SON XƏBƏR

Kürdəmirdə başçı var, hakimiyyət isə sanki yoxdur (FOTO)

İyul 13
19:37 2017
Kürdəmir rayonunda Şor-Şor adlı kənd var. O qədər də böyük və varlı olmayan bu kənd əsas avtomobil və dəmir yolundan uzaqdadır. Daha imkanlı kəndlərdəki üçmərtəbəli villalarla müqayisə edilə bilməyəcək bayağı evlər, rayon üzrə qonşularının əlçatmaz hündür daş hasarlarından fərqli köhnə qamış çəpərlər onun sakinlərinin sadə həyatından xəbər verir. Kəndə aparan kələ-kötür yolun kənarındakı üfunət qoxan atılmış su hövzələri isə çoxdan iylənmiş lili ilə kasıblıq və ehtiyac təəssüratlarını daha da gücləndirir.
 
Dağılmış yolla kəndə doğru

Hətta "cip” avtomobili ilə belə bura keçib gəlmək çətindir. Bir vaxtlar bu yol, hər şeydən göründüyü kimi, çınqılla örtülü olub və indi həmin vaxtlardan ancaq ara-sıra gözə dəyən çınqıl adacıqları xəbər verir. Saysız-hesabsız çala-çuxurlar və gölməçələr ətrafa boylanmağa nə vaxt, nə də həvəs qoyur.

Bu yollarla hakimiyyətdə olanların nə qədər tez-tez gedib-gəlməsini demək çətindir, lakin nədənsə adama elə gəlir ki, bu yolları kənar şəxslərin Şor-Şora gələrək belə acınacaqlı mənzərəni görməmələri məqsədilə bu yollar belə vəziyyətdə saxlanır. Lakin ötəri nəzər də kifayətdir ki, ətrafdakı torpaqların susuzluqdan cadar-cadar olduqlarını görəsən.

Hakimiyyət nahaq əziyyət çəkir – bunu kənar gözlərdən gizlətmək çətindir. Amma bu hakimiyyət ümumiyyətlə varmı? Əgər varsa, kənd təsərrüfatına yararlı torpaqları bu vəziyyətə necə gətirib çıxarıblar?

Bunları düşündüyümüz vaxt yol ümumiyyətlə yoxa çıxdı və tədricən çat-çat olmuş və tikanlarla örtülmüş düzənliyə keçdi. Birdən ətrafdakı çöllüyün ortasında bir köhnə vaqon peyda oldu və onun yaxınlığında qətiyyən yerli sakinlərə bənzəməyən bir qrup gənc nə haqqındasa emosional mübahisə edirdi. Onların həmsöhbəti yerli çoban idi və bu insan kütləsinin yaxınlığından qarınlarını doyurmuş, özündən razı halda inək ilxısı keçirdi. Kənddən uzaqda qızğın mükalimə bizi də maraqlandırdı. Sən demə, gənclər bu yaxınlarda aldıqları torpaqla nə edəcəklərini həll edirmişlər.

Sərmayəçi və çoban

Bir müddət öncə Rüfət Məmmədzadə burada yerli sakin Əlvan Qəniyevdən 20 hektar torpağı 99 il müddətinə icarə hüququ ilə əldə edib. Rüfətin niyyəti xoşdur – burada göl qazdırıb balıq yetişdirmək – yaxınlıqdan kanal da keçir. Həm özü qazanacaq, həm də yerli əhali üçün iş yeri açılacaq. Bir müddət sonra, ayaqları üstə möhkəm duranda yaxşı yol da çəkdirmək olar, başqa təsərrüfat yaratmaq da. Lakin o, bura zəruri texnikanı salan kimi kəndlilər gəlmələri əhatəyə alaraq xəbərdarlıq ediblər: bu ərazi onların mal-qara otardıqları yeganə yerdir. Başqa otlaq yoxdur - ətrafda bir qarış da boş torpaq qalmayıb.

Beləcə binəva fermerə imkan vermədilər ki, işini yekunlaşdırsın, halbuki artıq bu işə qoyulmuş pulun məbləği də az deyil – onlarla min dollar xərclənib. İndi isə Rüfətin yaxınları gəlib bir qərara varmaq istəyirlər ki, qoyulan pulları necə geri qaytarsınlar. Lakin bunu da etməyə imkan vermədilər. Şor-şorlu çoban tənbəllik etmədən tolunu dəyişib və ilxısı ilə birlikdə bura gəlib ki, çomağını yelləyərək gəlmələrə buranın dədə-babadan kəndlilərin otlaq yeri olduğunu başa salsın. Heyvanatın otarılması üçün burda başqa yer yoxdur. Kəndlilər isə bura heç kimi buraxmayacaqlar və yerli sakinləri mal-qarasız qoyacaq balıq onlara lazım deyil.

O qədər də xoş olmayan bu söhbət bir neçə dəfə çobanın mobil telefonuna daxil olan zənglərlə kəsildi – nə olmasa da, yaşadığımız əsrin həmin yeniliyi bu ucqara da yol tapıb. Sən demə, uzaqdan yad adamları görmüş kənd camaatı çobana zəng edirmişlər ki, bunlar kimdir və kömək lazımdırsa gəlsinlər. O da hamıya eyni cavabı verirdi: "Həmin o uşaqlardır, yenə gəliblər”. Lakin uzaqdan təklif edilən köməkdən də imtina edirdi ki, bəs söhbət ciddi olsa da, əlbəyaxaya çətin keçsin. Gəlmələrə isə izahat verirdi ki, kənd yeganə otlağı, buna görə qan tökülsə də, əlindən verməyəcək. Hər iki cəbhə ilə danışıqlardan sonra çoban uşaqlardan xahiş etdi ki, xoşluqla çıxıb getsinlər və başladı yaranmış anlaşılmazlığın səbəbini bizə izah etməyə.

Onlarla min dollar, Kürdəmirin icra başçısı isə çarəsizdir

- Bu uşaqların günahı yoxdur, - uzaqlaşan adamların arxasınca baxaraq çoban nəql etməyə başlayır. – Bütün işlərin baiskarı həmkəndlimiz Əlvan Qəniyevdir. Yerli bələdiyyə sədri ilə razılaşaraq, bu torpağı 99 illiyə icarəyə götürüb. Şor-şorlular bundan yalnız o vaxt xəbər tutdular ki, burada texnika peyda oldu və göl yaratmaq üçün buranı qazmağa başladılar. Həmin Əlvanı elə günə qoyduq ki, kənddən baş götürüb getməli oldu. Heç bir sənəd də köməyinə gəlmədi. Amma insan yarımçıq naxələf ola bilməz. Başa düşəndə ki, burada bir şey edə bilməyəcək, öz kağızlarını kənar bir adama satıb və yəqin ki, ona xeyli qazanacağını da söz verib. Lakin bu adam da heç nə edə bilməyəcək...

Deyəsən, çoban haqlıdır. Qazılan göl kəndlilərin böyük qəzəbinə səbəb olub və onlar bu barədə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərova məlumat veriblər. Tərəflərdən  biri sahibkarın özüdür və əlində bu torpağın icarəsi barədə sənəd var. Əlbəttə ki, sahibkarın hüquqlarına hörmət etmək və onu qorumaq lazımdır, lakin digər mövqeni tutmuş kənd öz dediyinin üstündə möhkəm dayanıb: torpaq bizimdir və heç kimə vermərik. Bəs, heç bir hakimiyyət, heç bir sənəd bizi məcbur edə bilməz ki, acından ölək – heyvanatsız yaşaya bilmərik.

Sözsüz ki, icra hakimiyyətinin başçısı kəndlilərin tərəfini tutdu və Meliorasiya və Su Təsərrüfatı Dövlət Agentliyinin yerli şöbəsində sahibkarı başa saldılar ki, kanaldan su götürməyə icazə verilməyəcək.
 

 
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov


Cəfərov kəndlilərlə ikinci toqquşmanı əsla istəmirdi, onsuz da burada gördüyünü görmüşdü. Kəndlilərin sözlərinə görə, o, qorxmayıb, sadəcə olaraq, sakinləri başa düşüb. Lakin icra hakimiyyətinin başçısı yalnız bir tərəfin – kəndlilərin probleminin həli ilə kifayətləndi. Axı başqa tərəf də var – sahibkar artıq onlarla min dollar xərcləyib və belə işlərdə tez-tez rast gəlindiyi kimi., məsələyə qohum-əqrəbasını da qoşub.

Bəs indi o nə etsin? Onun problemlərini kim başa düşəcək? Onu elə-belə qovmaq da insanlıqdan deyil. Ümumiyyətlə, belə hallarda necə hərəkət edilməlidir – həm hüquqi müstəvidə, həm də sırf mənəvi-əxlaqi baxımdan? Çünki ictimai-hüquqi müstəvidə hər iki tərəfin maraqları tamamilə perpendikulyar şəkildə kəsişir. Lakin burada qanuna müraciət edəcək kimsə yoxdur. Buna görə də, tərəzinin gözü kəndlilərə tərəf əyilir – çoxluğun gücü onlar tərəfdədir. Belə baxanda, qanun da kəndlilərin tərəfində olmalıdır, amma sahibkarın da hüquqları var, o baha qiymətə sənədlə torpaq alıb.

İndi isə bütün məsələlərin yarımçıq həll olunduğu rayon rəhbərliyində sahibkarı "oyundan kənar” elan etmək istəyirlər, halbuki belə hallarda onun ən azı kompensasiya almaq haqqı var. Lakin burada "zərərin ödənilməsi” kimi anlayışlarla işləməyə adət etməyiblər. Kompensasiyanı isə tapmaq problem deyil: elə həmin bələdiyyə sədri həmin Şor-Şor kəndinin yaxınlığında şəxsi gölə sahibdir və balıq yerişdirir. Özü də Rüfət Məmmədzadənin planlaşdırdığından qat-qat böyük ərazidə.

Bax belə, əgər günah bələdiyyə sədrindədirsə, qoy özü də cavab versin – özünün balıq təsərrüfatının bir hissəsini zərər görmüş sahibkara güzəştə getsin. Belə olarsa, həm sahibkarın hüquqları müdafiə olunar, həm də kəndliləri örüş yerindən məhrum etmək fikrinə düşmüş bələdiyyə sədri cəzalanar. Axı bunlar məhz onun doğma kəndindən qovulmuş Əlvanla gizli sövdələşməsinin ucbatından qaynaqlanıb.

Onun özünün malik olduğu nəhəng su hövzəsinin mövcudluğunun qanuniliyini də yoxlamaq pis olmazdı – onlarla hektar torpağı özü özünə satıb? Bəs bu necə olur ki. özünə satanda hər şey qaydasındadır, kənardan gələn insana satanda – qeyri-qanunidir? Bütün yazılmış və yazılmamış qanunlara görə əksinə olmalıdır axı. İcra hakimiyyətinin başçısı buna fikir verə bilərdi. Axı o, nə etdiyini gözəl bilir.

Qanunla qanunsuzluğun calağı


İlham Əliyevin fermer təsərrüfatlarının inkişaf etdirilməsi çağırışı ilə tanışdır, bu bədbəxt 20 hektar sahəyə namizədlərlə dəfələrlə görüşüb, onlara xeyir-dua verib və sövdələşmə kağızları da var. Bundan başqa, icra hakimiyyətinin başçısı bütün işlərində onlara kömək edəcəyinə söz də verib və məsləhət görüb ki, bir problemləri olsa, şəxsən ona müraciət etsinlər. Lakin münaqişə yaranan kimi öz kabinetinin divarları arxasında gizləndi. Köməyi isə o oldu ki, Meliorasiya və Su Təsərrüfatı Agentliyinin şöbəsi sahibkara su verməkdən imtina etdi, halbuki həmin təşkilatla bağlanmış ikitərəfli müqaviləyə görə, melioratorlar fermerə su verməyə borcludurlar. Əlbəttə, məhkəməyə müraciət etmək olar, lakin təcrübə göstərir ki, heç bir məhkəmə qərarı rayon rəhbərinin əleyhinə qəbul edilmir.

Bax, hakimiyyətin varlığı-yoxluğu məsələsinin cavabı da burada gizlənib. Sözsüz ki, Şor-Şorda və bütün rayonda hakimiyyət var, amma, bu, o vaxt üzə çıxır ki, özünə lazım olsun.

"Özününkülər”ə heç bir qanuni əsas olmayanda da kömək edir. "Yadlar”ı isə hesaba almır – xeyir-dua da verə bilər, son qəpiyinə qədər soya da bilər. Bizim halda icra hakimiyyətinin başçısının icazəsi olmadan ayağını bir addım o tərəfə də qoymayan bələdiyyə sədri sahibkarlara "atıb” və onları kəndlilərlə üz-üzə qoyub.

Söz yox, vəziyyət mürəkkəbdir. Lakin çıxışı olmayan da deyil. İcra hakimiyyətinin başçısı gölün ətrafındakı təsərrüfat sahiblərindən xahiş etsə, heç kim bir söz demədən öz sahəsinin 1-2 hektarını otlaq yeri üçün ayırmağa narazılıq etməz. Məmmədzadə deyir ki. özü də bu işdən kənarda qalmaz – ictimai istifadə üçün o da yer ayırar. Lakin bu cür həll üsulu, deyəsən, Cəfərovun maraqlarına cavab vermir, həm də çox əziyyətli işdir axı.

O isə regionlarımız üçün, təəssüf ki, ənənəvi olan idarəçilik üsulu seçib - əgər marağındadırsa, səlahiyyətlərini aşmaqdan da çəkinməyəcək, deyilsə, vacib görkəm alın kabinetində oturacaq və özünün məmur ordusu, kəndli icmaları ilə manipulyasiyalar edəcək. Bu cür intriqalarda saç ağartmış məmurlar isə başçıya lazım olan istənilən mənzərəni yaratmağa hazırdırlar, bunun üçün qanunla qanunsuzluğu calaq etmək və onlarla insanı üz-üzə qoymaq lazım gəlsə belə. Nəticədə, məmurların maraqları qorunur, sadə insanlar isə düşmənçiliyə o qədər aludə olurlar ki, mübahisələrlə baş qataraq, öz xeyirlərini görə bilmirlər. Lakin rayonlarda məmurlar bunun üçün deyil, icra hakimiyyətinin başçısının maraqları tam fərqli olmalıdır. Amma bunu kimə deyəsən?..
 
Mənbə: Virtualaz.org
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook