İsmayıl Hüseynovu hansı güc qoruyur? - DTX-nın həbs etdiyi şəxs gömrük generalının qohumudur...
İyul 31
10:16
2020
Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əks-kəşfiyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, Azərbaycan vətəndaşları – Abbasquliyev Həbib Əbil oğlu və onun həyat yoldaşı Abbasquliyeva Lamiyə Elxan qızının casusluq formasında dövlətə xəyanət etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə DTX-nin rəsmi saytında məlumat verilib.
Müəyyən edilib ki, xarici xüsusi xidmət orqanı tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilmiş Həbib Abbasquliyev və Lamiyə Abbasquliyeva Azərbaycanın dövlət təhlükəsizliyi zərərinə fəaliyyət göstərərək, müxtəlif ölkələrin ərazisində xarici xüsusi xidmət orqanının nümayəndələri ilə keçirilən gizli görüşlərdə verilən tapşırıqlara əsasən, dövlət sirri təşkil edən məlumatları və digər informasiyaları müntəzəm surətdə toplayaraq onlara təqdim ediblər. Həbib Abbasquliyev və Lamiyə Abbasquliyeva Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bu xəbərdən az sonra yerli mediada həbs edilən Abbasquliyeva Lamiyə Elxan qızının Dövlət Gömrük Komitəsinin rəhbərliyində təmsil olunan bir şəxsin yaxın qohumu olması haqda məlumat yayıldı. Bununla bağlı cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə iddia olunan şəxs övlət Gömrük Komitəsinin sədrinin birinci müavini, general-mayor Hüseynov İsmayil Xəlil oğludur. Onu da bildirək ki, İ.Hüseynovun adı bir neçə qalmaqalda hallandırılıb. Dövlət Gömrük Komitəsinin sədri və əksər rəhbər şəxsləri kimi əslən Naxçıvandan olan İsmayıl Hüseynov ilk ali təhsilini aldığı Naxçıvan Dövlət Universitetini 1996-cı ildə bitirsə də,gömrük orqanlarında 1995-ci ildən xidmət edir. Ötən 24 il ərzində İsmayıl Hüseynov Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Culfa Gömrük İdarəsində Maliyyə-tarif şöbəsinin inspektoru vəzifəsindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsinə qədər yüksələ bilib. Qeyd edək ki, İsmayil Hüseynov 14 il ərzində, yəni 2004-2018-ci illərdə Avtonəqliyyat Baş Gömrük İdarəsi rəisnin müavini və İdarənin rəisi vəzifələrində çalışıb. Ötən ilin may ayının 29-da İsmayıl Hüseynov Avtonəqliyyat Baş Gömrük İdarəsi rəisi vəzifəsindən azad edilərək Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin olunmuş, 26 gün sonra, yəni 25 iyun 2018-ci ildə isə president İlham Əliyevin Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin edilib.