SON XƏBƏR

İspaniyada həbs edilmiş rus haker kimdir?

Aprel 11
11:58 2017
"The İndependent" yazır ki, Rusiya hakeri olduğu iddia edilən bir nəfər Amerika hakimiyyət orqanlarının orderi ilə İspaniyada həbs edilib.
 
Maraqlıdır ki, Rusiyanın RT media şəbəkəsi bu həbsin ABŞ prezident seçkisi ilə bağlı olduğunu xəbər verməklə kibertəhlükəsizlik dairələrində təlatüm yaradıb.
 
İspaniya təhlükəsizlik xidmətinin sözçüsü deyib ki, Pyotr Levaşov adlı bu şəxs ötən həftənin sonunda ABŞ kompüter cinayətləri orderinin əsasında həbs edilib.
 
Lakin Levaşovun arvadı Rusiyanın RT telekanalına deyib ki, ərinin həbsi 2016-cı ildə ABŞ-da keçirilmiş prezident seçkisi ilə bağlıdır.
 
Mariya Levaşova RT telekanalına bildirib ki, silahlı polis gecəyarısı onların Barselonadakı mənzilinə reyd edərək onu və rəfiqəsini saatlarla otaqlardan birində saxlayıb. Həmin müddətdə xəfiyyələr Levaşovu dindiriblər. Bundan sonra polislər Pyotr Levaşovu aparıblar.
 
Qadın xəbər erib ki, polis məntəqəsindən zəng edən əri ona "Trump-ın qələbəsini təmin etmiş virus proqramını yaratmaqda" ittiham olunduğunu deyib.
 
Xanım Levaşova bundan artıq heç bir təfərrüat verməyib.
 
Bu arada KrebsOnSecurity kibertəhlükəsizlik saytı yazıb ki, Levaşov bir neçə kriminal əməliyyatları üçün virus proqramları və saxta antivirus proqramı yaradıb və onun haker ləqəbi Severadır.
 
Sayt daha sonra yazıb: "Severanın "Waledac spam botnet" virusunu yaratmış kibercinayətkar olduğuna dair dolayısı ilə dəlillər mövcuddur. Bu proqram bir neçə il ərzində 70-90 min kompüteri yoluxduraraq onların bir gündə 1, 5 milyard spam email göndərməsinə səbəb olub".
 
"The İndependent" yazır ki, ziyanlı kompüter proqramları geniş paylaşıldığından və təkrar-təkrar yazıldığından, bəzən virusu ilk dəfə hazırlamış şəxs də sonralar ondan necə istifadə edildiyini bilməyə bilər.
 
Barak Obamanın administrasiyası Rusiyanı ABŞ seçkisinə müdaxilə edərək Donald Trump-ın qələbəsinə kömək etməkdə ittiham edib.
 
Hazırda ABŞ Konqresinin xüsusi komitələri də Rusiya və Trump arasında mümkün əlaqələri araşdırır.
 
Rusiya rəsmiləri, o cümlədən Vladimir Putin bu iddiaları dəfələrlə rədd ediblər (BBC).



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook