SON XƏBƏR

İrəvan özünü işə saldı: ABŞ hiddətləndi

Sentyabr 05
10:39 2019
Rusiya ilə münasibətləri getdikcə gərginləşən Ermənistan rəhbərliyi özünü "qərbyönümlü” kimi göstərməyə çalışdığı bir vaxtda ABŞ-dan da sərt şapalaq alıb.

Mətbuatda yayılan məlumata görə, bu günlərdə ABŞ administrasiyası Ermənistan hakimiyyəti qarşısında hərbi kontingentin Suriyadan geri çəkilməsi haqda tələb qoyub. Virtualaz.org xəbər verir ki, bu haqda Ermənistanda nəşr edilən "168 jam” qəzeti öz mənbələrinə istinadən bildirir. Qəzet xatırladır ki, bir neçə gün əvvəl mətbuatda müdafiə nazirinin, xarici işlər nazirinin və bir neçə səfirin iştirakı ilə bu məsələ ilə əlaqəli qapalı toplantı keçirildiyi haqda KİV-lərdə xəbər yayılıb.  Lakin XİN toplantı xəbərini təzib edib.

XİN təkzib etsə də, mənbələr deyiblər ki, həmin mesaj Ermənistan hakimiyyətinə 2019-cu il avqustun 12-13-də, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin İrəvana səfərindən dərhal sonra çatdırılıb. Deyilənlərə görə, Patruşev Ermənistan hakimiyyətindən bunun əksini-Suriyadakı erməni hərbi kontingentinin sayının artırılmasını tələb etmişdi. Məlumatda o da deyilir ki, ABŞ Ermənistanın Suriyaya hərbi kontingent göndərməsi ilə bağlı narazılığını bu ölkənin BMT-dəki səfiri Mqer Marqaryan vasitəsilə çatdırıb. Bildirilib ki, bu məsələ Ermənistan-ABŞ münasibətlərinə zərbə vurur. Həmin mənbənin bildirdiyinə görə, əgər kontingent çıxarılmasa, bunun ikitərəfli münasibətlərə təsiri olacaq, üstəlik, ABŞ Ermənistana verdiyi minatəmizləyən avadanlığın Suriyada istifadə edilməsinə qadağa qoyacaq.

"Bu mesajı BMT-dəki səfir müdafiə naziri David Tonoyana və xarici işlər naziri Zöhrab Mnatsakanyana çatdırıb. Mnatsakanyan ABŞ-a necə cavab veriləcəyi barədə narahatlıq ifadə edib, nazirlər vəziyyətdən çıxış yolu axtarıblar. Çünki hər iki variantda Ermənistan üçün problem yaranacağı qaçılmazdır. Həmin mənbələr təsdiq edir ki, sonda Tonoyan kontingentin çıxarılmasına qarşı çıxıb”,-qəzet yazır.

Qeyd olunur ki, baş nazir Paşinyanın Rusiya və ABŞ-ın tələblərinə necə cavab verəcəyi məlum deyil. Ermənistan Rusiyanın tələbi ilə Suriyaya azsaylı hərbi kontingent göndərib və ABŞ dəfələrlə buna qarşı öz mövqeyini bildirib.

Politoloq Məhəmməd Əsədullazadə "Yeni Müsavat”a bildirib ki, belə bir durum gözlənilən idi: "Ermənistan baş naziri Nikol Paşinyanın ”iki stolda" oturmağı ona baha başa gəlməkdədir. Məhz Paşinyanın ABŞ-ın siyasətinə qarşı Moskvanın istəyi ilə Suriyaya hərbi birləşmə göndərməsi Vaşinqtonda İrəvana qarşı sərt siyasətə səbəb oldu. Moskva bununla Paşinyanı Vaşinqtonda arzuolunmaz şəxsə çevirdi. Halbuki ABŞ Paşinyan vasitəsilə Ermənistan da Rusiyanın mövqeyini zəiflətməli idi. Əksinə olaraq Paşinyan ölkəsində ABŞ-ın təsirini zəiflədir və Suriya məsələsində Moskvanın yanında yer alır". Siyasi şərhçi bunun Ermənistan üçün ciddi nəticələrə səbəb olacağını istisna etmir: "Çünki ABŞ Paşinyana regional kontekstində müəyyən müsbət ümidlər gözləyirdi. Amma Paşinyan tərsinə siyasət ortaya qoyur, işğalı və ABŞ-ın maraqlarına qarşı siyasəti davam etdirir. Məhz Vaşinqtonun Ermənistanın iki şirkətini qara siyahıya alması bunun nəticəsidir. Hesab edirəm ki, Paşinyanın ABŞ-a işgüzar səfəri öncəsi ABŞ-dan sərt tələbin irəliyə sürülməsi onun bu səfərini fiaskoya gətirəcək. ABŞ bundan sonra Ermənistan siyasətində korrektlər edəcək, bu ölkəyə maddi yardımları daha da azaldacaq. Ümumiyyətlə, Paşinyan regional siyasətində Vaşinqtonun çağırışlarını qulaqardı edir. Bu, onun Rusiya tərəfindən sıxışdırılarsa, Vaşinqton tərəfindən dəstəklənməyəcəyini deməyə əsas yaradır”. M.Əsədullazadə qeyd etdi ki, artıq ABŞ üçün regionda strateji önəm kəsb edən Azərbaycandır: "Ölkəmiz Vaşinqtonun siyasətinə qarşı addımlar atmır. Ermənistan ABŞ-ın hədəfindədir. İranla əlaqələri inkişaf etdirməsi, Moskvanın siyasətini həyata keçirməsi Paşinyanın Vaşinqton tərəfindən qəbul edilməməsinə gətirir”.

Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı isə deyir ki, Paşinyanın ABŞ-a səfəri ərəfəsində Ermənistanın azsaylı hərbi  kontingentinin Suriyadan çıxarılması tələbi gözlənilməz haldır: "Ermənistanda bu hadisə şok effekti yaradıb. ABŞ-da dövlət səviyyəsində Paşinyana diqqət edilməyəcəyi narahatlığı da var. Paşinyanın hakimiyyətinin son günlər aldığı zərbələrə diaspordan dəstək olacaqmı? Bu da ciddi suallar doğurur. Amerika Rusiyanın tələbi ilə Suriyada xidmət keçən Ermənistanın hansı məqsədlərlə burada olduğunu aydınlaşdırıb. Belə çıxır ki, Ermənistan kontingenti Rusiyanın tapşırıqlarını yerinə yetirir. Amerikanın əlində tutarlı dəlillər olmasa, belə bir tələb irəli sürməzdi. Üstəlik, Amerikanın İranla bağlı verdiyi sanksiyalara Ermənistan əhəmiyyət vermədən bu ölkə ilə əməkdaşlığı davam etdirir. Bu da Amerikanı Ermənistanla bağlı verdiyi qərarda önəmli faktordur”. Q.Çaxmaqlı qeyd etdi ki, məsələnin bu şəkil alması Paşinyan hakimiyyətini çətin vəziyyətə salıb: "Bir neçə gün öncə Putinin həbsdə olan Köçəryanı təbrik etməsi ona Rusiyanın mesajı idi: ”İndi ABŞ-ın bu addımı Paşinyana münasibətin ifadəsidir. ABŞ-da çox yaxşı bilirlər ki, Paşinyan yalançı demokratdır, Qərbə inteqrasiya mümkün deyil. Onu öz tərəflərinə çəkmək cəhdləri heç bir nəticə verməz. Bütün bu gəlişmələr Amerikanın yaxın aylarda Ermənistanın üzərinə gedəcəyindən xəbər verir. Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması faktı da bu olayların mərkəzinə daşınsa çox yaxşı olardı. Diplomatiyamız bu günlərdə daha çevik olmalıdır".

Ermənistan hakimiyyəti isə israrla yayılmış məlumatı təkzib etməyə çalışır. Ermənistan XİN başçısı ABŞ-dan belə bir tələb səslənmədiyini iddia edib. Təbii ki, indiki situasiyada rəsmi İrəvan Vaşinqtonun tələblərini təsdiqləyə bilməz, bu, ABŞ səfərinə hazırlaşan və 2050-ci illə bağlı xəyallar quran Paşinyan hakimiyyəti üçün intihara bərabər hadisə olar. Amma fakt budur ki, ABŞ ilk gündən Ermənistan hərbçilərinin Rusiya ordusu ilə birlikdə Suriyaya getməsinə qarşı çıxıb. Hətta buna görə Ermənistan rəsmilərinin ABŞ-a planlaşdırılan səfəri son anda ləğv edilib. Eyni zamanda İrəvanın İran prezidenti Ruhaninin səfərinə hazırlaşması da ABŞ-da qıcıq yaradır. Üstəlik, Ermənistanın bir sıra şirkətləri elə bu günlərdə sanksiya qərarlarına baxmayaraq, İranla əməkdaşlıq etməsinə görə "qara siyahı”ya salınıb. Bütün bunlar isə cavabsız qala bilməzdi. N.Paşinyan çox arzulayır ki, ABŞ səfəri zamanı, BMT Baş Assambleyası çərçivəsində prezident Trampla görüşsün. Ancaq bu xəbərlər onun arzularını alt-üst edir. Beləliklə, işğalçı ölkə "odla su arasında” qalıb. Rusiya ona "mənimlə Surayada qal” deyir, ABŞ isə əksinə, "hərbçilərini bu ölkədən çıxart” tələsini qoyur. Bundan sonra nələr baş verəcək, demək çətindir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook