SON XƏBƏR

Kerolayn Koks, Yelena Bonner və genosid debatları

İyun 18
11:02 2019
"Yaddaş ləpirləri” silsiləsindən
 
Xocalı qırğınının 18-ci ildönümü və ABŞ Konqresi Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində qəbul olunan məlum qətnamə ilə bağlı bir ay öncə yazdığım "Şahmat taxtasında beysbol oyunu”ndan sonra soyqırımı mövzusuna belə tezliklə qayıdacağımı düşünmürdüm.

Yazmaq istədiyimi yazmışdım. Yazmışdım ki, 1915-ci il Osmanlı Türkiyəsində, 1918-ci ilin mart və sonrakı aylarında Azərbaycanda, 1992-ci ildə Xocalıda baş verən hadisələrlə bağlı beynəlxalq aləmdə ədalətsizliklə üzləşmişik. Onu da yazmışdım ki, "…Ədalətin bərpa olunması düşmənə nifrətdən çox, Qarabağa sevgidən keçir. Nifrət, kin bir hiss olaraq ilk növbədə onun bəsləndiyi obyekti yox, insanın özünü məhv edir. Onu içindən yeyir, adamlıqdan çıxarır. Nifrət insan mənəviyyatını kor, onu obyektivlikdən uzaq, rasional düşüncədən məhrum edir, sinir sistemini pozur”.

İnsan orqanizmi hepatit, poliomielit (yoluxucu uşaq iflici), quduzluq, QİÇS və bu sayaq neçə-neçə yoluxucu virusa həssasdır. Mən bu sıraya nifrəti də əlavə edərdim, sağalması mümkün olmayan xəstəlik kimi. Metastaz verən xərçəng kimi…

***

Mətbuatda yazılıb ki, Böyük Britaniya parlamentinin Lordlar Palatasında uydurma erməni soyqırımı ilə bağlı dinləmələr başlayıb. Baronessa Kerolayn Koksun təklif etdiyi "Ermənistanda 1915-1917-ci il hadisələri mövzusunda” debat palatanın gündəliyinə daxil edilib. Xanım Koks həmişəki kimi, məzlum erməni xalqının hüquqları mövzusunda "gözüyumulu”, ağına-bozuna baxmadan danışıb. Burada qeyri-adi nəsə yoxdu, onun belə çıxışlarına öyrəşmişik. Orada dediklərini oxudum, bu sözləri isə diqqətimin süzgəcində ilişib qaldı: "Qarabağda ermənilər etnik təmizlənməyə məruz qalıb”. Tanış cümlə idi. Eyni sözləri 12 il əvvəl də eşitmişdim. Hadisə belə olmuşdu.

…1998-ci ildə Polşa Seymində keçirilən İnsan Hüquqları üzrə III Beynəlxalq Konfransa qatılmaq üçün Varşavaya gəlmişdik. Konfransın sıradan bir tədbir olmayacağı elə iştirakçıların siyahısı ilə tanışlıqdan məlum oldu. Siyahıda BMT, ATƏT və bu kimi həşəmətli beynəlxalq təşkilat təmsilçiləriylə yanaşı, dünya çaplı keçmiş dissidentlər, məşhur hüquq müdafiəçiləri, bir çox ölkənin parlament və hökumət üzvləri, neçə-neçə bu sayaq adamlar vardı. Azərbaycanı isə bir neçə QHT və siyasi partiya nümayəndəsi təmsil edirdi.

Tədbirin ilk günündən Çeçenistan prezidenti Aslan Məshədov, onun o vaxt çox populyar olan mətbuat katibi Mövladi Uduqov və onların yanından aralanmayan Yelena Bonner hamının diqqətini özlərinə cəlb eləmişdilər. Sessiyalar bir-birini əvəz edir, konfrans gündəlik üzrə gedirdi. Fasilələrdə neçə-neçə ölkədən gələn tanışla görüşür, adını eşidib üzünü yeni gördüyümüz adamlarla (məsələn, vaxtilə Çili kommunistlərinin lideri Luis Korvalanla dəyişdirilən məşhur sovet dissidenti, indi Kembric Universitetinin professoru Vladimir Bukovski kimi) tanış olurduq. Fasilələrin birində Krım tatarlarının liderlərindən olan İlmi Ömərov yaxınlaşıb mənə bir vərəq uzatdı. "Dağlıq Qarabağ parlamentinin üzvü Babayanın konfrans iştirakçılarına müraciəti”. Sən demə, bu erməni konfrans iştirakçılarına ünvanladığı müraciəti çoxaldıb yayırmış. "Dağlıq Qarabağ xalqının” çoxəsrlik zülmündən bəhs edən müraciət bu yeni "respublikaya” dəstək xahişiylə bitirdi.

Fasilədən sonra milli azlıqların hüquqlarına həsr olunan sessiyadan bir xeyli keçmiş qoltuğumda Babayanın bir dəstə müracirəti ("dəyərli” sənəd olduğundan hamısını götürmüşdüm) özümü İlminin yanına çaxdım. Mövzu ətrafında dünyaca məşhur akademik Andrey Saxarovun dul qalmış zövcəsi Yelena Bonner çıxış edirdi. Mərhəmət və ədalət hisslərindən hördüyü söz çələngi az qala onu Tereza Anaya bənzədirdi. O, xalqların öz müqəddəratını təmin etmək hüququndan danışır və nümunə kimi Çeçenistanın adını çəkirdi. Alovlu, eyni zamanda yanğılı sözləri rəhmətlik Aslan Məshədovun –  dünyanın diqqət mərkəzində olan bir xalqın liderinin ürəyindən tikan çıxarsa da, bir nöqtəyə zillənmiş gözlərində nigarançılıq dolu qayğı apaydın hiss olunurdu. Uduqov isə barmaqlarından çənəsinə haça düzəldib həmişəki şit ədasına yeni çalarlar qatırdı ("baş kəsib, qan tökməyən”, amma "baş kəsib qan tökən”lərin əvəzinə qürrələnənləri elə öz davamız vaxtı da az görməmişik).

Bonner söhbəti yavaş-yavaş Dağlıq Qarabağ ermənilərinin üstünə gətirdi. Aha! "Ayının yüz oyunu…” məsəli. Bayaqdan qafqazlı anaya bənzətdiyim bu adam bir andaca məkrli düşmənə çevrildi. O dedi: "Qarabağda ermənilər etnik təmizlənməyə məruz qalıb”. Elə bu söz bəs elədi ki, əlimi mikrofona atım. Polşa Seymində hər kəs qarşısındakı mikrofondan sərbəst istifadə edə bilir. Danışmaq üçün düyməni basmağın başqalarının sözünü kəsməyə bəs edir. Belə də etdim: "Siz yenə yalan danışırsınız!” Bu cür tədbirlərin nüfuzlu qonağına, jurnalistlərin və konfrans iştirakçılarının sevimli ağbirçəyinə belə söz demək etikadan uzaq görünə bilərdi. Amma artıq söz deyilmişdi, zal qurcalanır, hamı dönüb bu sözlərin müəllifini axtarır, Bonnerin yanında oturan Uduqov da qaşlarını hara qədər mümkündürsə, ora qədər qaldırıb təəccüblə məni süzürdü. Sessiyanın aparıcısı, Azərbaycanda yaxşı tanınan və sevilən İrena Lasota, onun üçün nə qədər çətin olsa da, sözlərimi davam etdirməyə imkan yaratdı.

Xanım Bonnerlə aramızdakı qısa debatı olduğu kimi yazıram.

– Siz kimsiniz? Azərbaycanlısınızmı?

– Bəli, Qarabağdanam. Məni bağışlayın, bizlərdə böyüyün sözünü kəsməzlər, amma buna sizin sözləriniz məni məcbur edir.

– Onda icazə verin, fikrimi tamamlayım. Siz axı bilmirsiniz mən nə deyirəm.

– "Qarabağda ermənilər etnik təmizlənməyə məruz qalıb” sözünü siz dediniz indicə.

– Siz məni tanımırsınız…

– Ola bilər, çoxları sizi xanım Bonner kimi tanıyır, mənsə sizi Yelena Alixanyan bilirəm. İndi həm Ermənistanda, həm də Qarabağda bir nəfər azərbaycanlı qalmayıb. Etnik təmizlənməni biz yox, ermənilər aparıb. Siz axı bunları bilirsiniz, niyə faktları təhrif edirsiniz?

Sonra üzümü zala tutub vaxtilə Ramiz Rövşənin ziyalılar barədə söylədiyi məşhur fikrin ünvanını dəyişib dedim: "Ana bətnində balasını hiss etdiyi kimi, hüquq müdafiəçisi də içində vicdanını elə hiss eləməlidir. Çox təəssüf ki, bəzi insan hüquq müdafiəçilərimiz vicdanlarını abort eləyiblər”.

Bu sözlərə etiraz edən də oldu, əl çalan da. Xoşagəlməz vəziyyət yarandığını görən İrena Lasota fasilə elan edib dedi: "Fasilədən sonra debat davam edəcək”. Debatın davamı olmadı, fasilədə Bonner İrena xanımı da yanlayıb yanıma gəldi. Qarabağ probleminin hər iki xalq üçün tələ olmasından uzun-uzadı danışdı, sonda isə söhbətin davamına ehtiyac görmədiyini dedi.

Növbəti gün polyak dostlarımız xəbər gətirdilər ki, konfransa Yelena Bonner, britaniyalı baronessa Kerolayn Koks və moskvalı hüquq müdafiəçisi Qriqoryanın (adını unutmuşam) imzasıyla bir müraciət daxil olub. Konfrans adından BMT baş katibi Kofi Annana ünvanlanan müraciətdə deyilir ki, millətlərin öz müqəddəratını təyin etmək hüququ ilə sərhədlərin dəyişməzliyi prinsipi beynəlxalq hüquqda ziddiyyət təşkil edir və bu məsələ BMT səviyyəsində həllini tapmalıdır. Nümunə kimi də Çeçenistanla Dağlıq Qarabağ göstərilir. Belə bir müraciətin qəbul olunması yolverilməz idi. Odur ki, işə keçdik.

Konfransın rəsmi təşkilatçısı senator Zbiqnev Romaşevskiyə yaxınlaşıb məsələyə aydınlıq gətirdik. O, deyilənləri təsdiqləyib bildirdi ki, belə bir müraciət var və rəsmi qaydada daxil olduğundan oxunmalıdır, əgər əleyhinə çıxış edənlər olarsa, qəbul edilməyəcək, çünki belə müraciətlər yekdilliklə qəbul edilir. Polşa, Gürcüstan, Ukrayna, Rumıniya, Belarusdan və başqa ölkələrdən gəlmiş dostları xəbərdar etdik. Müraciətin mətnini ermənilərin hamisi Kerolayn Koks oxudu. O, çıxışını bitirən kimi zalda söz almaq üçün onlarla əl havaya qalxdı, etiraz səsləri ucaldı. Sessiyasının aparıcısı senator Romaşevski vəd etdiyi kimi, ilk sözü bizə verdi. Müsavat Partiyası başqanının müavini Arif Hacılı yerindən danışmadı, icazə-zad da istəmədi, ayağa qalxıb tribunaya çıxdı. Bəzən təmkinli, bəzən də emosional çıxış elədi. Koksun dediklərinin altını üstünə çevirdi. Onun arqumentləri elə tutarlı oldu ki, Koks durub zalı tərk elədi, Bonner axşam şam yeməyinə gəlmədi. Sonra Uduqov da etiraf etdi ki, müraciətə Qarabağın adını salmaq səhv idi.

Bax belə. Bütün bunlar 12 il sonra ona görə yadıma düşdü ki, baronessa Koks Yelena Bonner-Alixanyanın o vaxt dediklərini utanmadan yenə dilə gətirdi, çünki əmin idi ki, zalda sözünü kəsən olmayacaq. Bu məsələlərdə ədalət o qədər bizim tərəfimizdədir ki, istənilən debatda orta səviyyədə məlumatlı azərbaycanlının belə səsini çıxarması dünyaca nüfuzu olanı, dəryaca ağlı olanı da yerində oturtmağa yetər. Yetər ki, vaxtında "hadisə” başında olasan.

***

Eşitmişəm ki, ermənilər uşaqlarını körpəlikdən türkə nifrət hissiylə böyüdür. Yuxarıda adını çəkdiyim məqalədə yazmışdım: "Dünyada körpə qəlbində nifrət əkmək, bu nifrəti illərlə becərmək, ondan qatil yetişdirməkdən betər günah tanımıram. Belə bir cinayətə bəraət verən qanun, qətnamə və belə bir günahı bağışlayan din də tanımıram.

…Tibbdə adına "dövri erməni xəstəliyi” deyilən bir xəstəlik var. Ərəb, yəhudi, bəzən türklər kimi Yaxın Şərq xalqlarına şamil edilsə də, adı ermənilərlə bağlıdı. Qarın boşluğunda ağrılar yüksək qızdırma ilə müşayiət olunur. Amma mən "erməni nifrəti” adlı başqa bir xəstəlik də tanıyıram. Bunu yalnız onlarla qonşuluqda yaşayanlar bilir. Epidemiya səviyyəsinə çatmış bu xəstəliyin yayılma təhlükəsi var, mən belə bir virusun bizə də keçməsini istəmirəm”.

Həmin yazıda arzulamışdım ki, biz də ermənilər təki yaddaşlı olaq, amma onlar kimi nifrət xəstəliyinə yoluxmayaq, erməniləşməyək. İlin ilk üç ayının hərəsinə bir hüzn günümüz var. Üç ay ağlayırıq.
 
Ermənilərsə il boyu ağlayır. Qorxum bu xəstəliyə yoluxmaqdan yanadır.

Diqqətli oxucu gördü ki, mənim nifrətim "nifrət”ədi, qəzəbə yox.

İçimizdə "nifrət virusu” yuva qurmadan qəzəbimiz soyumasın.

Qəzəbin görə bilmədiyi işi nifrət heç vaxt görə bilməz!

Vahid Qazi
1 aprel, 2010



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook