SON XƏBƏR

Kamran Nəbizadə: Prezident İlham Əliyevin Davos Forumunda iştirakı Azərbaycanın qlobal iqtisadi münasibətlərində əhəmiyyətli rol oynadığının göstəricisidir

Yanvar 18
13:39 2017
«Davos Forumu Dünya İqtisadi Forumunun ən vacib tədbiridir. Burada dünyanın tanınmış siyasətçiləri, iqtisadçıları və iş adamları qeyri-rəsmi şəraitdə sülh və sabitliyin möhkəmləndirilməsi və iqtisadi inkişaf perspektivlərini müzakirə edirlər. Ənənəvi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu Forumun işində iştirak edir, bu da bir tərəfdən Azərbaycanın qlobal iqtisadi münasibətlərində əhəmiyyətli rol oynadığını nümayiş etdirir, digər tərəfdən bizim ölkənin dünyada baş verən iqtisadi və geostrateji prosseslərin müzakirəsində iştirak etməsi imkanını yaradır».
 
Bu fikirləri yap.org.az saytına açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Kamran Nəbizadə deyib.
 
K.Nəbizadə bildirib ki, bu Forum Azərbaycana xarici investisiyaların cəlb olunması üçün də çox önəmli məkandır. Onun sözlərinə görə, əlamətdar haldır ki, Dünya İqtisadi Forumun 2017-ci il üçün hazırlanmış Artım və İnkişaf Hesabatında Azərbaycan Litva və Macarıstanla yanaşı ən yüksək İnkluziv İnkişaf İndeksinə malik olan ölkələrdir.
 
«Ötən il Davosda "dördüncü sənaye inqilabı" elan edildi. Bu il də innovativ texnologiyaların tətbiqi üzrə müzakirələr yer alacaq, lakin bu il müzakirələrin əsas hissəsi  texnologiyaların düzgün istifadəsinə həsr olunacaq. Bu arada dünyada iqtisadi inkişaf templərinin aşağı düşməsi, gəlirlərin azalması kimi məsələlər də gündəmdədir. Və məhz buna görə dünyanın aparıcı siyasətçiləri və iqtisadçıları bu Forumda yeni  inkişaf imkanları, mövcud iş yerlərinin qorunub saxlanması və gəlirlərin artırılması istiqamətində də danışıqlar aparacaqlar. Neft ehtiyatlarının qiymətlərinin kəskin şəkildə aşağı düşməsi dünyanın bir çox ölkələrində yeni reallıqlar yaratdı, bu prosesin mənfi təsirini həm neft məhsullarını idxal edən ölkələr, həm də, nə gədər təəccüblü olsa da, neft məhsullarını ixrac edən ölkələr də hiss etdi. Fikrimcə, bu mövzu ən maraqlı diskussiya mənbəyi olacaq. Və təbii ki, inkişafı zəiflədən məqamlar müzakirə olunacaq, ekoloji, geostrateji risklər müzakirə olunacaq. Burada müxtəlif ölkələr arasında yaranan siyasi gərginliyin bir çox ölkə iqtisadiyyatlarına ziyan vurduğunu da qeyd etmək lazımdır. Forumda müzakirə olunan mövzular, bu müzakirələrin nəticəsi dünyada baş verən geosiyasi və iqtisadi proseslərə təsir edəcək, gələcək inkişaf strategiyasının formalaşması üçün əhəmiyyətli olacaq»- deyə, K.Nəbizadə vurğulayıb.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook