SON XƏBƏR

“İstəsəm də, istəməsəm də imzalayırdım, əməkhaqqım isə 2500 manat idi”

Aprel 15
13:40 2019
Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev və onunla birlikdə mühakimə olunan 21 nəfərin barəsində cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org-un xəbərinə görə, müttəhimlər kürsüsündə sabiq deputat Dünyamin Xəlilov, C.Hacıyevin bacanağı İsmayıl Hidayətzadə, Zaqatala Olimpiya Kompleksinin direktoru, "Simurq” futbol klubunun vitse-prezidenti Arif Ramazanov, şüşə məmulatlarının istehsalı ilə məşğul olan "İnterglass” ASC-nin rəhbəri Fariz Muradov və digərləri əyləşib.

Təqsirləndirilən şəxslərə qarşı CM-nin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 213 (vergidən yayınma) və başqa maddələri ilə ittihamlar irəli sürülüb.

Zərərçəkmiş qismində "Azərbaycan Beynəlxalq Bankı” ASC, Vergilər Nazirliyi və "Aqrokreditbank” tanınıb.

Prosesdə şahid qismində adı keçən Rəşad Hacıyevin hazırda ölkə xaricində olması, istintaqa verdiyi ifadəsini təsdiq etməsi ilə bağlı məhkəməyə teleqram göndərdiyi məlum olub.

Hakim şahid Rauf Xəlilovun da hal-hazırda Kanadada olduğunu, lakin bununla bağlı məhkəməyə teleqram göndərmədiyini deyib.  

Daha sonra on il Beynəlxalq bankın İdarə Heyətinin sədr müavini vəzifəsində işləmiş Rövşən İsmayılov dindirilib. O, 1997-ci ildən Beynəlxalq Bankda çalışdığını, 2002-2012-ci illər arasında bankın İdarə Heyətinin sədr müavini vəzifəsində işlədiyini qeyd edib: "Mənim işim bankda maliyyə məsələlərinə nəzər yetirib, məlumat vermək olub. Veksellərlə bağlı protokolları bankın sədr və katibləri imzalayıb. Əməliyyatlara xəzinədarlıq deportamenti nəzarət edirdi. Amma bankda kimin bilavasitə nəzarət etməsini dəqiq bilmirəm. Lahiyələrlə bağlı məsələlər Cahangir Hacıyevə məruzə edilirdi. Bankın Moskva filialında kreditlərin verilməsi ilə bağlı məsələlər idarə heyətində müzakirə olunub".

Beynəlxalq Bankın Kredit Komitəsinin üzvü Şahin Rəsulov əvvəllər Beynəlxalq Bankda çalışdığını, 2010-cu ildə öz istəyi ilə işdən ayrıldığını deyib. O, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini  deyib: "Komitənin iclaslarında iştirak etməmişəm. Mənə filial müdiri sənəd göndərirdi ki, onu imzalayım. İstəsəm də, istəməsəm də imzalayırdım. Bankda vəzifəm əməliyyat şöbəsinin müavini idi. Əmək haqqım isə 2500 manat idi".

Təqsirləndirilən Erxan Cavadın "Buta Kitchen" əməliyyatı zamanı Beynəlxalq Bankdan götürdüyü kredit sənədlərinin birində imzası yoxdur. Hakim deyib ki, E.Cavad ifadəsində götürülən kreditlərin brilliant mağazasına yönəldildiyini bildirib. E.Cavad qeyd edib ki, həmin mağazanın 50 faizi Nəsib Piriyevin və 50 faizi isə onun anasının olub: "İttihamda qeyd edilən məbləğ Nəsib Piriyevin Əfqanıstanda olan şirkətinə "ofşor" yolla köçürülüb".

Prosesdə fasilə elan olunub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook