SON XƏBƏR

Jirinovskinin Türkiyədəki inauqurasiyaya dəvət almasının sirri – iki rəy

İyul 09
10:18 2018
Elxan Şahinoğlu: "Ərdoğan ondan istifadə etməyi özünə qəbahət saymır”; Əhəd Məmmədli: "Bu, rus siyasətində Jirinovskinin əhəmiyyətini göstərir”
Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün 8-9 iyul tarixlərində Türkiyədə səfərdə olacaq. Axar.az xəbər verir ki, bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Ərdoğan şəxsən Jirinovskiyə dəvət göndərib. RLDP-dən olan digər deputatlar da səfər zamanı partiya liderinə yoldaşlıq edəcəklər.

Hər zaman türk dünyası barəsində sərsəm fikirlər səsləndirən Jirinovskini Türkiyə rəhbərinin andiçməsinə dəvət etməsi maraq doğurub. Kremlin "təlxəyi” sayılan rus siyasətçinin belə bir dəvət alması Azərbaycanda da müzakirələrə yol açıb. Bu istiqamətdə ən müxtəlif mövqelər səslənməkdədir. Çoxları hesab edir ki, bu dəvət daha çox hazırda ən yüksək səviyyədə olan Türkiyə-Rusiya münasibətlərindən doğur. Bunun əksini düşünənlər də az deyil.

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Ərdoğan Jirinovskidən istifadə etməyi özünə qəbahət saymır: "Jirinovski türkoloq olsa da, türk dünyasını sevmir, ona nifrət edir. Ancaq Jirinovski həm də pulgir siyasətçidir. O bir müddət əvvəl Türkiyəyə dəvət edilmişdi. Türkiyədə yüksək səviyyədə qəbul edildi, hətta prezident Rəcəb Təyyub Ərdoğanla görüşü də təşkil olundu. Buna qədər ”Türkiyə dağıdılmalıdır", "İstanbul ələ keçirilməlidir” deyən Jirivonski Ərdoğanla görüşdən sonra başqa mahnı oxumağa başladı. Jirinovski artıq Türkiyəni Rusiyanın müttəfiqi adlandırır və bu ölkə ilə əməkdaşlığın genişləndirilməsinin vacibliyini dilə gətirirdi. Bu, Ərdoğanın xeyrinə idi. Jirinovski siyasi kloun olsa da, onun Rusiyada kifayət qədər tərəfdarı var və partiyası həmişə parlamentdə yer qazanır. Onu bəzən Kremlin "danışan dili” də adlandırırlar.

Ona görə də Ərdoğan Jirinovskidən istifadə etməyi özünə qəbahət saymır. Buna baxmayaraq, onu nəzərə almaq lazımdır ki, Jirinovskinin ipinin üstünə odun yığmaq da mümkün deyil. Məsələn "Rossiya 1" telekanalında ”Vladimir Solovyovla axşam" siyasi tok-şousunda çıxış edən erməni əsilli hərbi-siyasi ekspert Semyon Baqdasarov bir müddət öncə Azərbaycanın Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edən Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyasından olan deputatı Dmitri Savelyevi məhv etməyə çağırdı. Jirinovski proqramda deputatını müdafiə etməkdənsə, Baqdasarovun "məhv edilməlidir” sərsəmləməsinə "razıyam” cavabını verdi. Ayrı vaxt Jirinovski nərildəyir, Baqdasaryanın qarşısında isə dovşana dönmüşdü. Halbuki, Jirinovski Türkiyəyə getdiyi kimi Azərbaycana da dəvət edilmiş və prezident İlham Əliyevlə görüşmüşdü. Odur ki, Jirinovski kimilərə etibar yoxdur. Ancaq yəqin Ankarada düşünürlər ki, ondan hələ istifadə etməyə dəyər. Bir gün Rusiya-Türkiyə münasibətlərindən yenə nəsə sual meydana gəlsə, istisna etmirəm ki, Jirinovski yenidən əsl simasını ortaya qoyacaq və Türkiyəni düşmən dövlət adlandıracaq".

"Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli Ərdoğanın Jirinovskinin kimliyini yaxşı tanıdığını bildirdi: "Bu, bir siyasətdir. Jirinovski təlxək də olsa, Kremlin təlxəyidir. Kremlin təlxəyi də özlüyündə ciddi və önəmli statusdur. Orta əsrlərdə Avropada rəsmən kralın təlxəkləri var idi. Bu təlxəklər əsilzadələrdən də olur. Kral demədiyi sözləri, mesajları onların dili ilə dedizdirir, etdirirdi. Ərdoğan da əslində Jirinovskinin kim olduğunu yaxşı bilir və bu aspektdən Jirinovskini dəvət edib. Jirinovski həmçinin Türkiyə və türk dünya üzrə ekspertdir. Təcrübəli agentdir. İllərdir agent olaraq Türkiyədə də fəaliyyət göstərir. Həm də unutmayaq ki, rus parlamentində təmsil olunan üçüncü partiyanın sədridir. Bütün bunlar rus siyasətində Jirinovskinin əhəmiyyətini göstərir. Təbii ki, bu dəvət həmçinin, Türkiyə-Rusiya münasibətlərinin yaxınlığından da xəbər verir. Türkiyə çalışır ki, Rusiya siyasətinin üst düzəyində mövqelərini möhkəmləndirsin. Yəqin bu andiçmədə Rusiya heyəti böyüklüyü ilə seçiləcək. Bu bir daha Türkiyə-Rusiya münasibətlərinin yaxın olduğunu göstərəcək. Amma yenə də unutmayaq ki, Jirinovski dünən düşmən, bu gün dost, sabah yenə də düşmən olacaq. Kreml nə istəyirsə, onu da edəcək. Jirinovski Kremlin istəyi ilə bu gün dost, sabah yenə də düşmən libası geyinəcək”.

"Yeni Müsavat”



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook