SON XƏBƏR

Lerikin iki kəndi yenidən Prezidentə müraciət etdi - İcra Hakimiyyətinə faktlarla cavab...

Noyabr 19
22:30 2017
Lerik rayon Şivlə və Biləvər kənd sakinləri Rayon İcra Hakimiyyətinin onların Prezidentə ünvanladıqları müraciətə verdiyi rəsmi açıqlamaya cavab veriblər. 
 
Bir neçə gün öncə Anaxeber.az-da kənd sakinlərinin müraciəti dərc olunmuşdu. 
 
"Lerikin iki kəndi Yardımlıya birləşmək istəyir - Prezidentə sensasion müraciət” başlıqlı yazıya Lerik Rayon İcra Hakimiyyəti cavab verib. Bu cavab isə sakinləri hiddətləndirib və onlar cavab yazısı ilə yenidən Anaxeber.az-a müraciət ediblər. 
 
Onu da qeyd edək ki, Anaxeber.az-da dərc edilmiş yazılar ölkə başçısına rəsmən ünvanlanmış məktubların surətidir. Sakinlər deyirlər ki, Prezidentə və müxtəlif dövlət qurumlarına ünvanlanan müraciətlərin sayı artıq 18-ə çatıb. 
 
Prezident İlham Əliyevə ünvanlanan növbəti müraciətin surətini təqdim edirik: 
 
"Möhtərəm cənab Prezident. 
 
Bizim Sizə ünvanladığımız müraciətlər artıq rayon rəhbərliyini narahat etməyə başlayıb. Ona görə də müxtəlif vasitələrlə bizi susdurmağa çalışırlar. Nəzərinizə çatdıraq ki, İcra Hakimiyyətinin bizim müraciətlərimizə verdiyi cavabda bir çox məqamlar doğru deyil. Əvvəla, RİH rəhbərliyi bizim müraciətimizi bir qrup narazı sakinin şikayəti kimi təqdim edir. Bu, tamamilə yalandır. Bu müraciətlər bütün kənd sakinləri adından, şəxsiyyət vəsiqələrinin nömrələri qeyd olunmaqla Sizə ünvanlanıb. Hətta Lerik rayonundan bu məktubların göndərilməsinə mane olacaqlarını nəzərə alıb başqa rayonlardan göndərmək məcburiyətində qalmışıq. Bizə bildiriş gəlib ki, artıq məktub və teleqramlarımız Sizə çatıb. Baxıb araşdırsanız, görəcəksiniz ki, 2 kəndin sakinləri bütövlükdə bu müraciətləri yekdilliklə razılaşaraq imzalayıblar. 
 
"Yazılar sifarişlə hazırlanır" fikir də tamamilə yanlışdır. Çünki bu kənddən kiminsə rayon rəhbərliyi ilə şəxsi qərəzi və ya vəzifə iddiası yoxdur. Rayonun ən kasıb və ağır güzaran içərisində yaşayan bu iki kəndin sakinləri haqqında deyilən bu fikir, onları yalançılıqda günahlandırmaq rəhbər etikasına sığışmır? Bəlkə, elə düşünürlər ki, sifarişi Siz verirsiniz? Axı biz müraciətlərimizi Sizə ünvanlayırıq. Biz yol istəyirik, güzaran istəyirik. Bu, bizim haqqımız deyilmi? Biz demirik ki, hər birimizin "9 qardaş" adlı restoranı olsun. Bu, ancaq icra başçısının müavini Cəlil Baxşıyevin haqqıdır. Hansı pulla əldə edibsə, halalı olsun. Biz, sadəcə, 3 km-lik yolumuzu, qış aylarında keçə bilmədiyimiz çaya bir körpünün atılmasını istəmişik. Bu, cinayətdirmi? 
 
Möhtərəm cənab Prezident! 
 
Bu müraciətlərimiz Sizə ünvanlandıqdan sonra rayon rəhbərliyi iki rəsmi şəxsi, icra başçısının müavini Habil Məlikovu və şöbə müdiri Əlipənah Bayramovu bizimlə səyyar görüşə göndərib yazılanlara son qoymağı tələb ediblər, hətta bir qədər təhdid dilində də danışblar. Biz onlara da dedik ki, müraciətlərimizin arxasındayıq və problemlərimiz həll olunmayana qədər davam edəcəyik. Bizə dedilər ki, bir həftə gözləyin, icra başçısına məruzə edək, sizə məlumat verərik. Amma rayona qayıdan kimi mətbuatda cavab yazısı ilə çıxış edərək bizi yalançılıqda suçladılar. İndi biz bu məmurlara necə inanaq? Doğrudanmı, bizim Sizə müraciət etmək haqqımız yoxdur? Bəlkə, rayon rəhbərliyi, doğrudan da, elə düşünür... 
 
Möhtərəm cənab Prezident! 
 
Siz tez-tez çıxışlarınızda deyirsiniz ki, məmurlar xalqın xidmətçisidir. Lerik rayon İcra Hakimiyyətinin yaydığı rəsmi cavabda isə "Biz Dırığ ərazisində bu işləri görmüşük" tipli minnətli bir yazı dərc olunur. İndi biz sual edirik: İcra Hakimiyyəti bunları etməməli idi? Bu işləri kim görməli idi ki? Yoxsa biz başqa bir ölkənin, rayonun ərazisiyik? Adi yağış yağan kimi Osyodərə kəndindən keçən çayda daşqın əmələ gəlir və kəndimizin digər kəndlərlə və rayonla əlaqəsi kəsilir. Bir neçə gün öncə kənd sakinlərinin sosial şəbəkədə paylaşdıqları videogörüntülər də bunu təsdiq edir. Biz bu videogörüntüləri də diskə köçürüb sizə göndərəcəyik. Hətta maşınla da çayı keçmək olmur. İndi biz nə edək, səsimizi çıxarmayaq? 
 
İndi biz onların rəsmi cavabına faktlarla cavab veririk: 
 


Birincisi, Biləvər kənd orta məktəbi indiki icra başçısının dövründə yox, bundan əvvəlki icra başçısı Füzuli Hacıyevin zamanında inşa edilib. Bununla bağlı Sizə və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya müraciət etmişik. Məhz Sizin və Mehriban xanımın Təhsil Nazirliyinə göstərişindən sonra bu məktəb inşa edilib. Amma Sizin bu nəcib təşəbbüsününüzü öz adına çıxmaq istəyirlər. Onu da deyək ki, heç o vaxt da binanı Sizin istədiyiniz kimi inşa etmədilər və azyaşlı uşaqların oturduğu siniflərə beton döşəmə töküldü. Çoxsaylı müraciətlərimizdən sonra İcra Hakimiyyəti - indiki başçı Rövşən Bağırov taxta döşəmə döşətdirdi. Sağ olsun. Biz bunları danmırıq. Amma bunun kəndimizə yol istəməyimizə nə aidiyyatı var? İndi bizim məktəbimizə 5-10 taxta verilibsə, biz yol istəməməliyik? 
 
İkincisi, düzdür, Şivlə kəndinə verilən 30 nəfərlik məktəbi Rövşən Bağırov təşkil edib. Yenə də sağ olsun. Amma məktəbin satın alınması üçün pulun bir hissəsini kənd sakinləri ödəyiblər. Bunu kənddə evbəev gəzib sorğu aparmaqla da sübut etmək olar. Məmurun vəzifəsi xalqın qulluğunda durmaqdır. Bu, qəhrəmanlıq deyil. 1-ci sinifdə oxuyan uşaq qarda, çovğunda qonşu kəndə gedirdi, bunu məmurlar özlərinə necə rəva görürdülər? Yaydıqları rsəmi müraciətdə təqdim etdikləri şəkil də Şivlə kəndindəkı məktəbin deyil. Biz real mənzərəni çəkib şəkli sizə poçtla göndərəcəyik. Əslində, İcra Hakimiyyəti rəsmi açıqlamda da bölücülük edir: "Yalan deyirlər, biz Dırıq üçün filan işləri görmüşük" tipli savadsız bir açıqlama hazırlamaq hansı məntiqə sığır? Məsələn, biz Buruq kəndi ilə əlaqə saxladıq, oradan sakinlər dedilər ki, kənddə heç bir artezan quyusu qazılmayıb, sadəcə, qazılması nəzərdə tutulub. Deyəsən, bunlar çay gəlməmiş çırmanmaqla məşğuldurlar?
 
Görülməmiş işlər haqqında qabaqcadan hesabat hazırlayırlar. Hələ biz gözləyirdik ki, öz vəsaitimiz hesabına kəndimizin yoluna tökdüyümüz "qrabel"i də öz adlarına çıxacaqlar. Ona görə bir ay öncə Sizə müraciət etdik ki, yolu biz təmir edirik, Sizi aldatmasınlar. 
 
Möhtərəm cənab Prezident!
 
Biz 36 kim-lik Noda-Şingədulan-Xanagah avtomobil yolunun da şəkillərini və videogörüntüsünü çəkib sizə göndərəcəyik. Son durumu özünüz də görəcəksiniz. İndi isə bir necə sualla Sizə müracitə edib, cavabı isə rayon İcra Hakimiyyətindən istəyirik: 
 
- Əgər rayonda ayrı-seçkilik yoxdursa, niyə haqqında şikayət olunan Cəlil Baxşıyev özü bizimlə görüşə gəlmədi? 
 
- Niyə göndərilən rəsmi şəxslərə "Siz də dırıqlısınız, gedin mahalınızda camaatı sakitləşdirin" deyə tapşırıq verir, Cəlil Baxşıyev? 
 
- Niyə icra başçısı Rövşən Bağırov gəlib bizi dinləmədi? Bu şikayətlərdən sonra bizə bütün qapıları bağladılar? 
 
Cənab Prezident, biz hətta Milli Məclisə də müraciət göndərmişik. Amma bizi orada təmsil edən deputat ortaya çıxmır. 
 
- Niyə vaxtaşırı Zuvandda, digər ərazilərdə olan İqbal Məmmədov Şivlə-Biləvərə gəlmədi? İndi biz nə edək, tələb edək ki, bizə bir nəfər də deputat seçin, bu Zuvandın deputatıdır? 
 
- Niyə İcra Hakimiyyətinin rəsmi açıqlamasında bizdən alınan 4 000 manat (dörd min manat) puldan bir cümlə bəhs edilmir? Yoxsa Cəlil Baxşıyev almamışdı bu pulu? 
 
- Niyə 17 milyonu talayan bir çevrə ilə bağlı suala rəsmi açıqlamada cavab verilməyib? Axı biz qeyd etmişdik ki, yolun çəkilişi "Yoltikintinəqliyyatservis” MMC tərəfindən həyata keçirib. Şirkətin rəhbəri Fuad Muxtarzadədir, ancaq tikintiyə o və atası İbrahim Kazımov rəhbərlik ediblər. İbrahim Kazımov isə Masallı rayon Yol İdarəsinin müdiri Ərrahim Kazımovun qardaşıdır. Pul da Masallı rayon Yol İdarəsinə ayrılıb. Axı bu tender haqqında qanuna da ziddir. Prezident bir quruma pul ayırır, o qurumun rəhbəri də işi qardaşının şirkətinə verir. Bu korrupsiya deyilmi, Cənab Prezident? Hələ sözügedən şirkətin baş mühəndisi isə Lerik rayon İcra
Hakimiyyətinin müavini Cəlil Baxşıyevin qardaşdır. 
 
Möhtərəm cənab Prezident!
 
Biz Şivlə və Biləvər kənd sakinləri qərar aldıq ki, Sizin qəbulunuza yazılaq və dərdimizi Sizə anladaq. Ümid edirik ki, Sizin nəcib təşəbbüs və xidmətlərinizə qarşı çıxan məmurlar gec-tez cəzalarını alacaqlar. 
 
2018-ci il Prezident Seçkiləri ilidir. Heç kəsə imkan vermərik ki, seçkiöncəsi hər hansı pozucu, talançı və təxribatçı əməllə məşğul olsun.
Sayğılarla Lerik rayonu Şivlə və Biləvər kəndlərinin sakinləri".
 
Yazıdakı fikirlərlə bağlı Lerik Rayon İcra Hakimiyyətinin də mövqeyini dərc etməyə hazırıq. Bir daha xatırladırıq ki, bu müraciətlər ölkə başçısına ünvanlanıb.
 
Qarşı tərəf də münasibət sərgiləyə bilər.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook