SON XƏBƏR

“İran Ermənistanı xilas edə bilmədi” – Rəsmi Tehranın Qafqaz siyasəti (ŞƏRH)

Noyabr 27
11:40 2020
"Ermənistan İrana daha çox ümid edirdi. İrəvanda fikirləşirdilər ki, İran Azərbaycanı dayandırmaq üçün daha çox imkanlara sahibdir və bu səbəbdən də Azərbaycan Ermənistanla müharibəyə cəsarət eləməz”. 

Qaynarinfo xəbər verir ki, bu sözləri professor Xaləddin İbrahimli İranın Cənubi Qafqaz siyasətini şərh edərkən bildirib.

Onun dediyinə görə, İran Türkiyə ordusunun Qafqaza girməsinin qarşısını almaq istəyir: 

"Hərbi əməliyyatların qızğın vaxtlarında İran generallarından biri açıq şəkildə bildirdi ki, bölgədə yeni geopolitik şəkillənməyə imkan verməyəcəklər. Bu o demək idi ki, Qafqazda Türkiyə ordusunun mövcudluğuna qarşıdırlar. Tovuz hadisələrindən sonra Türkiyənin açıq və qəti mövqe ortaya qoyması İranı narahat etməyə başladı. Bu səbəbdən də hərbi əməliyyatlar başlayanda ilk günlərdən İran ermənilərin məğlubiyyətini görüb, döyüşlərin dayandırılması üçün diplomatik fəaliyyətə başladı – Putin və Əliyevlə danışıqlar, Ermənistana yardım bu fəaliyyətin əsas tərkib hissəsi idi. Görünən bu idi ki, İran məqsədinə nail ola bilməyəndə Azərbaycanı hədələmək yoluna da əl atmışdı. Azərbaycanla sərhədə kənd təsərrüfatı texnikasına bənzəyən külli miqdarda hərbi texnika və silahlı qüvvələrini cəmləşdirməsi bunun göstəricisi idi. İlham Əliyevin "heç kəsdən qorxmuruq” deməsi də böyük ehtimalla daha çox İrana yönəlmişdi və F-16-ların da havalana biləcəyini dilə gətirməsi onların hədəsinə cavab idi.

Bu mövqedən sonra İran yumşaq siyasət yürütməyə başladı. Həmçinin, İranın müqavimətinin qırılmasına Azərbaycan hakimiyyətinin cəsarətli mövqeyi iə yanaşı, güneyli soydaşlarımızın dirənişi də ciddi təsir göstərdi. Bu baxımdan müharibənin son günlərində İran prosesi xilas edə bilməyəcəyini anladı və Rusiya sülhməramlılarının Qafqaza, Türkiyə ordusunun Azərbaycana gəlməsini əngəlləmək üçün fəaliyyətə başladı. Çünki İran Güney faktoruna görə Azərbaycanla daha az sərhədinin olmasını və olan hissədə də rus əsgərlərinin olmasını istəyir…” 

Professor İranın Cənubi Qafqaz siyasətindən daha çox Rusiyanın yararlandığı fikrindədir: İranın belə mövqeyi Türkiyənin Azərbyacana dəstəyini, bölgəyə gəlməsini çətinləşdirir və Rusiyanın Qafqazda hakim mövqedə qalmasına yardım edir. 

Ermənistan İrana daha çox ümid edirdi. İrəvanda fikirləşirdilər ki, İran Azərbaycanı dayandırmaq üçün daha çox imkanlara sahibdir və bu səbəbdən də Azərbaycan Ermənistanla müharibəyə cəsarət eləməz. Lakin hərbi əməliyyatlarına sonlarına yaxın İran mövzusu da Ermənistanı xəyal qırıqlığına uğrattı. Bu, erməni siyasilərini və xalqını Rusiyadan küsmək qədər dərindən yaraladı. Çünki Rusiya bilərəkdən Ermənistanın cəzalandırılmasına göz yummuşdu, İran isə sadəcə Ermənistanı xilas edə bilməmişdi, daha dəqiq ifadə etsək, buna gücü çatmamışdı. Bunlar çox fərqli şeylərdir…”



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook