SON XƏBƏR

Mahir Abbaszadə: Ölkəmizdə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılır

İyun 21
12:17 2017
«Azərbaycan dövləti daim qaçqın və məcburi köçkünlərə qayğı göstərir. Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma torpaqlarını tərk etmiş insanları dövlətimiz daim diqqət mərkəzində saxlayır».
 
Qlobal.az xəbər verir ki, bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.
 
M.Abbaszadə bildirib ki, hər il dünyada 20 iyun tarixi Ümumdünya Qaçqınlar Günü kimi qeyd olunub. Onun sözlərinə görə, belə bir günün qeyd olunması bu kateqoriyaya aid insanların problemlərini beynəlxalq səviyyədə diqqət mərkəzində saxlamaqdır.
 
«Azərbaycan da belə bir problemi yaşayan dövlətdir. Ermənistanın hərbi təcavüzü nəticəsində 1 milyondan çox insan öz doğma yurdlarından didərgin düşüb. Bu insanların öz torpaqlarında yaşamaq hüququ bərpa edilməlidir. Dünyanın bir sıra ölkələrində də münaqişələr, qanlı toqquşmalar nəticəsində qaçqın vəziyyətinə düşən milyonlarla insan var. Beynəlxalq birlik, dünya dövlətləri bu problemə laqeyd yanaşmamalıdır. Bu kateqoriyaya aid insanların normal həyat səviyyəsi təmin olunmalıdır. Azərbaycan bu baxımdan digər ölkələr üçün nümunə ola bilər. Ölkəmizdə qaçqın və məcburi köçkünlərin  həyat şəraitinin yaxşılaşdırılması yönündə ciddi addımlar atılır. Ümumilikdə indiyədək 95 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksi salınıb. Bunun da 95 faizi son 13 ildə inşa edilib. Görülən işlər nəticəsində 50 min ailənin və ya 250 min nəfər qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Bu yöndə işlər davam etdirilir. Belə ki, bu il Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün dördmərtəbəli 34 yaşayış binasının tikintisinin başa çatdırılması gözlənilir. Artıq Abşeron rayonunun Masazır və Ramana qəsəbələrində yaşayış binalarının tikintisinə başlanılıb, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksinin təməli qoyulub. Təbii ki, bu qayğını məcburi köçkünlər minnətdarlıqla qarşılayır. Amma biz bilirik ki, bunlar müvəqqətidir. Bu insanlar öz doğma torpaqlarına qayıdacaqlarına inanırlar. Dövlətimizin həyata keçirdiyi siyasət həmin günü yaxınlaşdırır. Bu günlərdə cənab Prezident İlham Əliyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər etməsi bu inamı daha da gücləndirir. Məcburi köçkünlər əmindirlər ki, dövlət başçısının qətiyyətli siyasəti nəticəsində doğma torpaqlarına qayıdacaqlar və quruculuq işləri həmin torpaqlarda da reallaşacaq»- deyə, M.Abbaszadə vurğulayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook