SON XƏBƏR

"Köhnə komanda" yeni nazirə qarşı - Hidrometeorologiya Departamentində nə baş verir?

Avqust 20
13:48 2018
Cari ilin aprel ayında ölkədə keçirilən prezident seçkilərindən sonra hökumətin yeni tərkibinin formalaşdırılması zamanı Ekologiya və Təbii Sərvətlər naziri də dəyişdirildi. Hüseynqulu Bağırovun 17 illik rəhbərliyi dövründə ETS nazirliyinin qurumlarında baş verən maxinasiyalar barəsində yerli mediada çoxsaylı faktlara əsaslanmış yazılar yazılsa da, əksər hallarda bu cür yazılara aidiyyatı orqanların heç bir reaksiyası olmurdu. Bu isə sabiq nazirin struktur daxilində baş verənlərdən heç də məlumatsız olmaması barədə irəli sürülən iddiaları əsaslı hesab edirdi. 

Aprel ayının 23-də ARDNŞ-in "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayevin Ekologiya və Təbii Sərvətlər naziri təyin edildikdən sonra, onun nazirliyin kadr heyətini və eləcə də iş prinsipini (burada əsasən maliyyə sərfiyyatı nəzərdə tutulur) yenidən formalaşdıracağı, modernləşdirəcəyi gözlənilirdi. Ancaq Muxtar Babayevin onunla eyni zamanda nazir postuna təyin edilən (Əmək və Əhalinin Sosial Müdafiəsi və Kənd Təsərrüfatı) digər nazirlərlə müqayisədə sürətli islahatlara getməməsi bir çox sualları meydana çıxarıb. 

Məsələn, səslənən iddialara görə Muxtar Babayevin ETS nazirliyində köklü dəyişiklərə gedə bilməməsinin əsas səbəblərindən biri onun bu sahəyə yad insan olması ilə əlaqələndirilir. Ancaq bu iddia keçərli deyil. Muxtar Babayevi xarakterizə edənlər onu yüksək təşkilatçılıq qabiliyyətinə malik, qətiyyətli, işgüzar şəxs kimi təqdim edirlər. Bu zaman haqlı sual meydana çıxır; Bəs, nə üçün ETS nazirliyinin strukturunda ciddi islahatlar aparılmır? Niyə Hüseynqulu Bağırovun nazirliyə rəhbərlik etdiyi dönəmdən qalan neqativ qüsurlar, nazirliyə tabeli qurumlarda baş verən maxinasiyalar hələ də aradan qaldırılmayıb?
 
Bütün bu suallar isə ETS nazirliyində islahatların gecikdirilməsi barədə səslənən ikinci versiyanın doğru olduğunu ortaya çıxarır. 

İkinci versiya nədən ibarətdir?

Ekologiya və Təbii Sərvətlər nazirliyində islahatların aparılmaması barədə sosial şəbəkələrdə vurğulanan iddialardan biri isə sabiq nazir Hüseynqulu Bağırovun rəhbərliyi dövründə təyin edilən və formalaşmış "komandanın” yeni nazirin iradəsinə zidd çıxmalarıdır. Düzdür, "köhnə komanda"nın yeni nazirin tapşırıq və istəklərinə, islahat təşəbbüsünə birbaşa, açıq olaraq müqavimət göstərdikləri görünmür. "Köhnə komanda” fəaliyyətlərində daha çox Hüseynqulu Bağırovun rəhbərliyi dönəmindəki "iş prinsipi”nə sadiq qalmaqla, bu "prinsipi” yaşatmaqla yeni naziri də mövcud situasiyaya "alışdırmaq”, islahat aparmaq niyyətindən usandırmaq istəyirlər. 

İnternet media üzərindən apardığımız araşdırmalar zamanı məlum olur ki, ETS nazirliyinin neqativ fonda hallandırılan qurumlarından ən çox Meşələrin İnkişafı Departamentinin və Ətraf Mühitin Mühafizəsi Departamentinin adı çəkilir. Ancaq saytımızın əldə etdiyi məlumatda Milli Hidrometeorologiya Departamentinin də digər departamentlərdən heç də geridə qalmadığı deyilir.

Məlumatda Hidrometeorologiya Departamentinin direktoru Əkbər Həsənovun və baş mühasibi İlqar Hacıyevin adı Departamentin maliyyə yükünün "şişirdilməsində”, quruma tabeli stansiyalarda çoxsaylı "ölü can”ların saxlanmasında çəkilir. "Ölü canlar”ın xüsusən müxtəlif regionlarda fəaliyyət göstərən Hidrometeoroloji Məlumatlar Stansiyalarında, qurumun şöbələrində və yaradılan qruplarında olduğu deyilir. 

Əkbər Həsənov eks nazir Hüseynqulu Bağırova ən yaxın kadrlardan biri sayılır. Hətta onun İqtisadiyyat və Mühasibat uçotu sektorunun müdiri İlqar Hacıyevlə birlikdə Hüseynqulu Bağırovun rəhbərliyi dönəmində nazirliyin sabiq aparat rəhbərinin himayəsi altında külli miqdarda dövlət vəsaitini silərək mənimsədiyi də məlumatlar arasında yer alır. 
 
Əkbər Həsənovla İlqar Hacıyevin paytaxt Bakı şəhərində, Ağdaş və Qəbələ rayonlarında xeyli sayda mülklərinin, obyektlərinin və digər daşınmaz əmlaklarının mövcud olduğu da iddia olunur.
 
Əkbər Həsənovun 2012-ci ildən Milli Hidrometeorologiya Departamentində rəhbər vəzifələrdə - müəyyən illərlə direktor və direktor müavini işlədiyi deyilir. 

Xatırladaq ki, sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov vəzifədən azad olunmamaşdan 6 ay öncə Əkbər Həsənovu yenidən Milli Hidrometeorologiya Departamentinə direktor təyin edib. 

Qarşı tərəf yazıdakı iddialara münasibət bildirə bilər.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook