SON XƏBƏR

Mən seçkiyə niyə getdim?

Yanvar 18
23:12 2020
Zahir Əzəmət (Rəhimov) 
 
Son günlər bu sual mənə tez-tez verilir: Sonluğun necə olacağını bilə-bilə, seçkiyə niyə getmişdin?..

Çətin sualdır, ətraflı izaha ehtiyac var.

Elə anlayışlar və dəyərlər var ki, sonluğun necə olmasından asılı olmayaraq, onu əldən-ələ, nəsildən-nəsilə ötürməliyik. Məsələn, elə ibtidai insandan üzü bəri bizə ötürülən, sönməyə qoymadığımız od kimi...

Elə ümid kimi... Demokratiyaya, seçkiyə, gələcəyə inam kimi...

Bu seçkidə istər imza toplama, istər artıq başlayan təbliğat-təşviqat dönəmində qapı-qapı düşən namizədlər də təsdiqləyə bilər: insanların seçkiyə inamı yox dərəcəsindədir, onların səsləri ilə nəyisə dəyişə biləcəklərinə ümidi yoxdur. Bu, çox təhlükəlidir. Hesab edirəm ki, bu işığı, bu ümidi sönməyə qoymamalıyıq. Əvvəl-axır nəsə alınacaq, bunun başqa, hansısa alternativ yolu yoxdur. Biz Avropanın bir parçası olmaq istəyiriksə, gedəcəyimiz başqa yol doğrudan da mövcud deyil. Ən azı, mən buna inanıram!

Hətta Azərbaycandakı seçkilər belə, heç olmasa insanların bir hissəsini fəallaşdırmağa, qış yuxusundan oyatmağa, ətrafındakı problemlərə diqqət yönəltməsinə vasitə ola bilər.

Təkamül uzun yoldur, ağrılıdır, amma mümkündür.

Təkcə hakimiyyətin yox, cəmiyyətin də dəyişikliklərə hazır olması lazmdır deyə düşünürəm. Bunun əksini düşünənlər bir də özünə sual versin: nə qədər fəaldır, nə qədər həm də başqalarının problemlərinin həlli, haqqlarının müdafiəsi üçün iş görür? Hanı kollektiv şüur? Toplum olaraq özümüzü vahid bir orqanizm kimi hiss edirikmi?

Doğrudanmı, hər addım atılanda yalnız qısamüddətdə əldə ediləcək nəticələri düşünməliyik?

Ölkə adına, dövlət adına elə mövzular var ki, onlar haqqında həm də strateji düşünmək lazımdır.

Ölkədə hansı istiqamətdə kiçik bir islahat istəyini belə - məhz buna görə dəstkləmək lazımdır. Ən azından prosesin doğru istiqamətdə getməsini stimullaşdırmaq üçün! Amma bu o demək deyil ki, haqqımızdan, hüquqlarımızdan vaz keçməliyik, yox. Hər şeyin öz adı var!

Mən seçkiyə bu düşüncə ilə getdim və bu düşüncə ilə də hüquqlarımın bərpası üçün sona qədər müqavimət göstərirəm. Mövzu təkcə namizədliyimin təsdiq olunub-olunmaması deyil. Sabah təsdiq olunsa belə, növbəti sual yaranacaq: mənim başqa namizədlərlə bərabər şərtlərlə mübarizə aparmaq haqqım necə olsun? Axı haqsız qərarlarla mənim təbliğat-təşviqat vaxtıma girildi. Deməli, təsdiqdən sonrakı məsələ budur: 45-ci dairədə seçkilər təxirə salınmalı, hər kəs eyni şərtlərlə, eyni start vəziyyətindən başlamalıdır. Nəticəsindən asılı olmayaraq, getdiyimiz yol bir presedent yaratmaq üçündür. Odu sönməyə qoymamaq üçündür!

Məncə verilən suala müəyyən mənada aydınlıq gətirə bildim.

İndi isə, yola davam!
 
Qeyd: Yazı müəllifin feysbuk səhifəsindən götürülüb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook