SON XƏBƏR

Jirinovski yenə sərsəmlədi

Aprel 19
07:48 2016
Fazil Mustafa: "Artıq Rusiyada fikirləri ciddiliyini itirmiş siyasətçilər dilə gətirir və bunların arxasında oturuşmuş praqmatik təhlillər yer almır” 

Rusiyanın Liberal Demokrat Partiyasının lideri, Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovski yenə də öz ampluasından çıxış edərək Türkiyə və Azərbaycanı təhdid edib. 2014-cü ildə Azərbaycana səfər edən Jirinovski o zaman tam fərqli mövqeyi ilə hətta erməni "qardaşlarını” da təəccübləndirmişdi. Son açıqlaması ilə isə LDP sədri bu dəfə Azərbaycanda təəccübə səbəb oldu.

Jirinovski iddia edib ki, əgər sovet hökuməti Rusiya çarlığının ərazi bölgüsünü dəyişməsəydi, o zaman Qarabağ konflikti yaranmazdı: "Bu konflikti nə Minsk Qrupu, nə fransızlar, nə amerikalılar həll edəcəklər. Məsələ ilə bağlı yekun qərarı yalnız Rusiya prezidenti qəbul edə bilər. Rusiya bu regionda həmişə farslarla, türklərlə savaşıb, həmçinin erməniləri müdafiə edib. Azərbaycanı biz almamışıq. Onu bizə İran şahı rus səfirinin öldürülməsinə qarşı kompensasiya olaraq verib”. V.Jirinovski iddialarını davam etdirərkən Moskvanın məxfi planlarını da ictimailəşdirib: "Biz Azərbaycanı fəth etməmişik. Azərbaycan və Ermənistan Rusiyanın tərkibinə qayıtmalıdır, əks təqdirdə onlar daha 1000 il belə savaşacaqlar. Əgər Moskva Qarabağı Ermənistana vermək haqqında qərar qəbul etsə, Azərbaycan Türkiyə ilə hərbi müqavilə bağlayacaq və türk hərbi bazaları Dağıstan sərhədində peyda olacaqlar. Dağıstan da həmçinin türkdilli ölkədir. Dağıstan əldə olunsa, bütün Şimali Qafqazda onların təsiri artacaq. Sosialist inqilabına qədər onsuz da burada hər kəs türkcə danışırdı. Türkiyəyə imkan vermək lazım deyil ki, Azərbaycanı öz yanına çəksin.  Biz Kürdüstanın yaradılmasını dəstəkləyib, Qərbi Ermənistandakı erməni torpaqlarını geri qaytarmalıyıq. Belə olsa, Qarabağ məsələsi dərhal həll olacaq. Bu 21-ci əsrin ortalarının məqsədidir. Türkiyəyə hər kəs - ruslar, bolqarlar, kürdlər, yunanlar, iraqlılar nifrət edirlər. O, hər kəsə maneə yaradır. Onlar köçəridirlər və Orta Asiyaya geri qayıtmalıdırlar”.

Qeyd edək ki, V.Jirinovski ermənipərəst mövqeyini olduqca həssas bir məqamda ifadə edib. Belə ki, Moskva Qarabağ məsələsinin tənzimlənməsində tərəfsizlik nümayiş etdiyini sübuta yetirmək istəyir. Ancaq LDP sədrinin mövqeyi bu bəyanatlarla ziddiyyət təşkil edir. Eyni zamanda Dövlət Dumasının nümayəndəsi antiazərbaycan mövqeyini Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə Azərbaycan parlamentinin nümayəndə heyətinin Rusiyaya səfər etdiyi gün nümayiş etdirib. Azərbaycan nümayəndə heyəti Avrasiya Ölkələri Parlament Sədrlərinin I iclasında iştirak etmək üçün Rusiya paytaxtına gedib. Yeri gəlmişkən, Bakıya səfər edərkən Jirinovsi Milli Məclisdə də hörmətlə qəbul olunmuşdu. İndi onun yüz səksən dərəcə dəyişməsinin səbəbləri maraq doğurur. XİN və Milli Məclisdən hələlik Jirinovskinin dediklərinə reaksiya bildirilməyib.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa isə "Yeni Müsavat”a açıqlamasında rus deputatın fikirlərinə orijinal şəkildə münasibət bildiridi: "Jurinovskinin bu cür antitürk və antiazərbaycan açıqlamaları əslində bizim siyasi gələcəyimizi gözdən keçirmək baxımından faydalıdır. Bu, Rusiya elitasında yer alan bir çox şəxslərin zehniyyətindəki ideyaların tərcüməsidir. Bunu uzun illərdir Rusiya elitasında düşünələr var, ancaq Rusiyanın belə xəyalları gerçəkləşdirmə potensialını diqqətlə incələməliyik. Fikrimcə, Rusiya Şimali Qafqazı, Türkiyə və Azərbaycanı bu cür asan variantla zərərsizləşdirmək potensialına sahib olsaydı belə, açıq tekstlə istəyini bəyan etdirməzdi. Xatırlayırsınızsa, həmin Jirinovski Şimali Qafqazdan yaxa qurtarmağı tövsiyə edirdi. Artıq Rusiyada fikirləri fikir adamları deyil, ciddiliyini itirmiş siyasətçilər dilə gətirir və bunların arxasında oturuşmuş praqmatik təhlillər yer almır. Baxın, Jirinovskinin çağırışı ermənilərdən və kürdlərdən başqa bölgədə hamını düşmənə çevirmək siyasətinə aparır və Rusiyanın kifayət qədər düşməni olduğu halda, bu sıranın genişlənməsi inanmıram ki, Rusiyanın faydasına olsun. Ümumilikdə isə Jirinovskinin açıqlamalarını daha tədbirli olmağımız baxımından qiymətləndirməyi daha doğru sayıram xüsusi təhlükə olaraq görmürəm”.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook