SON XƏBƏR

Kimdi bu il çempion?

Fevral 20
14:14 2017
"Qəbələ” doğma meydanda "Qarabağ”ı məğlub etməklə uzun müddətdən bəri arzuladığını birinci pilləyə yüksəldi. Hər iki komandanın heyətlə bağlı problemlər yaşadığı qarşılaşmadan Roman Qriqorçukun komandası 3 xalla ayrılmağı bacardı. Bunda yerli azarkeşlərin də danılmaz rolu var. Qəbələli futbolsevərlər qış günəşinin zəif şüaları altında qarlı şəhər stadionunu doldurmağı bacarmışdılar. Onlar qonaq fanatlar qədər fəal olmasalar da, fasilədən sonra varlıqlarını daha çox hiss etdirməyə başladılar.

Bu qələbə sayəsində "qırmızı-qaralar” mövsümün sonunda qızıl medal qazanmağa iddialı olduqlarını da ortaya qoydular. Xeyli vaxtdı ki, ölkə çempionatında rəqbatsizlikdən əziyət çəkən "Qarabağ” mövsüm ərzində ikinci dəfə "Qəbələ”dən məğlub qayıtdılar. Maraqlıdı ki, 1-ci dövrədə keçirilən qarşılaşmada da "Qəbələ” 2:0 hesablı qələbəyə sevinmişdi. Artıq əminliklə söyləmək olar ki, "Qarabağ” "Qəbələ”nin simasında çox ciddi rəqib qazanıb və bu iki komanda sona qədər çempion olmaq uğrunda mübarizə aparacaqlar.

Yeganə təvəqqemiz hakimlərin bundan sonra daha da diqqətli olmaları, dünənki qarşılaşmada olduğu kimi, kobud səhvlərsiz bir idarəçilik görməyimizdi. Fariz Yusifov və onun təcrübəli köməkçiləri sübut etdilər ki, psixoloji gərginlik və kənar təzyiqlər hansı səviyədə olursa olsun, 90 dəqiqə ərzində heç nəyə fikir vermədən, "təmiz” hakimlik etmək mümkündü.

İndiki mənzərə həm neytral azarkeşlər, həm də idman mətbuatı üçün arzuolunandı. Çünki çempionatın qalan 9 turu yetərincə maraqlı və həyacanlı keçəcək. Mümkündü ki, qızıl medalların taleyi elə son tura qədər həll olunmasın. "Kimdi bu il çempion” sualına indi birmənalı cavab vermək, "Qarabağ”ın, yoxsa "Qəbələ”nin adını çəkmək çox risklidi. Komandaların sonuncu dövrədə Suraxanıdakı "Azərsun Arena"dakı oyunu hər nə qədər həlledici olsa belə, digər rəqiblərlə görüşləri də mimimum itkiylə başa vurmaq şərtdi. Çempionun adının "Qəbələ", yaxud "Qarabağ" olmasının önəmi yoxdu, əsas odu ki, həmin titul halallıqla və meydanda gedən açıq mübarizənin nəticəsi olsun. Kimsə suyu bulandırmağa, sponsorların xərclədikləri pulların, məşqçilərin çəkdikləri əziyərin, futbolçuların axıtdıqların tərin üzərinə kölgə salmağa çalışmasın, buna cəsarət etməsin.

"Qarabağ”la "Qəbələ”yə, eləcə də hər iki klubun azarkeşlərinə bu həyacanı bizə yaşatdıqları üçün təşəkkürlər.

Hər şey Azərbaycan futbolu üçün!

Amal Abuşov, 
Bakı – Qəbələ - Bakı
Sport7.AZ


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook