SON XƏBƏR

Kərbəlaya turlar təşkil edən şəxs zəvvarları aldatdı? – ŞİKAYƏT

Yanvar 09
10:56 2017
Vasif İskəndərov: "Bəxtiyar Gülbalayev adlı bu şəxs mənimlə birlikdə 52 nəfəri aldadıb incitdi” 
 
Bəxtiyar Gülbalayevdən şikayət ilə bağlı Abşeron RPİ-nin təhqiqat şöbəsində araşdırma aparılır.
 
Sosial şəbəkələrdə müxtəlif ziyarətgahlara səfərlər təşkil edən, zəvvar toplayan şəxslərə çox rast gəlmək olar. Bu və digər "təşkilatçı”lar müxtəlif dini statuslar yazmaq, təbliğat aparmaq yolu ilə özlərinə auditoriya toplayır, daha sonra isə müxtəlif müqəddəs yerlərə səfərlərin təşkili ilə bağlı xidmətlər təklif edirlər. Əlbəttə, bu cür xidmət göstərən hər kəsi "fırıldaqçı” hesab etmək də olmaz. Lakin bir məqam da nəzərə çarpır ki, bu cür "təşkilatçı”ların çoxu hər hansı bir şirkəti təmsil etmədən, vergi ödəmədən, yazılı müqavilə bağlamadan, sadəcə şifahi razılaşıb pul almaqla fəaliyyət göstərirlər. 

Hər hansı bir problem yarandıqda və ya hadisə baş verdikdə isə kimin məsuliyyət daşıyacağı məlum deyil... Bu günlərdə müraciət edən Abşeron rayonu, Xırdalan şəhəri sakini Vasif Kamil oğlu İskəndərov bildirib ki, sosial şəbəkələrdə "Abuali Gülbalayev” və ya "Bəxtiyar Gülbalayev” adlı profillərlə təbliğat aparan Bəxtiyar adlı şəxs tərəfindən aldadılıb. 
 
"Bu şəxs mənimlə birlikdə 52 nəfəri aldadıb incitdi. O, Xırdalanda yaşayır, amma dəqiq ünvanını bilmirəm. O, avtobusla müxtəlif insanları Kərbəla ziyarətinə aparmaqla məşğul olduğunu deyir, bu mövzuda müxtəlif paylaşımlar edirdi. Ötən ilin oktyabr ayında onunla əlaqə saxladım, Xırdalanda, 120 saylı maşrutun son dayacağında görüşdük. Məndən 320 manat pul aldı və heç bir müqavilə bağlamadan, qəbz təqdim etmədən söz verdi ki, təşkil etdiyi turda mənim və həyat yoldaşımın Kərbəlaya avtobusda aparılması, orda qalması və digər bütün xərclər o 320 manata daxil olacaq.
 
Biz ümumilikdə 52 nəfərlik zəvvar heyətiylə birlikdə oktyabrın 10-da "Sədərək” ticarət mərkəzinin yaxınlığından yola düşdük. Avtobus Gürcüstan nömrəsiylə idi, dəqiq xatırlamıram, amma sürücünün adı Boris idi. Biz yola İraqa çatandan sonra problemlər başladı. Bəxtiyar gecələmə məsələsində öz vədlərinə xilaf çıxdı və biz qadınların da qalması üçün özümüz yer axtarmalı olduq. Nəcəfdə də, Kərbəlada da eyni hal müşahidə olundu. Bəxtiyar heç bir koordinasiya işi görmədi, hamımız başlı-başına qalmışdıq. 
 
Orda özümüz birtəhər qalmağa yer tapdıq. Bəxtiyarı tapıb ona etirazımı bildirdim, o isə məni bıçaqlamaqla hədələdi. Yola düşəndə isə Boris ondan yanacaq üçün pul istədi, Bəxtiyar dedi məndə pul yoxdur. Yanacaq və sərhəddən keçmək üçün ümumilikdə 2200 manat yığıb sürücüyə verdik. İran Astarasından keçəndə isə Bəxtiyar bizi avtobusdan düşürtdü və sürücüyə dedi ki, sən get, zəvvarlar bundan sonra özləri gedəcəklər. Sərhədi keçəndə biz sürücünün getdiyini öyrəndik. Bəxtiyar isə İran Astarasında yoxa çıxmışdı. 
 

 
Qadınlar, yaşlı adamlar var idi ki, artıq pulları qalmamışdı. Mən özüm 60 manat pul verərək, 3 taksi tutdum və sürücüyə zəng edərək, ondan bizi gözləməsini xahiş etdim. Masallının girişində sürücüyə çatdıq və avtobusa oturub qayıtdıq. Bizi incidən Bəxtiyar Gülbalayevi isə bir daha görə bilmədim”,- deyə V.İskəndərov vurğuladı.
 
V.İskəndərov qeyd etdi ki, məsələ ilə bağlı Abşeron RPİ-yə ərizə ilə müraciət edib: "Hazırda Abşeron RPİ-nin təhqiqat şöbəsində araşdırma aparılır”. 
Biz onun sözünlərinin həqiqiliyini yoxlamaq üçün, Bəxtiyar Gülbalayevə zəng etdik, zənglərimiz nəticəsiz qaldı. Bu şəxsə aid olduğu iddia edilən "Facebook” profillərinə də yazdıq, bir nəticəsi olmadı. Lakin qeyd edək ki, sözügedən şəxsin profilində həqiqətən də zəvvarlar üçün Məşhəd və Kərbəlaya səfər elanları, əlaqə nömrəsi olan paylaşımlar var idi... 
 
Qarşı tərəfin fikirlərini dinləyə bilərik!
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook