SON XƏBƏR

Lerikin iki kəndi yenidən Prezidentə müraciət etdi - İcra başçısı və müavinindən

Noyabr 10
01:47 2017
Lerikin Şivlə və Biləvər kəndlərinin sakinləri rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov və müavini Cəlil Baxşıyevdən şikayətçidirlər. Onlar Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya 8 rəsmi məktub, teleqram və müaciət ünvanladıqlarını bildiriblər.
 
Qlobal.az-a müraciət edən sakinlər deyiblər ki, iki kənd faktiki acınacaqlı durumda yaşayır, yolsuzluqdan əziyyət çəkir. Bu barədə bir neçə dəfə müraciət etdiklərini deyən sakinlər bildiriblər ki, İcra Hakimiyyəti hər iki kəndə qərəzlə yanaşır, bu kəndin problemləri və sakinləri ilə maraqlanmırlar. Buna səbəb isə ölkə başçısına ünvanladıqları şikayətlərdir:
 
"Keçən dəfə İcra Hakimiyyətinin məsul şəxslərindən biri bizə zəng edərək dedi ki, bundan sonra heç bir kömək gözləməyin. Onlar bunu Prezidentə müraciətlərimizin mediada işıqlandırmağımızı əsas gətirdilər. Dedilər ki, elə bilirsiniz prezidentə yazmaqla probleminiz həll olunacaq?".
 
Sakinlər deyirlər ki, prezidentə ünvanladıqları müraciətlərdən sonra vəziyyət daha da kəskinləşib:
 
"Biz yay da ölkə başçısına müraciət etdik ki, kəndə yol çəkməyə öz hesabımıza pul yığmışdıq. İcra başçısının birinci müavini Cəlil Baxşıyev guya kömək məqsədilə yolun çəkilişi üçün topladığımız 4000 (dörd min manat) pulu bizdən aldı ki, yolu biz çəkəcəyik. Dedi ki, başçı tapşırıb. Pul bir ay rayon İcra Hakimiyyətində qaldı. Vəziyyətin gərginləşdiyini, bizim şikayət edəcəyimizi görüb pulu geri qaytardılar. Bundan sonra isə, ümumiyyətlə, yolu təmir etməkdən imtina etdilər. Sonra texnika da vermədilər. Dedilər gedin prezidentdən istəyin".
 
Bundan sonra isə sakinlər özləri yol çəkməyə başlasalar da rayon rəhbərliyi onlara maneçilik törətməyə başlayıb:
 
"Biz yolun bir hissəsini öz hesabımıza texnika təşkil edib "qrabel"lədik. Bundan sonra İcra Hakimiyyəti, xüsusən də Cəlil Baxşıyev bizə düşmən mövqe bəslədi. Guya niyə pulu almışıq. Hətta Noda-Şingədulan-Xanagah avtomobil yolunu çəkən və "Yoltikintinəqliyyatservis” MMC-nin rəhbəri Fuad Muxtarzadəni və müəssisənin qeyri-leqal rəhbəri olan atası İbrahim Kazımovu da öyrədib bizə texnika verməyə qoymadılar. Biz sonra bildik ki, bu Cəlil Baxşıyevin planıdır. Çünki o şirkətin sentyabrda çəkdiyi yol da artıq çöküb. Yaxın günlərdə həmin dağılmış yerlərin də şəkillərini mediada yayacağıq. Burada böyük korrupsiya faktı da var. Bu barədə də yazmışıq. Amma bizi indi narahat edən odur ki, qışda çayda su çox olur, hətta texnika ilə keçmək olmur. Amma bir körpü atmırlar bu çaya. Bu problemləri ölkə başçısına yazırıq, deyirlər ki, əziyyət çəkməyin, məktublarınız çatmayacaq. Nə deməkdir bu?", - deyə sakinlər bildiriblər.
 
Sakinlər deyirlər ki, bu kəndləri prezident İlham Əliyevin sərəncamı ilə yeni çəkilən və əsaslı təmir edilən Noda-Şingədulan-Xanagah yolundan 3 km məsafə ayırır. Həmin 3 km yolu isə dəfələrlə kənd sakinləri öz şəxsi vəsaitləri hesabına təmir ediblər. Əsasən də yaz-yay aylarında istifadə olunan yolda yağmurlu havalarda avtomobillərin hərəkəti məhdudlaşır, günlərlə rayon mərkəzinə getmək müşkülə çevrilir. Xüsusən payız-qış aylarında bu yol istifadəsiz hala gəlir.
 
Qarşı tərəf də münasibət bildirə bilər.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook