SON XƏBƏR

MediClub” pasiyentin başına necə oyun açıb? - Şikayət

Dekabr 13
08:51 2017
Eldar Kərimov adlı Bakı şəhər sakini 39-40 dərəcə ilə yerləşdirildiyi MediClub klinikasından şikayətçidir.

BakuPost.az xəbər verir ki, o, sosial şəbəkədə klinikada başına açılan oyunlar barədə yazıb və hamını həkim seçimində diqqətli olmağa çağırıb:
"29 noyabrda işdən evə gəlib, kompüter qarşısında oturmuşdum, qəfildən hərarətim 39-40 dərəcəyə çatdı. Bütün bədənim əsir, sümüklərim ağrıyırdı. Halımın pis olduğunu görüb, sığorta şirkətinə zəng edib, klinikaya getmək üçün müraciət etdim. 



Onlar MediClub-a getməyimi bildirdilər. Taksi ilə gecə 11-də MediCluba getdim. Məni növbətçi həkim, ətrafında cavan tibbi personalla qarşıladı. Sorğu sual edib "Vobşem, soyuqdəyməyə oxşayır, antibiotik vuraq tez-bazar keçsin” dedi. Bu, sözün açığı məni qorxutdu. Çünki həkim elə ayaqüstü diaqnoz qoydu, ikincisi belə bir klinikanın həkimindən "tez-bazar” sözünü eşitmək xoş olmadı. Gecəni palatada qaldım, səhər xeyli analizlər götürdülər. Mənə Sevda xanım yaxınlaşıb müalicə edəcək həkimim olduğunu və "soyuqdəymədəndir, bir-iki günə temperaturu salacağıq, hər şey yaxşı olacaq” dedi. Bu məni sevindirdi. Günün sonu ağzımın içində iki ağ nöqtə yarandı. Həkimə bunu deyəndə, "belə olur, keçəcək” cavabını verdi. 2-3 gün keçsə də, ağzımdakı o nöqtələr artır, böyüyür, yeməyimə içməyimə mane olurdu, hərarət isə 38-dən aşağı düşmürdü. Hər gün mənə antibiotik vurulurdu. Artıq yeyib içmir, haldan düşürdüm. 3-cü gün palataya həkimim girib "Hə, Kərimov, necəsən” soruşanda dedim ki, həkim gileylənməyi sevmirəm, amma pisəm, yaxşılaşmıram, müalicə çox uzanır. Həkimsə gülərək: "A kişi, gül kimi palatadır, uzan kef elə. Sığorta pulunu ödəyir, öz cibindən getmir ki. Dincəl, kef elə” deyəndə artıq dözmədim. Sanki mən Kanar adasında okean kənarında uzanıb kokteyl içirdim ki, kefə baxım.
 
Belə çıxdı ki, sığorta ödəyir deyə, ürəkləri istədikləri qədər uzada, fırlada bilərlər – vaxt nə qədər çox olsa, pul o qədər çox gəlir. Mənim üzərimdə pul qazanmaq asandır, amma səhhətimə vurulan zərər heç kimi maraqlandırmır.

2 dekabrda müalicə həkimim təzə diaqnoz tapdı: "Bilirsiniz, sizdə deyəsən soyuqdəymə deyil. Nəsə virusdur. Sabah tezdən qan analizləri götürüb bir də baxarıq”. Bunu palatada 4 gün yatandan sonra deyirlər, təsəvvür edin. Qan analizindən sonra mənə başqa bir qadın yaxınlaşdı ki, sizdə virus infeksiyasıdır, qərara gəlmişik ki, sizi MediClub hospitala göndərək, orda daha yaxşı müalicə olunacaqsınız.
 
Sual verəndə ki, bunu 5 gün keçəndən sonra deyirsiniz? – cavabında çiynini çəkib getdi. Sən demə, mən bu 5 günü hələ poliklinikada qalırmışam.
Nə isə, hospitala aparıldım, orda anestezioloq-reanimatoloq Vaqif həkim sorğu-sual apardı, yenidən qan analizi götürdülər və mənə başqa bir antibiotik yazıldı.
Mən dözməyib dedim ki, doktor, ola bilər, tibbi təhsilim yoxdur, əgər məndə virusdursa, antibiotik vurmağın nə mənası, mən artıq 5 gündür antibiotik alıram, vəziyyət daha da pisləşir.  4 gün idi ki, ac idim. Həkimə yeyə bilmədiyimi, iştaham olmadığını və ağzımdakı yaraların məni incitdiyini deyib, ümid etdim ki, nəsə xeyirli məsləhət verər. O isə, ” yemək lazımdır, ye” deyib, getdi.
 
Bu həkimin də düzgün diaqnoz qoymayacağından şübhələnib özüm internetdə simptomlarıma görə informasiya axtarmağa başladım. "Facebook”da həkimlər qrupuna yazdım, hamı bir ağızdan deyirdi ki, virusda antibiotik olmaz. Virusun nə olması dəqiq tapılmalıdır. Birdən beynimə fikir gəldi ki, əgər məndə virus infeksiyasıdırsa, niyə mənə infeksionist baxmır?
 
Tibb bacısını çağırıb infeksionist tələb etdikdə nə desə yaxşıdır: "Bizdə infeksionist yoxdur, amma siz istəsəz, çağırış edə bilərik”. Mən dedim ki, onu siz çağırmalısınız, çünki siz virusu tapmalısınız. Qısası, bir yaşlı həkim çağırdılar, o baxdı, sorğu sual etdi. Sonra bu həkimlə MediClub-ın bayaqkı həkimi arasında belə dialoq getdi: "Onda sadə herpesdir. Bu dərmanlar alınmalıdır. Antibiotik isə olmaz, niyə vurursunuz? Kəsin antibiotik lazım deyil”.  Digər həkim: "”Sovsem” kəsək doktor? "Bəli, tamam kəsin”.
 
İnfeksionist gedəndən sonra bu həkim yenə antibotik sisteminə davam edir. "Hər həkim öz sahəsinə cavabdehdir. O, infeksionistdir, mən risk edə bilmərəm. Hələ ki, sizdə dəqiq nə virusudur bilmirik. Temperaturu da antibiotik salır. Ona görə davam etməliyəm”.
 
Sabahı görəndə ki, temperaturum həminkidir, halım düzəlmir, siğorta şirkətinə məlumat verib, müalicədən imtina yazıb, klinikanı tərk etdim və Gömrük hospitalına "sığındım”. Çünki o klinika barədə hələ ki neqativ rəy eşitməmişdim, amma onlara da tam güvənmirdim. Orda 3 gün qaldım, diaqnozum herpes oldu, başqa dərmanlar yazdılar, vitamin C təyin etdilər. Qulağımla eşitdim, öz aralarında danışırdılar ki, niyə o biri həkimlər gözlə görünən herpesi görməyib, üstəlik immuniteti antibiotiklərlə zəiflədiblər. Sabahı iştaham gəldi, temperatur düşdü, ağız boşluğundakı səpkilər üçün qarqaralar etdim. Hətta birinci gün yeməkdən imtina edəndə, tibb bacısı kisel gətirib içməyə məcbur etdi. Halbuki MediClub-da personal görəndə ki, yemək qalıb, "yemirsinizsə, aparaq” deyirdilər. Heç kimi pasiyentin günlərlə ac, gücsüz qalması maraqlandırmırdı. Axı mən körpə uşaq deyiləm, kapriz edim. İki klinika arasında fərq çox idi. Amma məni narahat edən, MediClubdakı həkimlərin məsuliyyətsizliyi oldu. Xəstənin halı, vəziyyəti heç kimə maraqlı deyil, hətta siğortadan gələn pul belə bizə yox, yenə də səriştəsiz həkimlərə sərfəlidir. Həkim seçimində diqqətli olun. Başqa klinikaları bilmirəm, bundan sonra ayağım MediClub-a dəyməyəcək. Bütün ətrafımı da bu məsuliyyətsiz xəstəxanaya getməkdəm çəkindirəcəyəm”.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook