SON XƏBƏR

“Leş mafiya”sına qarşı ciddi tədbirlər planlaşdırılır

Aprel 20
10:22 2017
Kolbasa-sosiska sexləri, restoranlarda reydlər həyata keçiriləcək
 
"Leş mafiya”sı haqda mətbuatda yazılar dərc olunandan sonra bazarların ətrafında murdar ət satışının nə yerdə olması ilə bağlı araşdırma apardıq. Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov qəzetimizə açıqlamasında demişdi ki, murdar ətlərin daimi satış ünvanları "Təzə bazar”ın alt qapısı, 4-cü mikrorayonda ət bazarı, 3-cü mikrorayon bazarı, 8-ci kilometr bazarının həndəvəridir. Əlavə etmişdi ki, belə ətlərin ticarəti əsasən gecələr baş tutur. Murdar ətləri nisbətən sağlam ətlərin arasına qatıb satırlar.

AİB sədrinin ardınca qəzetimizə müsahibə verən Kənd Təsərrüfatı Nazirliyinin sözçüsü Yolçu Xanvəli bu sahədə görülən işlərlə bağlı çox maraqlı statistik məlumatlar açıqlamışdı. Bildirmişdi ki, 2016-cı ildə 1 milyon 247 min 528 müayinə nəticəsində 13 ton müxtəlif növ heyvan və quş ətinin , 33 tondan artıq iri və xirda buynuzlu heyvanların daxili orqanları, 3.6 tondan artıq balığın, 9 tondan artıq süd və süd məhsullarının, 21 min ədəddən artıq yumurtanın, 185 kiloqram yağın insan qidası üçün yarasız olması aşkar edilərək baytarlıq qanunvericiliyinə uyğun olaraq məhv edilib. Qida məhsullarının təhlükəsizliyi ilə bağlı keçirilən reydlər zamanı mənşəyi məlum olmayan, Dövlət Baytarlıq Xidmətinin müvafiq laboratoriyalarından keçməyən, insan qidası üçün yararsız 23 ton heyvan ətləri, 53 ton kolbasa və kolbasa məmulatları satışdan çıxarılaraq məhv edilib.

Maraqlıdır ki, mətbuatda yazılanlara rəğmən E.Hüseynovun göstərdiyi ünvanlarda şıdırğı alver davam edir. Bəs gecə yarısı satışa çıxarılan ətlərin alıcıları kimlərdir? Əlbəttə ki, şər vaxtı 100-200 kiloqram, bəzən daha artıq əti sıradan bir vətəndaş alıb evinə aparmır. 
Restoranların, uşaq bağçalarının, xəstəxanaların, dönərxanaların, kolbasa və kolbasa məmulatları sexlərinin işçiləri, sahibləri belə ətlərin potensial alıcılarıdır.

E.Hüseynov qəzetimizə müsahibəsində çox ağrılı bir məqama da toxunmuşdu. Demişdi ki, uşaq bağçalarında uşaqlara belə ətlərin verilməsi şübhələri var. Birlik sədri bu sahədə nəzarətsizliyin belə bir durumun yaranmasına gətirib çıxardığını demişdi. Y.Xanvəli isə uşaq bağçalarında qazana belə ətlərin tökülüb bişirildiyini və uşaqlara verildiyini istisna etməmişdi.

Buradan da belə nəticə çıxarmaq olar ki, bu məkanlar "Leş mafiyası”nın dayaq nöqtələridir. Restoranlarda, uşaq bağçalarında, xəstəxanalarda, dönərxanalarda qidalananlar, dükan-bazardan kolbasa alıb evinə aparanlar murdar əti özləri də bilmədən qəbul edirlər. Özlərinin, yaxınlarının sağlamlıqlarını risk altına atdıqlarını da fərq etmirlər. Xüsusən kolbasa məmulatlarının tərkibini əsasən belə ətlərin təşkil etdiyi istisna deyil. 
 
Ölkə başçısının 2 il əvvəl sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması ilə bağlı tapşırığından sonra bu sahədə vəziyyət xüsusi olaraq ağırlaşıb. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatlar zamanı at, mənşəyi bilinməyən digər ətlərin alverini edən şəxslər saxlanır. Cərimə edilən belə şəxslər fəaliyyətlərini davam etdirirlər. Bu vəziyyət artıq dövlət qurumlarını da narahat etməyə başlayıb. Aldığımız məlumata görə, yaxın günlərdə murdar ət satılması, qida şəklində müştərilərə təqdim edilməsi şübhəsi olan iaşə obyektlərində, restoranlarda, ət emalı sexlərində, kolbasa sexlərində, uşaq bağçalarında total yoxlamaların həyata keçirilməsi planlaşdırılır. Murdar ət satışı ilə məşğul olan şəxslər, obyektlər haqda məlumatlı olan vətəndaşlar AİB-ə, Daxili İşlər Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə, həmçinin qəzetimizə bu haqda məlumat verə bilərlər.

(Musavat.com)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook