“Ölkəmizə qarşı destruktiv qüvvələrin təzyiqi də artır” – Səməd Seyidov
Oktyabr 31
16:12
2019
"Azərbaycanın beynəlxalq münasibətləri inkişaf etdikcə, dünyadakı rolu artdıqca, mövqeyi möhkəmləndikcə ölkəmizə qarşı destruktiv qüvvələrin təzyiqi də artır. Təəssüf ki, bu münasibət beynəlxalq təşkilatlarda, hansısa ölkələrdə fəaliyyət göstərən qurumlarla kifayətlənmir, o cümlədən daxildən də bu cür qüvvələr çalışırlar ki, ölkəmizin münasibətlərinə xələl gətirsinlər. Xüsusilə, Azərbaycanın Avropa İttifaqı ilə inkişaf etdirdiyi münasibətlərinə xələl gətirmək istəyən qüvvələr göz qabağındadır”.
"Report”un xəbərinə görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, Azərbaycan danışıqlar prosesini ən yüksək səviyyədə aparır və Avropa İttifaqına daxil olan ölkələrlə birbaşa strateji əməkdaşlıq müqavilələri imzalayır: "O cümlədən Avropa İttifaqının özü ilə də münasibətlər ən yüksək səviyyədə təşkil olunub. Qeyd edilən destruktiv qüvvələr səfirliklərə, beynəlxalq təşkilatların Bakıda fəaliyyət göstərən nümayəndəliklərinə müraciət edərək müxtəlif görüşlər keçirir, həmin təşkilatların və səfirliklərin mövqelərini təhrif edərək öz maraqları baxımından təqdim edirlər. Bu qüvvələr belə təxribatçı addımlar atmaqla Azərbaycanın həm beynəlxalq təşkilatlarla, həm də ayrı-ayrı ölkələrlə münasibətlərini gərginləşdirmək məqsədi güdürlər. Bu, açıq-aydındır”.