SON XƏBƏR

İsrail Suriyaya misli görünməmiş zərbələr endirdi - video

Yanvar 21
11:35 2019
Bu gün yanvarın 21-də səhərə yaxın İsrail aviasiyası Suriyaya misli görünməmiş miqyasda raket zərbələr endirib. Və ilk dəfə olaraq İsrail ordu komandanlığı bu əməliyyat barədə rəsmi məlumatla çıxış edib.

Virtualaz.org xəbər verir ki, İsrail ordu komandanlığı hava zərbələrinin Suriya ərazisindən İsrail ərazilərinə "yer-yer” tipli raketin buraxılmasına cavab olaraq endirildiyini bildirir.

Hava zərbələrinin hədəfi İranın İnqilab Keşikçiləri Korpusunun "Qüds” briqadasının obyektləri, habelə Suriya Hva Hücumundan Müdafiə qüvvələrinin batareyası olub.

İsrail hərbçiləri bildirir ki, Suriya hava hücumundan müdafiə vasitələri İsrail təyyarələrinə onlarla raket buraxıblar, buna cavab olaraq Suriya HHM qüvvələrinin batareyası məhv edilib.

"İranın İsrail ərazisinə dünənki hücumu bu ölkənin Suriyadakı hərbi iştirakının arxasında hansı məqsədin dayandığını bir daha təsdiq edir. Suriya rejimi onun ərazisində baş verənlərə görə məsuliyyət daşıyır və o, İsrail əleyhinə hərəkətlərə yol verməməlidir. İsrail müdafiə ordusu istənilən ssenariyə hazırdır və İsrail vətəndaşlarının təhlükəsizliyi üçün zərurət yaranarsa bundan sonra da hərəkət edəcək”-açıqlamada bildirilir.

İsrail ordusunun mətbuat xidməti hava zərbələrinə dair görüntülər də yayıb. Bu kadrlara əsasən Suriyanın hava hücumundan müdafiə batareyası İsrail təyyarələrinə tərəf iki raket buraxır, amma raketlər hədəfə dəymir və cavab zərbəsi ilə batareya məhv edilir.

Lakin Suriya rejimi və Rusiya rəsmi KİV-ləri növbəti dəfə əmin edirlər ki, İsrail təyyarələrindən buraxılan raketlərin "böyük əksəriyyəti” havada məhv edilib.

Suriyalı bloqqerlər isə İranın və "Hizbullah”ın obyektlərində böyük dağıntılar və tələfat barədə xəbərlər yayırlar. Bildirilir ki, Dəməşq aeroportu rayonunda, habelə Əl-Kisua və Cəmahiriyyə rayonlarında güclü dağıntılar var.

Londonda mənzillənmiş Suriya insan haqları monitorinq qrupu isə bildirir ki, yanvarın 21-də gecə İsrail aviasiyası hərbi münaqişə tarixi ərzində Dəməşq ətrafındakı obyektlərə ən irimiqyaslı və misli görünməmiş zərbələr endirib. Nəticədə İrana aid obyektlər, o cümlədən Suriya hava hücumundan müdafiə qüvvələrinin mərkəzləşdirilmiş sisteminin radarı məhv edilib. İsrail raketlərinin əksəriyyəti hədəfə dəyib, silah anbarları, "Hizbullah”ın və İran qüvvələrinin bazaları dağıdılıb. Çoxsaylı tələfat var.

Xatırladaq ki, İsrail bundan əvvəl də dəfələrlə Suriya ərazisinə hava zərbələri endirib.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook