SON XƏBƏR

Kafedra müdiri oğlunu işə düzəltmək üçün 80 min manat pul verib

Aprel 17
16:03 2019
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvətə təhrik etmədə təqsirləndirilən Süleyman İbrahimov və Əvəz Babayevin cinayət işi üzrə məhkəmənin iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttiham aktına əsasən, S.İbrahimov və Ə.Bayramov Azərbaycan Kooperasiya Universitetində kafedra müdiri vəzifəsində çalışan Fazil Abbasovun oğlu Anar Abbasovu Bakı şəhər ərazisində yerləşən kolleclərin birinə rəhbər şəxs təyin edəcəyi vədini verib, ondan 80 min manat pul alıb. Daha sonra onlar verdikləri vədə əməl etməyib və həmin məbləğdən 29 500 manatı geri qaytarıb.

Məhkəmədə elan olunmuş ittiham üzrə hər iki şəxs özünü təqsirli bilmədiklərini söyləyib.

Prosesdə şahid qismində Azərbaycan Kooperasiya Universitetində kafedra müdiri vəzifəsində çalışan F.Abbasov ifadə verib. O qeyd edib ki, təqsirləndirilən Ə.Babayevə 80 min manatı meyvə-tərəvəz biznesi qurmaq adı ilə verib: "Sonra iş alınmadı və o, 29 500 manatı geri qaytardı".

Dövlət ittihamçısı bildirib ki, F.Abbasovun ifadələri arasında ziddiyyətlər var.

F.Abbasov isə deyib ki, özü istintaqa qəsdlə başqa ifadə verib: "Çünkü pulumu geri ala bilmirdim. Heç kəs məni belə ifadə verməyə məcbur etməyib".

Prokuror xatırladıb ki, F.Abbasov yalan ifadə verdiyinə görə cinayət məsuliyyətinə cəlb edilə bilər.

Suallara cavab verən F.Abbasov söyləyib ki, S.İbrahimovu 8 ilə yaxındır tanıyır: "Gördüm ki, pulu qaytara bilmirlər. Onlardan xahiş etdim ki, nüfuzunuz olduğu üçün oğlumu işə düzəldin".

Məhkəmədə elan olunub ki, F.Abbasov bu işlə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə ərizə yazıb.

F.Abbasov istintaqda dindirilən zaman vurğulayıb ki, Ə.Babayev Maliyyə Nazirliyinin Regional şöbəsində çalışıb, sonra işdən ayrılıb, hazırda həmin nazirliyin Aparat rəhbərliyində işləyir: "Həmin vaxt Əvəz oğlumla əlaqə saxlayıb, işləyib-işləmədiyini soruşub. Oğlum da işsiz olduğunu deyib. Əvəz Babayev oğlumu Bakıda kolleclərin birinə işə düzəldəcəyi vədi verib. Buna görə Əvəz Babayevə oğlum Anar və qohumum Zöhrabla birlikdə 80 min manat verdik. Sonra iş alınmadığı üçün Əvəz mənə 29 500 manatı geri qaytardı. Qalan məbləği isə vermədi".

F.Abbasov məhkəmədə qeyd edib ki, pulu iş birliyi üçün verib, lakin sonra həmin pulu geri ala bilmədiyindən hüquq-mühafizə orqanına başqa şəkildə ifadə verib: "Əvəz Babayev oğluma iş tapacağı vədini verdi. Süleymanı da Əvəz müəllimin vasitəsilə tanımışam. Bu işlə onların ikisi də məşğul olurdu".

Məhkəmənin növbəti iclası aprelin 24-nə təyin edilib.

Qeyd edək ki, S.İbrahimov və Ə.Babayevin barəsində Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvət verməyə təhrik etmə), 178-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, təqsirləndirilən Ə.Babayev Maliyyə Nazirliyinin əməkdaşıdır. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook