SON XƏBƏR

Lerik Rayon İcra Hakimiyyətindən açıqlama

Noyabr 18
00:09 2017
Qlobal.az Lerik rayon İcra Hakimiyyəti tərəfindən elektron poçtuna ünvanlanmış açıqlama və xəbəri olduğu kimi təqdim edir:
 
Son vaxtlarda Şivlə və Biləvər kəndlərinin sakinləri adından bəzi insanlar tərəfindən yuxarı dövlət orqanlarına və müxtəlif sosial şəbəkə və saytlara ünvanlanmış əsassız müraciətlərdə rayonda ayrı-seçkilik aparıldığı, Dırığ ərazisində yerləşən kəndlərə ögey münasibət bəsləndiyi və bu əraziyə daxil olan kəndlərdə tikinti-quruculuq işlərinin aparılmadığı qeyd edilir. 

Rayon icra hakimiyyəti olaraq nə qədər dözümlülük göstərsək də, yalan və əsassız fikirlərlə dolu olan həmin yazılarla artıq barışa bilməyib  statistik rəqəm və faktlarla aşağıdakıları bildirmək istəyirik.

Şivlə-Biləvər kənd sakinlərinin eyni məzmunlu müraciətləri bir neçə dəfə rayon icra hakimiyyətində araşdırılmış, rayon icra hakimiyyəti başçısı, başçının müavinləri, şöbə müdirləri tərəfindən sakinlər qəbul edilmişdir. Eyni zamanda  rayon icra hakimiyyəti başçısı rayonun hüquq mühafizə orqanları və əlaqədar idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə həmin kəndlərində daxil olduğu ərazi icra nümayəndəliyinin Osyodərə kəndində səyyar qəbul keçirərək sakinləri dinləmiş, onları narahat edən problemlərlə bağlı söhbət aparmışdır.

Bildiririk ki, rayonumuzun ərazisi iqliminə, yerləşdiyi istiqamətlərə, Sovet hakimiyyətindən əvvəlki illərdə idarə üsuluna əsasən 4 mahala, "Zuvand”, "Orand”, "Piran” və "Dırığ” mahallarına bölünmüşdür. Keçmişi özündə yaşadan həmin mahal adlarından indi də əhali tərəfindən qeyri-rəsmi şəkildə istifadə edilir.
 
"Dırığ” ərazisində 50 yaşayış məntəqəsi üzrə 30 min əhali yaşayır. Ərazidə 10 icra nümayəndəliyi, 10 bələdiyyə fəaliyyət göstərir. Son illərdə əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, infrastrukturun yenidən qurulması ilə bağlı Azərbaycan Respublikası Prezidenti tərəfindən bir sıra Fərman və Sərəncamlar imzalanmış və respublikanın hər yerində olduğu kimi, rayonumuzda, o cümlədən "Dırığ” ərazisində böyük quruculuq-abadlıq işləri aparılmışdır. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 50 yaşayış məntəqəsinin, o cümlədən Şivlə-Biləvər kənd sakinlərinin mütəmadi istifadə etdiyi 36 km-lik Noda-Şingədulan-Xanagah avtomobil yolu tam asfaltlaşdırılmışdır, yolboyu iki yeni körpü tikilmiş, bir körpü təmir edilmiş,  800 diametrlik 27 ədəd, 1000 diametrlik 29 ədəd, 1250 diametrlik 53 ədəd borudan istifadə etməklə 28 yerdə suötürücü borular qoyulmuşdur. Hazırda tikintidə son tamamlama işləri aparılır.
 
Asfalt yol Şivlə-Biləvər kəndlərinin 3 km-dən keçir. Biləvər kəndində 140 şagird yerlik məktəb binası tikilmiş, Şivlə kəndində 30 şagird yerlik Biləvər kənd tam orta məktəbinin filialı açılmış və rayon icra hakimiyyətinin daxili imkanları hesabına Şivlə kənd sakinindən məktəb üçün bina satın alınmışdır. Ümumilikdə "Dırığ”a daxil olan 10 ərazi icra nümayəndəliyi üzrə keçən qısa vaxt ərzində 20 məktəb binası, 6 poçt binası, 2 tibb məntəqəsi, 1 uşaq bağçası inşa edilmiş, 5 məktəb binası, 4 tibb müəssisəsi, 3 mədəniyyət müəssisəsi əsaslı təmir edilmiş, 8 ATS elektron ATS-lərlə əvəzlənmiş, ATS-lərin yerləşdiyi  binalar əsaslı təmir edilmiş və ya yeni binalar inşa edilmişdir. Ərazinin10 yaşayış məntəqəsi qazlaşdırılmışdır. 16 noyabr 2017-ci il tarixdə rayon icra hakimiyyəti başçısının və Milli Məclisin deputatının iştirakı ilə Murya və Əvilə kəndlərinə mavi qazın verilməsi mərasimləri keçirilmiş və bu əhali tərəfindən bayram əhval-ruhiyyəsində qeyd edilmişdir.  Soru, Gürdəsər, Buruğ, Lələdulan, Zenoni kəndlərində artezian quyuları qazılmış, Züvüç kəndinə 5 km məsafədən dəmir borularla su xətti çəkilmişdir. Ərazidə 4 yeni körpü inşa edilmişdir. Bütün kəndara yollarında mütəmadi olaraq rayon icra hakimiyyətinin dəstəyi, kənd sakinlərinin köməkliyi ilə təmir-bərpa işləri aparılmışdır. Ərazinin elektrik enerjisi ilə təminatı Şingədulan kəndində fəaliyyət göstərən yarımstansiya vasitəsilə həyata keçirilir. Son İllərdə həm yarımstansiya əsaslı şəkildə təmir edilmiş, həm də yarımstansiyanın qidalandığı yüksək gərginlikli Masallı-Yardımlı-Lerik 35 kilovoltluq hava xətti yenidən tikilmişdir. 10/04 kv-luq elektrik hava xətlərində mindən yuxarı ağac dayaq dəmir dayaqlarla əvəzlənmişdir. Şingədulan kəndində dəmir dirəklər basdırılmış, elektrik naqilləriin sip kabellərə əvəzlənməsi işlərində son tamamlanma işləri həyata keçirilir. Kəndlərin fasiləsiz elektrik enerjisi ilə təmin olunmasından ötrü elektrik hava xətlərində mütəmadi olaraq təmir-bərpa işləri aparılmışdır. Təbii fəlakətlər zamanı yaranmış qəza halları istisna olmaqla əhaliyə 24 saat elektrik enerjisinin verilməsi təmin edilir və bu iş daim nəzarətdə saxlanılır.
 
"Dırığ” ərazisinə aid olan Boykəndil və Əvilə kəndlərində 180 şagird yerlik məktəb binalarının tikintisi davam etdirilir.
 
Müraciətlərdə  qeyd edilmiş tütün sahələrində məktəblilərin işlədilməsi faktı tamamilə əsassız və böhtandır.

Qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı cənab Prezidentin qarşıya qoyduğu vəzifələr aqrar rayonu olan Lerikdə də uğurla icra edilir. Rayonda taxılçılığın, kartofçuluğun, tərəvəzçiliyin inkişafı ilə yanaşı, bir vaxtlar ənənəvi sahə olmuş tütünçülüyün inkişafına diqqət artırılmış və verilmiş tapşırığa uyğun olaraq ötən il 10 ha, cari  ildə isə 25 ha sahədə tütün, 50 hektar ərazidə fındıq tingləri əkilmişdir. Şivlə-Biləvər kəndlərinin nəinki ərazisində, heç yaxınlığında belə tütün əkilməmişdir. "Zuvand” ərazisində isə ümumiyyətlə sarımsaq bitmir və burada heç vaxt sarımsaq becərilməmişdir.

Yazılar bir neçə narazı şəxslər tərəfindən sifarişlə hazırlanır və geniş əhalinin fikirlərini əks etdirmir.
 
Daha iki kəndimizə mavi qaz verildi
 
16 noyabr 2017-ci il tarixdə Murya və Əvilə kəndlərinə mavi qazın verilməsi münasibəti ilə Murya kəndində tədbir keçirildi. Tədbirdə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, Azərbaycan Respublikası Milli Məclisin deputatı İqbal Məmmədov və "Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi Hüseyn Şirinov, rayon ziyalıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
 
Tədbiri giriş sözü ilə açan Livədirqə kənd ərazi icra nümayəndəsi Davud Manafov qonaqları salamlayaraq tədbir iştirakçılarını əlamətdar bayramlar, 09 Noyabr Dövlət Bayrağı Günü, 12 Noyabr Konstitusiya Günü və 17 noyabr - Milli Dirçəliş Günü münasibəti ilə təbrik etdi. Bildirdi ki, bu gün ərazimizin əhalisinin sevincinə sevinc qatan bir tədbirə - Murya və Əvilə kəndlərinə mavi qazın verilməsinin açılışına həsr olunmuş mərasimə toplaşmışıq.
 
Son illər ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin ildən-ilə inkişaf etdiyini, dünya birliyində yerini daha da möhkəmləndirdiyini vurğuladı. Dövlət Proqramlarının uğurla icra edilməsi nəticəsində ölkəmizin hər bir bölgəsinin simasının günü-gündən dəyişərək müasirləşdiyini, əhalinin rifah halının daha da  yaxşılaşdığını qeyd etdi. Livədirqə kəndində tikilmiş yeni məktəb binası, Mastail kənd məktəbinin əsaslı təmir edilməsi, Mastail, Livədirqə və Murya kəndlərində yeni körpülərin tikilərək istifadəyə verilməsi, Mastail kəndində elektrik xətlərinin sip kabellərlə əvəzlənməsi, Əvilə kənd məktəbi üçün yeni binanın tikintisinə başlanılması, Nüsomurya kəndində veteranlar evinin tikintisi və bu gün ərazimizin bütün kəndlərinə mavi qazın verilməsi buna nümunə olduğunu diqqətə çatdırdı. Murya və Əvilə kəndlərinə 17250 metrdən çox müxtəlif diametrli borularla, 152 abonentin evinə qaz xətti çəkilmişdir. Bu gün əlamətdar bayramlar ərəfəsində kəndimizə mavi qazın verilməsinə görə cənab Prezidentə minnətdarlığımızı bildiririk. Biz inanırıq ki, Azərbaycan qarşıdan gələn illərdə də Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edərək yüksək nailiyyətlər əldə edəcəkdir.
 
Sonra kənd sakinləri adından ağsaqqal Abbas Zaidov, təqaüdçü Əlirza Kərimov və Murya kənd tam orta məktəbinin direktoru Əhməd Əhmədov çıxış edərək möhtərəm Prezident cənab İlham Əliyevə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.
 
"Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi Hüseyn Şirinov və Milli Məclisin deputatı İqbal Məmmədov çıxış edərək kənd sakinlərini bayramlar və kəndə mavi qazın verilməsi münasibəti ilə təbrik etdilər. Yeni istifadəyə verilmiş mavi qazdan səmərəli və ehtiyatla istifadə olunması ilə bağlı kənd sakinlərinə tövsiyələrini çatdırdılar. 
 
Tədbirdə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov çıxış edərək ilk öncə kənd sakinlərini salamladı və təbii qazın verilməsi münasibəti ilə təbrik etdi. Bildirdi ki, cənab Prezidentin rəhbərliyi ilə qəbul edilmiş Dövlət Proqramlarının uğurla icra edilməsi nəticəsində Azərbaycanın hər bir bölgəsində olduğu kimi, rayonumuzda da geniş quruculuq-abadıq işlərinin həyata keçirilir. Yeni yollar salınır, müasir məktəblər, səhiyyə ocaqları, sosial obyektlər tikilərək əhalinin istifadəsinə verilir. 5 ay öncə məhz bu ərazidə Mastail kəndinə mavi qazın verilməsi mərasiminə toplaşmışdıq. Bu gün də çox əlamətdar hadisədir ki, ərazinin daha iki kəndinə mavi qaz verilişinin açılış mərasimində iştirak edirik. Belə sosialyönümlü layihələrin reallaşması bir daha sübut edir ki, cənab Prezident respublikamızın hər bir bölgəsinə xüsusi qayğı və diqqət göstərir. Bu qayğı və diqqətə görə cənab Prezidentə və rayonumuzda bütün bu işlərin həyata keçirilməsində bizə dəstək olan hər kəsə öz dərin minnətdarlığımızı bildiririk.
 
Sonda rayon İcra hakimiyyəti başçısı Rövşən Bağırov və Milli Məclisin deputatı İqbal Məmmədovun xeyir-duası ilə 92 abonenti olan Əvilə və 60 abonenti olan Murya kəndlərinə təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırıldı. 

Lerik Rayon İcra Hakimiyyəti

Qlobal.az
 

 

 

 

 

 

 

 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook