SON XƏBƏR

Məcburi köçkünlərin kommunal xərcləri: qərar var, ya yoxdur?

Yanvar 17
19:36 2017
Nazirlər Kabinetinin 22 yanvar 2002-ci il qərarına əsasən, məcburi köçkünlərin kommunal xərcləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin öhdəsinə düşür. Köçkünlərin elektrik enerjisindən, şəxsi istehlak və həyətyanı torpaq sahələrinin suvarılması üçün sudan, təbii qazdan, telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) və digər xidmətlərdən (məişət tullantılarının daşınması və s.) istifadə haqqı müvafiq xidmət təşkilatlarına mərkəzləşdirilmiş qaydada ödənir. Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən ayrılan aylıq müavinət də verilir.

2016-cı il dekabrın 14-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bəyan edib ki, məcburi köçkünlər istifadə etdikləri kommunal xidmət xərclərinin mərkəzləşmiş qaydada xidmət təşkilatlarına yox, vahid plastik kart vasitəsilə onların özlərinə verilməsini istəyirlər. Qeyd olunub ki, məcburi köçkünlərin müraciətləri nəzərə alınaraq onların istifadə etdiyi kommunal xidmətlərin dəyərinin plastik kart vasitəsilə onların özlərinə verilməsi məsələsi xeyli vaxtdır müvafiq dövlət qurumları ilə müzakirə olunur.

Bu məsələ nə yerdədir? Yanvarın 17-də Novator.az-ın sualını cavablandıran Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin beynəlxalq əlaqələr, informasiya, mətbuat xidməti departamentinin rəhbəri Elçin Qədimov bildirib ki, mərkəzləşdirilmiş sistemdən fərdi qaydada ödənişə keçidlə bağlı yenilik yoxdur: "Bu haqda mənə heç bir informasiya verilməyib. Hər hansı qərar verilsə, onu media ilə bölüşəcəyik”.

2017-ci il yanvarın 16-da mediada "Azərsu” ASC-nin məcburi köçkünlərin xidmət haqqı ilə bağlı elanı yayılıb. Elanda deyilir ki, 2017-ci ilin dövlət büdcəsində su və kanalizasiya xidmət haqqının mərkəzləşdirilmiş qaydada ödənişi nəzərdə tutulmur, 1 yanvar 2017-ci ildən bütün proqramlar üzrə məcburi köçkünlərə verilən güzəştlər (limitlər) ləğv edilib. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı mediaya bildirib ki, məcburi köçkünlərin su və kanalizasiya xidmət haqqının mərkəzləşdirilmiş qaydada ödənilməsi ləğv olunub: "Bundan sonra həmin vəsait pul şəklində büdcədən köçkünlərin öz hesablarına ödəniləcək. Köçkünlər həmin limitlər üzrə ödəniş haqlarını özləri "Azərsu”ya ödəyəcəklər”.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook