SON XƏBƏR

İsmayıllı rayon İcra Hakimiyyətinə ittiham: Başçının müavini qanunsuz torpaq satıb?

Dekabr 05
12:22 2017
Mahmud Süleymanov İsmayıllı rayon Talıstan Bələdiyyəsinin sədri olduğu dövrdə saxta sənədlər əsasında torpaq satıb?
 
İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahmud Süleymanovun keçmiş fəaliyyəti ilə bağlı Hurriyyet.org-un redaksiyasına maraqlı informasiya daxil olub.
 
Məlumata görə, M.Süleymanov icra başçısının müavini təyin edilməzdən əvvəl İsmayıllı rayon Talıstan Bələdiyyəsinin sədri olub. Həmin dönəmdə M.Süleymanov Talıstan Bələdiyyəsinin ərazisindən 1.85 ha sahə "Bilal” Fermer Təsərrüfatı Məhdud Məsuliyyətli Cəmiyyətinə satılıb. Hüquqi ünvanı İsmayıllı rayon Talıstan kəndi və 10 manat Nizamnamə kapitalı olan, 2004-cü ilin yanvar ayının 19-da yaradılan, hal-hazırda isə Əzizov Teymur Eldar oğlunun rəhbərlik etdiyi "Bilal” Fermer Təsərrüfatı MMC-nin M.Süleymanovun ailə şirkəti olması haqqında iddialar var. Bu iddiaları araşdırmağa çalışacağıq. Hələlik isə onu qeyd edək ki, redaksiyamıza Talıstan Bələdiyyəsi tərəfindən "Bilal” Fermer Təsərrüfatı MMC-yə 1.85 ha ərzanin satılması zamanı ciddi qanun pozuntusuna yol verilməsini sübut edən sənədlər təqdim olunub. Belə ki, Talıstan Bələdiyyəsinin "Bilal” Fermer Təsərrüfatı MMC-yə 1.85 ha ərzanin satılmasına dair bələdiyyənin iclasının iki protokolu mövcuddur. Həmin protokolların hər ikisini bələdiyyə sədri M.Süleymanov imzalayıb möhürləsə də, sənədlərin birində tarix 16 oktyabr 2007-ci il olaraq, digərində 12 mart 2008-c i il göstərilib. Yəni Talıstan Bələdiyyəsinin 16 oktyabr 2007-ci il tarixli protokolu 13 saylıdırsa, 12 mart 2008-c i il tarixli protokolu 3 saylıdır. Bu protokollardakı fərq yalnız bu rəqəmlərdə öz əkisini tapıb. Hər iki protokolda iclasın sədri - M.Süleymanov çıxış edərək "Bilal” Fermer Təsərrüfatı MMC-nin tikinti məqsədilə 1.85 ha torpaq sahəsinin ona verilməsi barədə müraciətindən bəhs edir və hər kəsdən bu məsələyə öz münasibətini bildirməsini xahiş edir. Hər iki protokolda yazılıb ki, bələdiyyə üzvü K.Xəlilovun çıxış edərək bələdiyyənin yararsız torpağından 1.85 ha sahənin "Bilal” Fermer Təsərrüfatı MMC-yə satılmasını təklif edib. Bələdiyyə üzvlərindən Ş.Məhərrəmov və E.Ağamirzəyevin çıxış edərək K.Xəlilovun təlkifi ilə razı olduqları da hər iki protokolda öz əksini tapıb.
 
Eyni şəxs tərəfindən yazılması şübhə doğurmayan bu iki protokolun müqayisəsindən məlum olur ki, Talıstan Bələdiyyəsinin iclas protokolları eynidir, onların sadəcə tarixləri dəyişdirilib. Bu isə səbəbsiz ola bilməzdi. İddiaya görə, Talıstan Bələdiyyəsi tərəfindən 1.85 ha torpaq sahəsinin "Bilal” Fermer Təsərrüfatı MMC-yə satılmasına dair bələdiyyənin iki protokolunun olması 2008-ci ildə torpaqların hərracdan kənar satışının dayandırılması ilə bağlıdır. Həmin iddiaya görə, Talıstan Bələdiyyəsinin 12 mart 2008-ci il tarixli iclasında "Bilal” Fermer Təsərrüfatı MMC-nin tikinti məqsədilə 1.85 ha torpaq sahəsinin ona verilməsi barədə müraciəti təmin edilib. Həmin ilin aprelin 24-də "Bilal” Fermer Təsərrüfatı MMC 1.85 ha torpaq sahəsinin pulunu Talıstan Bələdiyyəsinin "Kapital bank”ın İsmayıllı rayon filialındakı hesabına köçürüb.
 
Bu əməliyyatın 2008-ci ildə aparıldığını İsmayıllı rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin mühəndisi V.Məcidovun Talıstan Bələdiyyəsinin sədrinə ünvanladığı 136 saylı 10.03.2008-ci il tarixli cavab məktubu da təsdiq edir. Həmin məktubda V.Məcidov M.Süleymanova yazır ki, "İsmayılıı RİH-nin Memarlıq və Tikinti şöbəsi 2008-ci il 04 fevral tarixli 05 nömrəli məktubunuzla əlaqədar məlum edir ki, "Bilal” Fermer Təsərrüfatı MMC-yə kəndin tikinti üçün nəzərdə tutulmuş bələdiyyə torpağından 1.85 ha torpaq sahənin ona satılmasına etiraz etmir”.
 
Göründüyü kimi, həm bank sənədindən, həm də Talıstan Bələdiyyəsinin sədri M.Süleymanovla İsmayıllı rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin mühəndisi V.Məcidov arasında gedən yazışmalardan aydın görünür ki, 1.85 ha sahənin "Bilal” Fermer Təsərrüfatı MMC-yə satılması 2008-ci ildə həyata keçirilib. Əgər M.Süleymanovun imzası və Talıstan Bələdiyyəsinə məxsus möhürün olduğu "Bilal” Fermer Təsərrüfatı MMC-yə 1.85 ha ərzanin satılmasına dair bələdiyyənin 16 oktyabr 2007-ci il tarixli 13 saylı iclas protokolu olmasaydı, ortalığa heç bir sual da çıxmazdı. Fərqli tarixə və saya malik ikinci protokolun mövcudluğu bu torpaq alqı-satqısı zamanı hansısa qanun pozuntularına yol verilməsi haqqında iddialara həyatilik qazandırır ki, onu da araşdırmaq müvafiq qurumların vəzifəsidir.
Həmin torpaqda isə indi İsmayıllı rayonunda ən böyük istirahət mərkəzi olan "Forestpark” inşaa edilib. "Forestpark”ın bir hissəsinin əslində Şahdağ Milli Parkının ərzasinə aid olması ilə bağlı iddiaya isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi aydınlıq gətirməlidir.

Redaksiyadan: Yazıda adları çəkilən qurum və şəxslərin mövqeyini dərc etməyə hazırıq.
 
Mənbə: Hurriyyet.org
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook