SON XƏBƏR

Məhkəmə Beynəlxalq Bankın 3,3 milyardlıq borcu haqda nə qərar verəcək?

Fevral 19
10:28 2018
İqtisadçı-ekspertlər gözləntilərdən danışdılar
 
London Ali Məhkəməsinin Azərbaycan Beynəlxalq Bankının (ABB) öhdəliklərinin könüllü restrukturizasiyası çərçivəsində Rusiyanın dövlət bankı olan "Sberbank” və "Franklin Templeton Investment Management Limited” şirkətinin (FTİML) banka qarşı iddialarını təmin etməsi barədə yazmıqşdıq. "Sberbank” 2016-cı ildə ABB-yə ticarət maliyyələşdirilməsi ilə bağlı 20 milyon dollar həcmində kredit ayırmış, FTİML isə ABB-nin 2019-cu ilədək tədavüldə olacaq 500 milyon dollar məbləğində istiqrazlarını almışdı.  Ümumilikdə isə,  ABB 3,3 milyard dollar həcmində xarici öhdəliyin restrukturizasiyasını öhdəsinə götürüb. 
 
Bəs görəsən, ABB-yə qarşı çıxarılan qərardan sonra apelyasiya şikayətinin nəticəsi necə olacaq, məhkəmə hansı qərarı çıxara bilər? Məsələ ilə bağlı "Yeni Müsavat”a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bu prosesin hələ ki, yekunlaşmadığını bildirdi: "Məndə olan məlumata görə, hökumət, yəni  Maliyyə Nazirliyi Apelyasiya Məhkəməsinə müraciət edib. Beynəlxalq Bankın öhdəliklərinin restrukturizasiyası ilə əlaqədar başqa məsələlər də var. Qazaxıstanın da ABB-də borcu var və onlar da tələb edirlər ki, restrukturizasiya prosesində iştirak etsinlər. Hələ ki, bu məsələlər başa çatdırılmayıb. Çünki əks halda bank özəlləşdirilməyə çıxarılardı. Bank isə o zaman özəlləşdirilməyə çıxarılır ki, artıq tam təmizlənir, sağlamlaşdırılır və heç bir problemi qalmır. Yəqin ki, ABB də tam sağlamlaşdırıldıqdan sonra özəlləşdirilməyə çıxarılacaq. Hazırda hökumət, əsasən də Maliyyə Nazirliyi buna çalışır”.

İqtisadçı ekspert hüquqşünas Əkrəm Həsənov isə qeyd etdi ki, London məhkəmələri işə bir neçə aya baxır və qərarın hansı istiqamətdə olacağı da bəlli deyil: "Ümumən Beynəlxalq Bank, sadəcə, bəyanat verdi ki, London məhkəməsinin qərarından şikayət verib. Bu, London Ali Məhkəməsi deyil. İngilis məhkəməsinin adları, bizim adlara oxşamır. Orada ali məhkəmə deyil, yüksək məhkəmə adlanır və elə tərcümə edilməlidir. Həmin məhkəmədən şikayət verilib. Ali məhkəmə isə son instansiya sayılır və iş hələ ki, gedib ali məhkəməyə çatmayıb. Beynəlxalq Bankdan  bildirilir ki, şikayət verilib. Ancaq işə necə baxılacağı hələ bəlli deyil. İngiltərədə işlərə ümumiyyətlə, tez baxılmır. London Yüksək Məhkəməsinin qərar çıxartması da bir neçə ay çəkdi. Əslində ABB-nin öhdəliklərinin könüllü restrukturizasiyası haqda ötən ilin yay ayında qərar  qəbul edilmişdi. Bu şikayətlər də məlum banklar tərəfindən o zaman verilmişdi. Qərar isə neçə ay sonra çıxdı. Mən hesab edirəm ki, bu dəfə də qərarın verilməsi bir neçə ay çəkəcək. Bu gün Azərbaycanda çox adam fikir irəli sürür. Ancaq biz heç birimiz ingilis hüquq sistemi üzrə mütəxəssis deyilik və deyə bilmərik ki, o qərar necə olacaq. Mən beynəlxalq mətbuatda ingilis hüququnu bilən xarici mütəxəssislərin rəyini oxumuşam. Onlar Beynəlxalq Bankın şanslarını çox aşağı qiymətləndirirlər”.
 
Hüquqşünasın sözlərinə görə, böyük ehtimalla, apelyasiya məhkəməsi o qərarı qüvvədə saxlayacaq, bunun nəticələri isə dövlət üçün ağır ola bilər: "Bu da o deməkdir ki, Beynəlxalq Bankın öhdəliklərinin könüllü restrukturizasiyası ən azı məhkəməyə müraciət edən bank və şirkətə münasibətdə etibarsız hesab edilə bilər. Bunun nəticələri də çox ağır ola bilər. Birincisi, öhdəliklərin könüllü restrukturizasiyası haqqında qərarı öncə Azərbaycan məhkəməsi verib. Orada 3,3 milyard dollara aid bütün öhdəliklər nəzərdə tutulub. London Apelyasiya məhkəməsinin qərarından sonra isə belə hesab olunacaq ki, Azərbaycan məhkəməsi də qərarına yenidən baxmalıdır. İkinci nəticə isə ondan da ağır ola bilər. Beynəlxalq Bankın ötən ilin yayında öhdəliklərin könüllü restrukturizasiyasına razılıq verən kreditorları da fikrini dəyişə bilər. Beynəlxalq Bank adətən buna əsaslanır ki, son Apelyasiya məhkəməsindən neqativ qərar çıxarsa, sadəcə, o bank və şirkətin borcunu dərhal ödəməli olacaq. Ancaq nəzərə almır ki,  öhdəliklərin könüllü restrukturizasiyası vahid qərardır. Onun bir hissəsi etibarsız hesab ediləcəksə, razılıq verənlər də tələb edə bilərlər ki, məsələyə yenidən baxılsın”.
 
Ə.Həsənovun sözlərinə görə, hökumət 3,3 milyard dolları birdəfəlik qaytarmaq məcburiyyətində də qala bilər:"Ümumilikdə, Beynəlxalq Bankın borcu çoxdur. Sadəcə, onun içindən məhz 3,3 milyard dolları götürüb dövlətin üzərinə qoyublar, ancaq eyni şərtlərlə deyil, güzəştli şərtlərlə qoyulub. Yəni borcun bir hissəsi silinir, vaxt uzadılır, faizlər aşağı salınır və sair. Əlbəttə, əgər bu borc eyni şərtlərlə dövlətə keçsəydi, heç bir xarici kreditor bunu mübahisələndirməzdi. Çünki borcun beynəlxalq bankdan dövlətə keçməsi onlar üçün daha yaxşıdır. Sadəcə, şərtlərin dəyişməsi onları qane etmir. Əgər məhkəmənin qərarından sonra öhdəliklərin könüllü restrukturizasiyası məsələsinə yenidən baxılmasını ortaya qoysalar, bu, o deməkdir ki, dövlətimiz o 3,3 milyard dollar borcu olduğu kimi müəyyən edilmiş vaxtda qaytarmağa məcbur ola bilər. Bu da  dövlət büdcəsi üçün ağır yük deməkdir. Ötən ilin may ayına bu məsələ gündəmə gələndə mən dedim ki, ABB buna çox qeyri-peşəkar strategiya ilə yanaşır. Onlar bu məsələnin bütün incəliklərini araşdırmadılar. Ona görə də indi belə nəticələr ortaya çıxdı”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook