SON XƏBƏR

Keçmiş orkestr rəhbəri nələri açıqladı - Əbülfəs Qarayev haqqında növbəti iddia (VİDEO)

Fevral 18
17:11 2021
Mədəniyyət Nazirliyi nəzdində Azərbaycan Dövlət nəfəs alətləri orkestrinin keçmiş bədii rəhbəri, rüşvət almaqda suçlanaraq həbs olunan Lütfi Qədirov məhkəmədə bildirib ki, Mədəniyyət Nazirliyi heç konsertlərdə zəruri xərcləri qarşılamırdı. Məcbur olub, tədbirlərdə şəxsi vəsaitindən xərcləyirdi.

Qədirov 2020-ci ilin iyulunda həbs olunanda Baş Prokurorluq onunla bağlı rəsmi açıqlama yaymışdı. İddia olunurdu ki, faktiki işə gəlməyən əməkdaşlarla əmək müqaviləsinə xitam verilməyib. Onların maaş kartlarına köçürülən vəsaiti orkestrin bədii rəhbəri özü çıxarıb, şəxsi ehtiyaclarına xərcləyib. Əvəzində həmin işçilərə əmək stajı yazılıb. 2017-ci ilin yanvarından 2020-ci ilin iyuluna qədər ümumilikdə 54 min manatın bu yolla əldə olunduğu vurğulanırdı.

CM-in 311.3 (qabaqcadan əlbir olub, külli miqdarda təkrar rüşvət alma) maddəsi ilə ittiham olunan Qədirovun işi üzrə araşdırmalar Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılıb. Hazırda isə o, Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. O, məhkəmədə ifadəsində deyib ki, konsertlərin təşkilində əlavə xərclər çıxırdı, Mədəniyyət Nazirliyi onlara pul ayırmırdı.

"Mədəniyyət Nazirliyi kifayət qədər vəsait ayırmırdı. Məsələn, 100 manat vəsait ayırırdı, halbuki, 500-600 xərcimiz çıxırdı. Mən də dövləti, bayrağımızı təmsil eləyirdim. Razı ola bilməzdim ki, nələrsə qaydasında olmasın. Ona görə zəruri xərclərdə qənaət eləmirdim. Xarici ölkədə ölkəmizi təmsil edərkən özümüzü pis vəziyyətdə qoya bilmərəm ki...", - təqsirləndirilən Qədirov belə deyib.

Onun sözlərinə görə, dəftərxana işləri (çap maşınlarına kartriclərin doldurulması, kağızların alınması və s.) və başqa xərc tələb edən məsələlər də vardı. Vəsait ayrılanda onların heç biri nəzərə alınmırdı. Ona görə də məcbur qalıb özü o xərclərin öhdəsindən gəlirdi.

Qədirov etiraf edib ki, müxtəlif adamların adlarına olan maaş kartlarından pullar çıxarıb. Bankomatlardan pulları çıxarıb gətirməyi də tabeliyindəki işçilərdən xahiş edib. Xərc tələb edən, lakin vəsait ayrılmayan əlavə işləri də həmin pulların hesabına görürmüş.

Qədirov istintaqda ifadəsinin təhrif olunmasından da gileylənib. O bildirib ki, müstəntiqə ifadəsində də məhkəmədə dediklərini danışıb. Amma ifadəsində demədiyi fikirlər yer alıb. Ona görə də həmin ifadəni imzalamaqdan imtina edib.

Səhvlərinə görə peşman olduğunu vurğulayan Qədirov Birinci Qarabağ müharibəsində qazi olmasından, 3 aylıq maaşını Koronavirusa Qarşı Mübarizə Fonduna köçürməsindən də danışıb.

Ötən ilin sentyabrında Qarabağda döyüşlər başlayandan sonra həbsdən müraciət edib ki, müharibəyə getmək istəyir. Lakin onun müraciətinə müsbət cavab verilməyib.

Baş Prokurorluq 2020-ci ilin iyulunda Qədirovun həbsi haqda rəsmi məlumatla yanaşı, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin onunla bağlı əməliyyat çəkilişlərini, onun iş otağında və evində aparılan axtarışların videogörüntülərini də yaymışdı.

Həmin görüntülərdə axtarış zamanı kartların aşkarlandığı əksini tapıb. Qədirov bildirir ki, orkestrdə özü ilə birlikdə ümumilikdə 62 işçi var. Onun ittiham olunduğu maddələrdə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook