SON XƏBƏR

"“Mafioz, xeyriyyəçi, yoxsa siyasi oyunbaz?! – Elkaponenin növbəti ucuz və şübhəli reklam tryuku…” başlığı altında dərc edilmiş məqalə həqiqəti əks etdirmir" - TƏKZİB

Yanvar 12
00:45 2019
"Mafioz, xeyriyyəçi, yoxsa siyasi oyunbaz?! – Elkaponenin növbəti ucuz və şübhəli reklam tryuku…” başlığı altında dərc edilmiş məqalə həqiqəti əks etdirmir.
 
Bu sözlər azərbaycanlı iş adamı Elkaponi Frenk Naxiçevanskinin (Füzuli Məmmədov) vəkili Abbas Kərimbəyli tərəfindən "Şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyən məlumatların məhkəmə qaydasında təkzib olunması və onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciətdə deyilir.
 
Qlobal.Az iddia müraciətin məzmununu oxucuların diqqətinə çatdırır:
 
"15 dekabr 2018-ci il tarixdə, saat 23:40-da Qlobalinfo.Az Xəbər Portalının "Qlobal.az” internet saytının səhifəsində "azpolitika info” internet saytının səhifəsində dərc olunmuş məqalə mənbə kimi istifadə olunaraq, "Mafioz, xeyriyyəçi, yoxsa siyasi oyunbaz?! – Elkaponenin növbəti ucuz və şübhəli reklam tryuku…” başlığı altında məqalə dərc olunmuşdur.
 
Bu məqalədə Elkaponi Frenk Naxiçevanskinin (Füzuli Məmmədov) adı özünü milyonçu və böyük xeyriyyəçi kimi təqdim etməkdə, Azərbaycanda siyasi iddialara düşməkdə, çirkin siyasi qazanc əldə etməkdə, siyasi lider olmaq həvəsinə düşməkdə, şəxsi maraqlarına görə hətta adını və soyadını dəyişə bilən birinin Vətəninə, millətinə bağlılığına inanmağın çətin olmnasında, xeyriyyəçi görüntüsü yaradan addımlarının arxasında başqa məqsədlərin dayanmasında, utanc verən özünüreklam tryukları etməsində, şəhid varislərinə 11 min manat təzminat verilməməsinə görə dövləti günahlandırmaqda və s. hallandırılmışdır.
 
"Məqalələrdə dərc olunanlarla bağlı öncə qeyd etmək istəyirik ki, Elkaponi Frenk Naxiçevanskinin (Füzuli Məmmədov) 100 şəhid varisinə 11 min manat verməyə hazır olması məqalədə siyasi don geyindirilməyə çalışıldığı kimi Prezident fərmanı ilə Şəhid varislərinə 11 min manat təzminat verilməsini "dövlətin məsuliyyəti”, "Azərbaycanın şəhidinə hörmətsizliyi” donuna salmaq, öz siyasi məqsədlərinə alət etmək və "hakimiyyətin öz öhdəliyini yerinə yetirməməsi” düşüncəsizliyini göstərmək deyil, bunun tam əksinə olaraq daim Azərbaycan xalqına yaxın olmasının, vətənpərvərliyinin, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirələrinin əziz tutulmasının, şəhid analarını öz anası hesab etməsinin və ölkə Prezidentinin daxili və siyasətini, eyni zamanda onun tərəfindən verilən fərman və sərəncamlarına tərəfdar çıxmasının və dəstəkləməsinin nümunəsidir. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Prezidentinin Fərman və Sərəncamlarının icrasının yüksək səviyyədə həyata keçirildiyi və şəhid ailələrinə 11 min manatın dövlət büdcəsi hesabına ödəniləcəyi də, hər bir azərbaycanlı kimi  Elkaponi Frenk Naxiçevanskiyə yaxşı məlumdur.
 
Belə ki, Elkaponi Frenk Naxiçevanski müsahibəsində də, bildirmişdir ki, "Heç bir şübhəm yoxdur ki, haqqı çatan insanlar bu müavinəti dövlətimiz tərəfindən alacaqlar. Azərbaycan dövlətinin iradəsi də, imkanı da buna çatır. Amma ortada məmurların səhlənkarlığı, məsuliyyətsizliyi açıq hiss olunur. Son illər biz şəhid və qazi ailələrinə dövlətin qayğısının, diqqətinin şahidi oluruq. Ölkə başçısının bu mövzuya nə qədər həssas olduğunu mən çox yaxşı bilirəm. Bir neçə gün öncə də cənab Prezident tərəfindən bir qrup Qarabağ qazisi və şəhid ailəsinə yeni mənzillər təqdim edildi. Bildiyim qədəri ilə bu qəbildən olanların övladlarına təhsildə də güzəştlər var. Bütün bunlar dövlətin bu məsələdə ardıcıl siyasət aparmasının göstəricisidir. Görəndə ki, şəhid anaları vəsaitin ödənməsi üçün idarə qapılarında qalıb, qanun gərəyi bunun üçün müəyyən prosedurlardan keçilməlidir, üstəlik proses ağrılı davam edir – ailələrin sosial durumu gözləməyə imkan vermir, xoş niyyət göstərib həmin ailələrin müəyyən hissəsinin ehtiyaclarını ödəməyə hazır olduğumu bildirdim. Çox təəssüf ki, kimlərsə bundan narahat oldular və mediada mənə qarşı kampaniya başladıldı”.
 
Bundan başqa Elkaponi Frenk Naxiçevanski tərəfindən xeyriyyəçilik məqsədi ilə 13 Qarabağ qazisinə ev bağışlanmışdır. Həmin vaxt Frenk Elkaponinin Qarabağ qazilərinə ev hədiyyə etməsi onun Qarabağ qazilərinə olan qayğısı və diqqəti kimi qiymətləndirilərək, kütləvi informasiya vasitələrində onun barəsində vətənpərvərliyini əks etdirən bir çox məqalələr dərc edilmişdir. Hazırda isə həmin hadisədən xeyli müddətin keçməsinə baxmayaraq, internet saytlarında Frenk Elkaponinin şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən "Sağ olsun, lap yaxşı. Ancaq anlaya bilmirəm, 3 Qarabağ qazisinə ev bağışlamaq üçün niyə dövlətin 400 qazi üçün tikdirib, istifadəyə verdiyi kompleksin açılışını gözləyirsiniz ki!” kimi əsassız məqalələr dərc edilir.
 
Eyni zamanda Elkaponi Frenk Naxiçevanskinin Cocuq Mərcanlı azad ediləndə bu qəsəbənin qurulmasına vəsait ayırmağa hazır olduğunu bildirməsi doğma vətəni olan Azərbaycanın ərazi bütövlüyünün onun üçün olduqca önəmli və əziz olduğunu, həmçinin vətəninin inkişafı və çiçəklənməsi üçün bütün imkanlarından istifadə etmək istəyini göstərsə də, sayt tərəfindən dərc edilən məqalədə "Cocuq Mərcanlıya dəstək olmaq niyə məhz Prezident sərəncamı ilə o qəsəbənin inkişafına onmilyonlar ayrılandan sonra xatırlanır?” kimi çirkin yazılar yazılmışdır. Hansı ki, məlum olduğu kimi, Cocuq Mərcanlı düşmən tapdağı altında olmuş və sözsüz ki, orada qəsəbənin qurulmasına həmin vaxt deyil, məhz Mötərəm Prezident İlham Əliyevin apardığı uğurlu hərbi siyasətin nəticəsində düşmən tapdağından azad olunduqdan sonra hər hansı vəsaitin ayrılması mümkündür.
 
"Mafioz, xeyriyyəçi, yoxsa siyasi oyunbaz?! – Elkaponenin növbəti ucuz və şübhəli reklam tryuku…” başlığı altında dərc olunmuş məqalədə Elkaponi Frenk Naxiçevanskinin Azərbaycanda siyasi iddialara düşməsi çirkin siyasi qazanc əldə etməsi siyasi lider olmaq həvəsinə düşməsi,  şəxsi maraqlarına görə hətta adını və soyadını dəyişməsi, Cəbrayıl rayonun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə 3 milyon manat ayıracağı barədə vəd verərək sözünü tutmaması, onun 3 milyonluq vədi özünə "xal” toplamaqdan başqa bir şey deyilmiş! barədə yazılanlarla bağlı isə bildirilməlidir ki, Elkaponi Frenk Naxiçevanski həqiqətən də, Cocuq Mərcanlı kəndinə 3 milyon manat ayırmaq niyyətində olmuş, lakin ona dövlət rəsmiləri Cocuq Mərcanlıya maddi dəstəyə heç bir ehtiyac olmadığı, dövlətin bunu özünün etdiyini deyiblər və Müdafiə Nazirliyinin təklifi ilə o, qazilərə dəstək göstərməyə başlayıb. Həmçinin, Elkaponi Frenk Naxiçevanskinin Azərbaycanda hər hansı siyasi iddiası və siyasi lider olmaq həvəsi və niyyəti olmamışdır. Belə ki, siyasi iddialı olan və siyasi lider həvəsinə düşən şəxs Azərbaycan Respublikasının vətəndaşı olmalı və ya ən azından Azərbaycan vətəndaşlığına qəbul edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanına bu barədə müraciət etməli idi. Hansı ki, Elkaponi Frenk Naxiçevanskinin pasportundan göründüyü kimi, o, Rusiya Federasiyasının vətəndaşıdır və Azərbaycan vətəndaşlığına qəbul edilməsi üçün hər hansı orqana müraciət etməmişdir. Bu faktlar özlüyündə məqalədə yazılan məlumatların yalan və böhtan olduğunu təsdiq edir. 
 
Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 55-ci maddəsinin (Dövlətin idarə olunmasında iştirak etmək hüququ) I hissədsinə əsasən "Azərbaycan Respublikası vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququ vardır. Bu hüququ onlar bilavasitə və ya nümayəndələri vasitəsi ilə həyata keçirə bilərlər”.
 
Göründüyü kimi Azərbaycan Respublikası Konstitusiyası ilə dövlətin idarə olunmasında yalnız Azərbaycan Respublikası vətəndaşlarının iştirak etmək hüququnun olduğu müəyyən edilmiş, əcnəbilərin və vətəndaşlığı olmayanların isə dövlətin idarə olunmasında iştirakı nəzərdə tutulmamışdır. 
 
Həmçinin, Elkaponi Frenk Naxiçevanskinin bu adı və soyadı qəbul etməsinin  Amerika qanqsteri Al Kaponeyə heyranlığı ilə hər hansı əlaqəsi yoxdur. Belə ki, bu həqiqətən ona olan heyranlığı ilə bağlı olsa idi o halda Elkaponi deyil, Al Kapone soyadını qəbul edərdi. 
 
Məqalədə yazılan "İş adamını hələ gənclik illərindən tanıyanların iddialarına inansaq, onun adını və soyadını əslində birinci nikahdan sonra şəxsi biznes maraqlarına görə dəyişdiyini söyləyə bilərik. Belə ki, azərbaycanlı iş adamının birinci həyat yoldaşının İtaliya əsilli olduğu və Elkapone soyadını daşıdığı bildirilir…” kimi həqiqətə uyğun olmayan məlumatla bağlı da, bildirilməlidir ki, Frenk Elkaponinin İtaliya əsilli həyat yoldaşı olmamış və bu adın qəbul edilməsinin ümumiyyətlə hər hansı İtaliya əslli xanımla hər hansı əlaqəsi yoxdur.
 
Məlum olduğu kimi, hər kəs öz adını və soyadını dəyişdirmək hüququna malikdir. Hesab edirəm ki, bunu "şəxsi maraqlarına görə hətta adını və soyadını dəyişə bilən birinin Vətəninə, millətinə bağlılığına inanmaq bir qədər çətindir” kimi, don geyindirərək siyasiləşdirmək, jurnalist etikasına yaraşmayan çirkin niyyətin göstəricisidir.   
 
Bununla yanaşı məqalədə "İllər öncə Fizuli Məmmədov kimi deyil, Frenk Elkapone kimi tanınmağa çalışan iş adamının sonradan italiyan adından imtina etməsi də məhz onun Azərbaycanda siyasi iddialara düşməsindən sonraya təsadüf edir” yazısı ilə bağlı bildirmək istərdim ki, Fizuli Məmmədovun adı və soyadı bir dəfə dəyişdirilərək, Elkaponi Frenk Naxiçevanski qəbul edilmiş və sonradan həmin ad və soyaddan imtina edilməmişdir. Belə ki, bu fakt tərəfimizdən məhkəməyə təqdim edilmiş Elkaponi Frenk Naxiçevanskinin pasportunun surəti ilə də təsdiq edilir. 
 
Qeyd olunanlardan göründüyü kimi Frenk Elkaponinin barəsində yazılanların heç bir əsası yoxdur və böhtan xarakterlidir. 
 
Hesab edirəm ki, Axar.az Operativ xəbər portalının ("axar.az”), AzPolitika Gündəlik Siyasi İctimai Onlayn Qəzetinin ("azpolitika info”) və Qlobalinfo.Az Xəbər Portalının ("Qlobal.az”) Frenk Elkaponinin barəsində ictimailəşdirməyə çalışdığı yanlış və böhtan xarakterli məlumatlar yalnız siyasi məqsədlər güdür və hansısa şəxslərin diskreditasiyasına yönəlmişdir. Belə ki, Elkaponi Frenk Naxiçevanskinin xeyirxahlıq əməlləri məqalədə qeyd edildiyi kimi "Prinsiplə”, "hikkə ilə”, "inadına” deyil, tam əksinə olaraq vətəninə və xalqına olan sevgisi, böyük hörməti və sadiqliyi ilə həyata keçirilir. 
 
Belə ki, cavabdehlər Elkaponi Frenk Naxiçevanskinin müxtəlif vaxtlarda söylədikləri müsbət fikirləri tamamilə konteksdən çıxararaq onun mahiyyətini bilərəkdən və məqsədyönlü şəkildə öz saytlarında təhrif etməyə cəhd göstərirlər.
 
Bununla əlaqədar məhkəmənin diqqətinə çatdırmaq istərdik ki, Axar.az Operativ xəbər portalının "axar.az” internet saytının ana səhifəsində "Erməni milyarder edir, Elkapone isə "meydan oxuyur...” başlığı altında, AzPolitika Gündəlik Siyasi İctimai Onlayn Qəzetinin "azpolitika info” və Qlobalinfo.Az Xəbər Portalının "Qlobal.az”  internet saytlarının ana səhifələrində "Mafioz, xeyriyyəçi, yoxsa siyasi oyunbaz?! – Elkaponenin növbəti ucuz və şübhəli reklam tryuku…” başlığı altında dərc edilmiş məqalələrə təkzib verilməsi vacib və məqsədəuyğundur. Belə ki, bu cür yanlış və böhtan xarakrerli məlumatlar Elkaponi Frenk Naxiçevanskinin (Füzuli Məmmədov) şərəf və ləyaqətini ləkələməklə bərabər, eyni zamanda işgüzar nüfuzuna xələl gətirir, bununla yanaşı vətəndaşları düzgün və obyektiv məlumat almaq hüquqlarından məhrum etməklə onlarda mənfi fikir formalaşdırır.
 
Bununla yanaşı bildirirəm ki, mənim tərəfimdən mütəmadi olaraq öz şəxsi vəsaitim hesabına xeyriyyəçilik məqsədləri ilə aztəminatlı ailələrə, uşaq evlərinə və s. yardımlar edilir və bundan sonra da, bu missiya Allahın izni ilə davam etdiriləcəkdir”.
 
Redaksiyadan:
 
Hörmətli oxucuların diqqətinə çatdıraq ki, biz Qlobal.az İnformasiya Portalı olaraq ölkəmizdən kənarda yaşayan-yaradan, qəlbi daim gözəl vətənimiz olan Azərbaycanla döyünən, vətənin ağır günündə insanlarımıza maddi-mənəvi yardımlar edən hər bir soydaşımızla qürur duyur, onlarla fəxr edirik. Bu cür həmvətənlərimizdən biri də, uzun illərdən bəri xaricdə yaşamasına baxmayaraq, ölkəmizdə gedən ictimai-siyasi prosesləri diqqətlə izləyən və xeyli sayda insanlara maddi və mənəvi dəstək olan Elkaponi Frenk Naxiçevanskidir (Füzuli Məmmədov). Bizim Qlobal.az İnformasiya Portalı olaraq, hörmətli Elkaponi Frenk Naxiçevanskiyə qarşı heç bir qərəzimiz yoxdur. Əksinə, çox kiçik imkanlar çərçivəsində fəaliyyət göstərən saytımızda hörmətli iş adamının vətənimiz, insanlarımız üçün həyata keçiridiyi işləri işıqlandırmağı həmişə hazırıq və bunu özümüzə mənəvi borc bilirik. 
 
Elkaponi Frenk Naxiçevanskinin (Füzuli Məmmədov) barəsində bəhs edilən adıçəkilən məqalənin saytımızda dərc edilməsinə görə dərin təəssüf hissi keçirir və hörmətli iş adamına uğurlar arzulayırıq.

Qlobal.az





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook