SON XƏBƏR

Mariya Zaxarova Bakıya dostluq mesajı göndərir, yoxsa xəbərdarlıq?

Aprel 05
09:34 2019
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova "ONA” agentliyinə müsahibəsində Rusiya-Azərbaycan münasibətlərinin mövcud durumunu dəyərləndirib.

Mariya Zaxarova deyib ki, bu gün Rusiya və Azərbaycan siyasi, ticarət-iqtisadi, humanitar və digər sahələrdə aktiv dialoq aparan strateji tərəfdaşdır. Rusiyalı diplomat bildirib ki, Rusiya Azərbaycanın böyük ticarət tərəfdaşlarından biridir. Hiss olunur ki, Zaxarova müsahibəyə yaxşı hazırlaşıb. Çünki rusiyalı diplomat müsahibə boyunca xeyli statistik rəqəmlərə müraciət edib. Məsələn Zaxarova ticarət-iqtisadi və humanitar əlaqələrin dinamik inkişafından danışarkən bunları qeyd edib: "2018-ci ilin yanvar-noyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi 2,2 mlrd. ABŞ dolları təşkil edib. Bu göstərici 2017-ci ilin müvafiq dövri ilə müqayisədə 14 faiz çoxdur. Hal-hazırda Azərbaycanda 700-dən çox birgə müəssisə fəaliyyət göstərir. Rusiyada təhsil alan 11 minə yaxın azərbaycanlı tələbə var. Onlardan 1000 nəfərə yaxını dövlət büdcəsi hesabına təhsil alır. Hər il 200-dən çox Azərbaycan vətəndaşı təqaüd verilir”.

Mariya Zaxarova müsahibəsi boyunca Azərbaycanı gah strateji tərəfdaş, gah da strateji müttəfiq adlandırıb. Görünür, özü də bu məsələdə yekun qərar verə bilməyib. Onun bu cümləsi diqqəti cəlb edir: "İki ölkə liderinin 2018-ci ilin sentyabr rəsmi görüşündə Rusiya-Azərbaycan arasında strateji müttəfiqliyin yeni keyfiyyət səviyyəsinə çatdırılmasına dair razılaşmalar 5 yol xəritəsinin reallaşmasına yaxşı təkan verib”.

Ancaq münasibətlərdə heç də hər şeyin hamar olmadığına da Zaxarova eyham vurub. O, münasibətlərdəki məlum neqativ faktı xatırladıb: "Əlbəttə ki, ikitərəfli gündəmimizdə ayrıca problemli məqamlara da rast gəlinir ki, məlum olduğu kimi belə hallardan hətta ən yaxın dövlətlər arasındakı münasibətlər belə sığortalanmayıb. Onlardan biri – erməni kökənli Rusiya vətəndaşlarının Azərbaycana buraxılmaması ilə bağlı olan müntəzəm insidentlərdir. Hesab edirik ki, bu problem qarşılıqlı anlaşma əsasında həll ediləcək. Ancaq təkrar edirəm ki, Rusiya-Azərbaycan münasibətlərinin ümumi gedişatı çox yaxşıdır”. Münasibətlərin gediaştı yaxşıdırsa, niyə Rusiya XİN hər dəfə Azərbaycan əleyhinə eyni səpgili bəyanat yayınlayır?

Mariya Zaxarona Azərbaycanla əlaqəli iki mövzuya da münasibət bildirib.

Birincisi, Zaxarova deyib ki, "ABŞ və NATO-nun Cənubi Qafqazdakı hərbi fəaliyyətini Rusiya üçün ciddi hərbi-siyasi çağırış kimi qəbul edirik”. Bu bir növ bölgə ölkələrinə, o cümlədən Azərbaycana xəbərdarlıq mesajı mahiyyəti daşıyır. Vaxtilə belə xəbərdarlıqlar Moskvadan Baltikyanı ölkələrə də göndərilirdi. Bu gün həmin ölkələr NATO-nun üzvüdürlər. Gürcüstan da NATO üzvlüyünə çalışır. Azərbaycan da Rusiyanın istəyi ilə ABŞ və NATO ilə hərbi əməkdaşlıqdan imtina etməyib və etməməlidir.

İkincisi, Zaxarova deyib ki, "Qarabağ mövzusunun Azərbaycan üçün nə qədər ağrılı olduğunu yaxşı anlayırıq”. Zaxarova bununla əlaqədar olaraq Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda vacib mərhələlərdən biri 2008-ci ildə Moskva deklarasiyasının qəbul olunmasını xatırladıb. Rusiya XİN rəsmisi bildirib ki, Moskva deklarasiyası Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycan və Ermənistan rəhbərlərinin imzaları olan ilk və hələlik yeganə sənəddir. Həmin sənəddə tərəflərin Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri və normaları əsasında siyasi yolla nizamlanması və regionda sabitlik və təhlükəsizliyin bərqərar olmasını təmin etmək niyyəti açıq şəkildə ifadə olunub: "2016-cı ilin aprelində geniş miqyaslı silahlı toqquşmaları Rusiya, Azərbaycan və Ermənistan baş qərargah rəislərinin Moskvada əldə etdiyi razılıq sayəsində dayandırmaq mümkün oldu. O vaxtdan indiyə kimi sərhəddə və təmas xəttində nisbi sakitlik yarandı”.

Zaxarovanın dediyinin əksinə olaraq 2008-ci ildə imzalanan Moskva deklarasiyası çoxdan unudulub. Çünki həmin deklarasiya konkretlikdən uzaq idi. Doğrudur Azərbaycan və Ermənistan prezidentləri həmin deklarasiyanı Moskvada imzaladılar, ancaq sənəddə göstərilən bəndlər yerinə yetirilmədi. Əgər bu deklarasiya ciddi sənəd olsaydı 2016-cı ildə 4 günlük müharibə baş verməməli idi. Zaxarovanın 2016-cı ilin aprelindəki silahlı toqquşmaların Rusiyanın baş qərargah rəisinin vasitəçiliyi ilə qarşısının alınması fikrinə gəldikdə isə əslində bununla Moskva müttəfiqi Ermənistanı ağır məğlubiyyətdən xilas etdi. Moskvanın bu vasitəçiliyin Azərbaycana faydası olmadı. Çünki, daha sonra Moskva münaqişənin danışıqlar yolu ilə həllini sürətləndirmədi.

"Atlas” Araşdırmalar Mərkəzi



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook