SON XƏBƏR

Maska və sipərə alternativ - Bahalı və şübhəli

İyun 29
04:35 2020
Bu gün bütün dünyada pandemiyanın qarşısının alınması üçün sosial məsafənin gözlənilməsi, maska taxılması tövsiyə olunur. Artıq bir çox ölkələrdə bütün bunlar məcburi hala gətirilib. Lakin bu gün maska, sipərə alternativ olaraq qorunmaq üçün daha yeni bir vasitəyə əl atılıb ki, bu da "Air Doctor" (hərfi mənası: hava həkimi) adlanır.

İddiaya görə, içi dərmandan ibarət olan kart formasında paketlənmiş bu vasitəni boyundan asaraq havadan gələ biləcək virusların qarşısını almaq mümkün olacaq. Bu vasitə həm virusların qarşısının alınması, təmizlənməsi, həm də dezodorasiyasıdır. Belə ki, "Air Doctor"un tərkibində olan bərk xlorid dioksid həmin şəxsin ətraf mühitini mikroorqanizmlərdən azad edərək, virusdan qorunmaq üçün bir şərait yaradır. Məlumata görə, xlor dioksid sırf Covid-19-la mübarizədə də ən böyük antibakterial təsirə malikdir. Bundan başqa, bu vasitə insan orqanizmi üçün az toksiklik dərəcəsinə sahibdir.

Sputnik Azərbaycan-ın məlumatına görə, artıq bu vasitənin COVİD-19 əleyhinə sınağı da uğurla həyata keçirilib. Bunların həm uşaq, həm də böyük üçün olanları satışa çıxarılıb.

Hazırda dünyada növündən asılı olaraq bu qoruyucu kartların qiyməti 4-6 dollar arasında dəyişilir. İlk dəfə olaraq Yaponiya texnologiyası ilə istehsal olunan və bazara çıxarılan bu məhsul artıq Azərbaycanda da satılır. Əksər apteklərdə olmasa da, artıq bəzi yerli apteklər bu vasitənin satışını həyata keçirir. Qiyməti 30 manat olan "Air Doctor"un nə dərəcədə qoruyucu olub-olmaması da maraq doğurur.

Əlaqə saxladığımız apteklər bu qoruyucu vasitələrin çox qısa zamanda ölkəmizdə satışına başlanıldığını və istifadə üçün zərərsiz olduğunu, isitfadəyə təsdiqləndiyini deyirlər: "Artıq bir aydır ki, "Air Doctor"un satışına başlamışıq. Öncəki günlərlə müqayisədə artıq alıcılıq qabiliyyəti daha yüksəkdir. Qiymət isə hələlik standart olaraq 30 manatdır".

Tibb üzrə ekspert Adil Qeybulla isə bu preparatların faydasının hələlik təsdiqlənmədiyini bilddirib:

"Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bu cür vasitələr ciddi olaraq qəbul edilmir. Hələlik koronavirusun profilaktikasında bu vasitənin effektivliyi təsdiqlənməyib. Onun tərkibində olan xlor dioksid də antiseptik effektə malik ola bilər. Buna qalsa, adi dezinfeksiyaedici məhlulların hamısı virusu öldürür. Amma bir məsələ də var, müəyyən toksiki maddələrin olduğu mühitdə oturmaq da insan səhhəti üçün düzgün deyil. Çünki belə hava ilə nəfəs almaq zərərlidir. Bundan başqa, ümumiyyətlə, virus havada yalnız bir neçə saniyə qalır. Əgər bir xəstə insan danışır, asqırırsa, öskürürsə belə, virus havada uzun müddət qalmır. Yəni, virus havada uzun müddət qalmır ki, bu vasitələr onu öldürsün”.

"Hətta açıq havada sosial məsafə gözlənilirsə, heç maska taxmağa da ehtiyac yoxdur. Virus hava-damcı yolu ilə insana keçir və onun hüceyrəsində yaşayır”, - deyə A.Qeybulla əlavə edib. 

Həkim COVID-19-la mübarizədə malyariya üçün nəzərdə tutulan preparatların da faydalı olduğu deyildiyini diqqətə çatdırıb: "Hazırda həmin preparat satışda olsa da, bunların heç biri birmənalı olaraq xəstəliyin müalicəsi və profilaktikası üçün qəbul olunmayıb”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook