SON XƏBƏR

May ayında baş verən hadisə Arif Qasımovu bitirə bilər

İyun 14
10:14 2019
Bakı şəhərində ərazilərin satılması, məmurlar arasında bölüşdürülməsi geniş vüsət alıb. Bu neqativ hal xüsusən də paytaxtın Nizami rayonunda geniş miqyasda aparılır.

Bir neçə il öncədən başlayaraq rayonun mərkəzi hissəsini təşkil edən Qara Qarayev prospektinin hər iki tərəfindəki yaşıllıqlar məhv edilərək iş adamlarına satıldı. 
 
Ancaq ötən ay Nizami rayonunda baş verən və mətbuatda da dərc edilən biabırçı hadisə Qara Qarayev prospektində ərazi satışının hələ də davam etdiyini göstərir.

Qeyd edək ki, may ayının 11-də  Abdullayev Nağı və Qədimov İlham adlı iş adamlarının Qara Qarayev prospekti 32a ünvanında mövcud qeyri-yaşayış obyektinin yenidən qurulması üçün əraziyə mühafizə hasarı çəkməyə cəhd edərək tikinti işlərinə başlamaq üçün hazırlıq işləri gördüyü barədə məlumatlar yayıldı.

Mətbuatda kütləvi tirajlanan xəbərə Nizami rayon İcra Hakimiyyəti münasibət bildirərək obyektin tikintisinə verilən sənədlərə yenidən baxılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət etdiklərini dedilər.
 
Qlobal.az məsələ ilə bağlı maraqlı məlumatlar əldə edib.
 
Əldə etdiyimiz məlumata görə Qarayev prospekti 32a ünvanında mövcud qeyri-yaşayış obyektinin yenidən qurulmasına icazə Hacıbala Abutalıbovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olduğu zaman - 2018-ci ilin əvvəlində alınıb.
 
Yeni obyekt inşa etmək istəyən sahibkar Nağı Abdullayevin isə Nizami rayon İcra hakimiyyətinin başçısı Arif Qasımovun həmyerlisi olduğu deyilir. 
 
Həmin ərazidə 3 mərtəbəli ticarət mərkəzinin tikintisi nəzərdə tutulub. 
 
Qeyd olunan ərazidə tikintinin dayandırılmasına səbəb isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qanunsuz və eyni zamanda Bakı şəhərinin baş planına uyğun olmayan tikintilərin dayandırılması barədə verdiyi göstərişdir. 
 
Əldə etdiyimiz məlumata görə Hacıbala Abutalıbovun Bakı Şəhər İcra Hakimiyyətinə rəhbərlik etdiyi son dönəmlərdə tikinti üçün verdiyi bütün sərəncamlara yenidən baxılacaq.
 
Nizami rayonunda ərazilərin, parkların, yaşayış binalarının həyətinin, hətta metro stansiyalarının yaxın ətraflarının iş adamlarına satılması rayon icra hakimiyyətinin başçısı haqqında yuxarı instansiyalara çoxsaylı şikayət məktubları ünvanlanıb. 
 
Bu şikayət məktublarına və ötən ay Qara Qarayev metrosu ətrafındakı tikinti qalmaqalına görə Arif Qasımovun yaxın zamanlarda vəzifəsindən alınacağı gözlənilir.
 
Sonda onu da qeyd edək ki, tanınmış iş adamı Mürvət Həsənli sosial şəbəkədə Bəkir Çobanzadə küçəsi 25 ünvanında inşa edilmiş 3 mərtəbəli obyektə saxta sərəncamla qeyri-qanuni mansardın əlavə ediliyini yazıb.
 
İş adamının statusu onu deməyə əsas verir ki, Nizami rayonunda ərazilərin satılması ilə yanaşı, həm də mövcud obyektərin texniki göstəricilərinin dəyişdirilməsi halları var. 
 
Qlobal.az 
 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook