SON XƏBƏR

“L’Opinione”: “Jerusalem Post” Azərbaycandakı multikulturalizmdən və Ermənistandakı antisemitizmdən yazır

İyun 21
15:13 2017
İtaliyanın "L’Opinione” qəzetində tədqiqatçı-jurnalist Domeniko Letizianın "Jerusalem Post” qəzeti Azərbaycandakı multikulturalizmdən və Ermənistandakı antisemitizmdən yazır” adlı məqaləsi dərc olunub.
 
Yazıda israilli siyasi şərhçi və ekspert Arye Qutun Azərbaycandakı multikulturalizmlə bağlı bu günlərdə "Jerusalem Post” qəzetində dərc olunmuş məqaləsindən bəhs edilir.
 
Məqalədə deyilir: "İsrailin gündəlik "Jerusalem Post” qəzeti Azərbaycandakı multikulturalizmin təhlilinə israilli siyasi şərhçi Arye Qutun müəllifi olduğu əhəmiyyətli bir məqalə həsr edib. Məqalədə müəllif xüsusi olaraq Azərbaycan xalqının həyatında tarixən təşəkkül tapmış özünəməxsus tolerantlığa diqqət yetirir, bu yanaşmanın milli kimlik, dil və dini mənsubiyyətindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının əsas xarakterik xüsusiyyəti olduğunu vurğulayır.
Azərbaycan çoxsaylı etnik və dini qrupların yaşadığı müsəlman çoxluğa malik bir ölkədir. Bu qruplar arasında qədim zərdüştlük, xristian və yəhudi icmalarını qeyd etmək olar. Etnik və dini azlıqlara dözümlülük və hörmət qədim zamanlardan başlayaraq müasir günümüzədək ölkənin həyatında fundamental rol oynamışdır. Azərbaycanın dini dözümlülüklə bağlı ənənəsi Sovet İttifaqının dağılması zamanı sınağa çəkilmişdir. Belə tarixi şəraitdə Ermənistan Azərbaycan ərazilərinin təxminən 20 faizini işğal etmiş, 1 milyon qaçqın və məcburi köçkünlə nəticələnən etnik təmizləmə aparmış və Xocalı şəhərində qanlı qırğın törətmişdir. Lakin Dağlıq Qarabağ münaqişəsinə baxmayaraq, dinc yanaşı yaşama dəyərləri müxtəlif etnik və dini azlıqlar arasında harmoniyanı qoruyub saxlayan Azərbaycan cəmiyyəti üçün xarakterik olmaqda davam etmişdir.
 
Ermənistan dövləti antisemitizm əhval-ruhiyyəsinə görə postsovet məkanında birinci yeri tutur. "Anti-Defamation League” təşkilatının 2014-cü ilin iyun ayında apardığı sorğu Ermənistanda antisemitizm əhval-ruhiyyəsinin həddindən çox artdığını göstərmişdir. Ermənistanda 2,2 milyon əhalinin təxminən 1,3 milyonu antisemitizm əhval-ruhiyyəsini ifadə və tətbiq edir. Bu göstərici Ermənistanın dünyada antisemitizmin ən yüksək səviyyəsi olan ölkələrdən biri olduğunu göstərir.
Ermənistan şovinizm, milliyyətçilik və antisemitizmin yüksəlişinin Sarkisyan rejiminin apardığı siyasətin ayrılmaz tərkib hissəsi olduğu monoetnik ölkədir. Qeyd edək ki, belə yanaşma müasir Ermənistan Respublikasının hazırkı dövlət qurumlarına xasdır. Təsadüfi deyil ki, Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan və keçmiş müdafiə naziri Seyran Ohanyan antisemit general Qaregin Njdeyə həsr olunmuş abidənin açılış mərasimində iştirak etmişlər.
 
Azərbaycan dövlətində isə vəziyyət tam başqadır. Bu Qafqaz ölkəsində yəhudi icması ilə yüksək səviyyəli dostluq mövcuddur. Prezident İlham Əliyevin dəstəyi ilə iki sinaqoq və Cənubi Qafqazda ən böyük Yəhudi Təhsil Mərkəzi tikilmişdir. Bundan əlavə, ilk yəhudi-Azərbaycan muzeyinin tikilməsi üçün işlərə başlanılmışdır. Bu, bütün Cənubi Qafqazda ilk yəhudi muzeyi olacaq.
 
Azərbaycanın Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi beynəlxalq müzakirələrin aparılması vasitəsilə bu gün təqdim etdiyi dini tolerantlıq və dünyəvilik modeli tanınır. Forumu dəstəkləyənlər arasında UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və Azərbaycan Hökuməti var”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook