SON XƏBƏR

Malkolm Honlayn: Azərbaycan dünyanın tolerantlıq mərkəzidir

May 18
19:13 2017
Azərbaycan həqiqətən dünyanın tolerantlıq mərkəzidir. Biz bunu yalnız sözdə deyil, gündəlik həyatda da müşahidə edirik.
 
Bu sözləri mayın 17-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ilə görüşündə Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavini Malkolm Honlayn deyib. Rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycana səfərinin məqsədinə toxunan qonaq Amerika yəhudi icmasının Azərbaycanda yəhudi məktəbinin inşasına investisiya qoymağı planlaşdırdığını diqqətə çatdırıb.
 
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bildirib ki, Azərbaycan tarixən çoxmədəniyyətli ölkə olub. Ulu öndər Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir. Müxtəlif sivilizasiyalar arasında tarixən oynadığı mənəvi körpü rolunu bu gün də layiqli şəkildə davam etdirən Azərbaycan bütün dünyaya göstərir ki, dini-mədəni müxtəlifliyin harmoniyasına əsaslanan cəmiyyət yaratmaq mümkündür və bu məfkurə yaşamağa qadirdir. Məhz bu möhkəm mənəvi bünövrə üzərində təşəkkül tapmış Azərbaycan uğurlu ideyalarını dünyaya yaymaq qüdrətinə malik dövlətə çevrilib. Əsası Ümummilli Lider tərəfindən qoyulmuş multikulturalizm siyasəti müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Dini və milli zəmində ekstremizm, ksenofobiya, islamofobiya, radikalizm, terrorizm təzahürlərinin tüğyan etdiyi, miqrant böhranı yaşandığı bir dövrdə Azərbaycan Prezidenti İlham Əliyev xalqımızın ənənəvi milli, tarixi irsinə söykənərək qlobal miqyasda ümumbəşəri ideyaların carçısı kimi çıxış edir.
 
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan QMİ sədri deyib ki, uzun illər davam edən, regionumuzda və dünyada sülhə təhdid olan bu münaqişə nəticəsində torpaqlarımızın 20 faizi işğal edilib, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkünə çevrilib.
 
Bakı və Azərbaycan arxiyeskopu Aleksandr, Azərbaycan dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev və digərləri bildiriblər ki, Azərbaycandakı tolerantlıq və multikulturalizm modeli indiki gərgin dünyada digər ölkələr üçün nümunədir. Azərbaycan tarixi prosesin bütün mərhələlərində multikultural dəyərlərin yaşandığı bir coğrafi məkan kimi tanınıb. Bu gün də burada sivilizasiyalararası və mədəniyyətlərarası dialoq, çoxəsrlik ənənələrə malik tolerantlıq mühiti, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri hökm sürür. Tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri var.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook