəzərdə tutulursa, şəhid ailələrinə şamil edilir. Hökumət qardaşım Rəşidin adını əbədiləşdirdi - adına küçə, şəhid ailəsinə ev verdi. Amma, büst və abidə milli qəhrəmanlara nəzərdə tutlmuş təsisatdır. Mən kiməm ki, dövlət adından çıxış edərək, büst qoyum, büst yerini mənimsəyim?
 
Mənim satdığım obyektin "Texniki pasport"u və "Çıxarış"ı olub, heç kimə aidiyyatı olmadığına görə özüm vicdanlı satıcı kimi, bir vicdanlı alıcı ilə notariusla alqı-satqı reallaşdırmışam. 25 il bu obyekt kafe kimi fəaliyyət göstərib. İndiyə qədər niyə bunların vicdanı sızıldamırdı, birdən-birə qeyrətə gəldilər?
 
Məlumat üçün bildirirəm ki, bu yazı həqiqəti əks etdirmir və real gerçəkliklərə əsaslanan arqumentlərlə sübuta yetirilməli və təkzib edilməli bir yazıdır. 
 
Sizdən xahiş edirəm ərizədə göstərilənlərə əlaqədar araşdırma aparmaqla, şəxsiyyətimə toxunan məqamlara işıq tutasınız".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook