SON XƏBƏR

Laçın rayonu üzrə sosial-iqtisadi göstəricilər təhlil edilib

Aprel 19
16:08 2017
Laçınlı məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması, problemlərinin öyrənilməsi və vaxtında həll olunması daim diqqət mərkəzində saxlanılır. 2017-ci ilin birinci rübündə laçınlı məcburi köçkünlərin məskunlaşdıqları şəhər və rayonlarda 10 səyyar qəbul keçirilib. 1083 nəfərin iştirak etdiyi bu qəbullarda 91 nəfər, rayon icra hakimiyyəti başçısı aparatında isə 725 nəfər rayon sakininin müraciəti dinlənilib.
 
Bu barədə Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində yerləşən Laçın Rayon İcra Hakimiyyətində 2017-ci ilin ilk üç ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan yığıncaqda məlumat verilib.
 
Yığıncaqda görülən işlər və qarşıda duran vəzifələr barədə məruzə dinlənilib, laçınlı məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirildiyi diqqətə çatdırılıb. Bildirilib ki, Taxtakörpü ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin fasiləsiz normal elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması məqsədilə Vağazin, Qarakeçdi və Mişni obalarında 0,4 kV-luq elektrik hava xətləri, Vağazin və Mirik obalarında 3 ədəd 100 kV-luq transformator əsaslı təmir edilib. 10 və 0,4 kV-luq elektrik hava xətlərində yararsız hala düşmüş 1500 metr uzunluğunda naqil yenisi ilə əvəzlənib. Qarıqışlaq, Qılışlı və Mişni obalarında içməli su xətlərində yararsız vəziyyətə düşmüş 300 metr hissə yenisi ilə əvəz edilib, Mişni obasında və 21 ailəlik qəsəbədə su nasosları təmir olunub.
 
Qeyd edilib ki, Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşan laçınlı məcburi köçkünlər bu il ilk dəfə olaraq pambıqçılıq və baramaçılıqla məşğul olacaqlar. Bu məqsədlə ərazidə Çindən gətirilmiş 10 min ədəd tut tingi əkilib, çiyid səpini üçün nəzərdə tutulmuş 101 hektar sahə hazır vəziyyətə gətirilib, bir neçə gündür çiyid səpininə başlanılıb.
 
Məruzə və çıxışlarda görülmüş işlərlə yanaşı, mövcud problem və çatışmazlıqlar da qeyd olunub, qarşıda duran vəzifələrdən danışılıb. Bildirilib ki, 552 ailəlik qəsəbədə həyətyanı sahələrə təsərrüfat suyunun çəkilməsi, "Qayğı” qəsəbəsində müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrin məişət qazı ilə təmin olunması, obalarda daxili avtomobil yollarının, içməli su xətlərinin tikintisi və bərpası qarşıda duran vəzifələrdəndir.(AzərTac)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook