SON XƏBƏR

Leyla Əliyeva film təqdimatında (FOTOLAR)

Aprel 04
00:26 2018
Aprelin 3-də Nizami Kino Mərkəzində IDEA İctimai Birliyinin xüsusi layihəsi olan "Azərbaycanın 9 möcüzəsi” silsiləsindən "Abşeron Milli Parkı” sənədli filminin təqdimat mərasimi keçirilib.

Qlobal.az AzərTac-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirdə iştirak edib.

Filmin təqdimatından əvvəl Leyla Əliyeva "Abşeron Milli Parkı” filminin rejissoru İqor Bışnyovun çəkilişlər zamanı lentə aldığı fotolardan ibarət sərgi ilə tanış oldu. Sərgidəki stendlər "Azərbaycanın zirvələri”, "Azərbaycanın faunası”, "Yırtıcı quşlar”, "Su dünyası”, "Azərbaycanın florası”, "Azərbaycanın Qırmızı Kitabı”, "Köçəri quşlar”, "Çəkiliş zamanı” bölmələrini əhatə edir.

Filmin təqdimat mərasimi IDEA Heyvanlara Qayğı Mərkəzi haqqında videoçarxla başlayıb.

Tədbirdə çıxış edən rejissor İqor Bışnyov Heyvanlara Qayğı Mərkəzinin əhəmiyyətindən danışıb, burada hər cür şəraitin yaradıldığını vurğulayıb və Leyla Əliyevaya təşəkkür edib. "Bu və ya digər bu cür 10-20 mərkəz belə daha geniş ərazidə yayılan sahibsiz heyvanlar problemini tam həll edə bilməyəcək. Lakin əsas odur ki, bu Mərkəzin təşkili bizə ətraf mühiti qorumağın vacibliyini xatırladır”, - deyən rejissor bizim özümüzün də təbiətin bir hissəsi olduğumuzu bildirib.

Beş il əvvəl Azərbaycana Novruz bayramı ərəfəsində gəldiklərini söyləyən İqor Bışnyov görülən işlər barədə də məlumat verib. Qeyd edib ki, 5 il ərzində 5 film çəkilib. 

Sonra "Abşeron Milli Parkı” sənədli filmi nümayiş etdirilib. Film Azərbaycanda ən gənc milli park haqqındadır. 2005-ci ildə yaradılmış bu park Bakının təxminən 60 kilometrliyində yerləşir. Ərazisi böyük olmasa da, parkın özünəməxsus xüsusiyyətləri var. Belə ki, buranın zəngin canlı aləmi bir yarımadada cəmləşir. Habelə ərazinin paytaxta yaxın olması buraya gediş-gəlişi asanlaşdırır. Parkın digər xüsusiyyəti isə Xəzər dənizinə yaxın olmasıdır.
 
"Azərbaycanın 9 möcüzəsi” layihəsinin təşəbbüskarı Leyla Əliyevadır. Layihə çərçivəsində ölkəmizin 9 milli parkı barədə sənədli filmin hazırlanması nəzərdə tutulur. Növbəti filmlərdə Şahdağ, Hirkan, Altıağac, Zəngəzur və Samur-Yalama milli parklarından söhbət açılacaq.

IDEA-nın "Azərbaycanın 9 möcüzəsi” layihəsinin məqsədi ölkəmizin əsrarəngiz təbiət gözəlliklərini təbliğ etmək, eləcə də ətraf mühitin mühafizəsinin vacibliyini diqqətə çatdırmaqdır.
 
Qlobal.az
 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook