SON XƏBƏR

Məmmədovların aldatdığı sahibkarlar pullarını Trampdan istəyirlər?

Dekabr 11
02:49 2016
"Trump Tower Baku”nu tikən sahibkarlar: "Pullarımızı ala bilmirik...”

"Donald Trampın ABŞ-ın 45-ci prezidenti seçilməsi bizi çox sevindirdi. Biz – "Trump Tower Baku”nun tikinti işlərində iştirak etmiş 6 (altı) nəfər ümid edirik ki, nəhayət pulumuzu ala biləcəyik”.

Qlobal.az xəbər verir ki, bunu Avrasiya.net-ə 33 mərtəbəli "Trump Tower Baku”nun tikinti işlərində iştirak etmiş sahibkarlar Cavid Hüseynov, Elşad Eyvazov, Əli Ağayev və başqaları bildiriblər.

Sahibkarların sözlərinə görə, 2014-cü ildən "Trump Tower Baku”nun tikintisində onlara məxsus texnikalardan istifadə olunub. Onlar 2015-ci ilin iyul ayına qədər olan müddətdə göstərdikləri xidmətə görə haqlarını alıblar. Baxmayaraq ki, "Trump Tower Baku” ilə sahibkarlar arasında müqavilə olmayıb.

"Biz həmin xidmətləri sonrakı dövrdə də göstərməyə davam etmişik. Lakin 2015-ci ilin iyul ayından həmin ilin oktyabr ayınadək olan müddət üçün texnikaların icarə haqları və göstərilmiş bir çox xidmətlərin ödənişləri hələ də ödənilmir. Bizə çatacaq məbləğ ümumilikdə təxminən 26 min manatdır”, - sahibkarlar bildirir.

Sahibkarların göstərdiyi xidmətlərə gəlincə, bu sıraya xaricdən gətirilmiş ağacların sudaşıyan maşınlarla suvarılması; bina ərazisində olan zibil tullantılarının maşınlara yüklənərək ərazidən daşınması; tikinti obyektinə alınmış tikinti materiallarının maşınlardan boşaldılması və s. daxildir.

"İcarədarlar və bu işlərdə zəhmət çəkmiş sürücü və operatorlar bir ildən artıq müddət keçməsinə baxmayaraq hələ də öz halal pullarını ala bilmirlər. Ödənişlər əvvəllər "Garant Holdinq”ə daxil olan tikinti şirkəti (AZPOD MMC) tərəfindən ödənildiyi halda hazırda ödənişi heç kim etmir və məsuliyyəti də boynuna götürən kimsə yoxdur”, - onlar əlavə edib.

İcarədarlar onu da vurğulayıb ki, şirkətlə rəsmi icarə müqaviləsi bağlamadıqları üçün rəsmi qaydada heç bir dövlət orqanına müraciət edə bilmirlər.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook