SON XƏBƏR

Kommunal idarələr Bakını qışa necə hazırlayır?

Oktyabr 10
09:50 2018
Son günlər havanın qeyri-sabit keçməsi, soyuqların düşməsi Azərbaycanda qış qayğılarını artırıb. Adətən, qış mövsümü əhalinin həyat və məişət şəraitində müəyyən problemlərin yaranması ilə xarakterizə olunur. Ölkə ərazisində havaların dəyişməsi həm də qaz, işıq və istilik təchizatında problemlərin yaranması ilə müşayiət olunur. Maraqlıdır, aidiyyatı qurumlar qışa necə hazırlaşır? Onlar əhalinin işıq, qaz, su problemlərinin yaranmaması ilə bağlı hansı işləri görür?

Modern.az məsələnin aktuallığını nəzərə alaraq, bəzi aidiyyatı qurumlara sorğu ünvanlayıb. Dövlət qurumları heç bir problemin yaranmayacağını və qışa tam hazır olduqlarını bildirdilər.

"Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Kərbalayev bildirib ki, qurum tərəfindən 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar xüsusi plan tərtib edilib:

"Plan əsasında may-oktyabr aylarında yeni qaz xətləri çəkilib, istismara yararsız qaz xətləri yenilənib. 2018-ci ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar 4931 metr qaz kəməri dayaqlar üzərinə qaldırılıb.  Bərpa işləri müvəfəqiyyətlə həyata keçirilib. Bütün bunlar istehlakçıların qış mövsümündə dayanıqlı qaz təchizatı ilə təmin olunmasına hesablanıb”.

Qaz partlamalarına da toxunan qurum sözçüsü deyib ki, əhalinin istifadə etdiyi qaz cihazlarının, tüstü bacalarının təmizlənməsi "Azəriqaz” İstehsalat Birliyinin sərəncamında deyil:

"Lakin müvafiq qurumlarla birlikdə maarifləndirmə aparılır, mütəxəssislər bu prosesə cəlb olunur”.

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev vurğulayıb ki, qurumun işləri mövsümlə əlaqədar deyil, daim müştəriləri elektrik enerjisi ilə təmin edir:

"İndiyə qədər yenidənqurma işləri aktiv olub. Bu da öz nəticəsini verir. Son günlərin küləklli, yağmurlu hava şəraiti elektrik enerjisinin təchizatında problem yaratmayıb. Tək Bakıda deyil, respublikanın bütün rayonlarında enerji təchizatı tam şəkildə həyata keçirilir.

Böyük ölçüdə yarımstansiyalar salınıb. Ağac dayaqların dəmir, beton dayaqlarla əvəzlənməsi baş tutub. Əhali istehlakçı qruplarda naqillərin özünüdaşıyan izolyasiyalı kabel naqillərlə dəyişdirilməsi həyata keçirilib. Təkcə bu ilin ilk 9 ayı ərzində 162 kənddə yenidənqurma işləri aparılıb. O kəndlərdə çürümüş ağac dayaqların dəmir beton dayaqlarla əvəzlənməsi, calaq naqillərin yenilənməsi müsbət nəticələr veirr. Qış nə qədər sərt keçsə də, bu bizi qorxutmur”.

T. Mustafayev qəza hallarının baş verə biləcəyini də istisna etməyib:

"Təbiətin şıltaqlığıdır, bizdən asılı olmayan səbəblərdən xoşagəlməz hadisə, qəza baş verərsə, fəsadları dərhal aradan qaldıracağıq. Qurumun aktiv qəza xidməti qış boyu fəaliyyət göstərərək, yaranan problemlərin operativ aradan qaldırılmasına çalışacaqlar”.

"Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllı da qurumun qışa hazırlıqla bağlı gördüyü işləri sadalayıb:

"Tam əminliklə deyə bilərik ki, qışa hazırıq. Kanalizasiya xətlərini, kanal kollektorlarını və s. işlək, saz vəziyyətə gətirmişik. Su təchizatı ilə bağlı heç bir problem yoxdur. Su kanalları, təmizləyici qurğular normal,  istismara tam hazır vəziyyətdədir.

Hər hansı problem yaşanarsa, qəza halları baş verərsə, "Azərsu”nun müvafiq qurumları, rayon su kanal idarələrinin işçilər müvafiq tədbirlər görəcəklər”.

A. Cəbrayıllının sözlərinə görə, qış mövsümündə qurumun balansında olan boruların, xətlərin donvurma ilə bağlı heç bir problemi olmur:

"Çünki borular standartlara uyğun, torpağın altı ilə çəkilib. Keçən qış mövsümlərində müşahidələr göstərir ki, donma halı baş verməyib. Ancaq insanların özlərinin çəkdiyi xətlərdə, həyət evlərində donma baş verir”.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook