SON XƏBƏR

İqtidarın “kadr bankı”nda kimlər var -Sabiq nazirdən açıqlamalar

Fevral 24
10:40 2017
"Bir dövlətin kadr ehtiyatı onun sosial iqtisadi inkişafının təminatçısıdır”

Azərbaycanda kadr dəyişikliklərinin sürətli aparılmamasının səbəblərindən biri kimi bir çox sahələr üzrə yüksək səviyyəli kadrların olmaması göstərilir. Bu fikirdə olanlar iqtidarın lazımi kadr bazasının formalaşmadığına diqqəti çəkir. Bir çox sahələr üzrə savadlı kadr çatışmazlığı hətta iki il öncə ən yüksək səviyyədə də etiraf edilmişdi.

Bütün bunlara rəğmən, hakimiyyət daxilində xeyli vaxtdır bir islahat, kadr yenilənməsi prosesi gedir. Bu proses sürətli olmasa da getməkdə davam edir.

Xaricdə təhsil almış, bir neçə əcnəbi dil bilən, nanotexnologiyaların ən son yenilklərini mənimsəmiş kadrların önə çəkilməsi prezident İlham Əliyevin son zamanlar çıxışlarında da əsas tezislərdən birinə çevrilib. Ola bilsin ki, bu, tam açıq şəkildə ifadə olunmur, amma yarıtmaz məmurların ən sərt tənqidi əslində onların əvəzlənəcəyi anlamına gəlir.

Ekspertlər hesab edir ki, bu prosesin uğurlu nəticələnməsi üçün xaricdə təhsil almış, bir sıra beynəlxalq təşkilatlarda uğurla fəaliyyət göstərən gənclərdən ibarət "kadr bankı” yaradılmalıdır. Xüsusilə diplomatiya, iqtisadiyyat, menecment, təhsil və digər sahələrdə ehtiyat kadrlardan istifadə edilməlidir. Postneft dövrü prezidentin çıxışlarından da göründüyü kimi, çox və daha çox işləmək tələb edir. 
 
Rusiyada və bir çox ölkələrdə iqtidarın "kadr bankı” sayılan xüsusi qurumlar var ki, ayrı-ayrı sahələr üzrə savadlı mütəxəssislər oraya cəlb edilir və dövlət, hökumət vəzifələrinə təyinatlarda həmin kadrlardan istifadə olunur. Azərbaycanda hələ ki bu yoxdur. Bəs nə üçün yaradılmır və buna ehtiyac varmı? Azərbaycanda belə bir "kadr bankı” formalaşdırmaq üçün kifayət qədər savadlı kadrlar varmı?

Keçmiş maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov bildirdi ki, bir dövlətin kadr ehtiyatı onun sosial-iqtisadi inkişafının təminatçısıdır. Bu sahədə bəlli beynəlxalq təcrübə mövcuddur. Eyni zamanda bilmək lazımdır ki, "kadr bankı”nın yaradılması deyildiyi qədər də asan deyil.

Burada kadrların sahələr üzrə necə seçilərək banka daxil edilməsindən tutmuş, sonradan həmin kadrlardan necə və hansı hallarda istifadə edilməsinə qədər bir çox məsələlər tam aydın bir şəkildə öz əksini tapmalıdır: "Bir sözlə, ortada banka kadrların seçilib təklif olunmasının bəlli mexanizmi olmalıdır. Bir adamın və ya bir neçə adamın təklifi ilə ”kadr bankı"nı formalaşdırmaq təhlükəli ola bilər. Çünki ehtiyatda dayanan və gələcəkdə vəzifəyə təyin ediləcək kadrın bütün tələblərə cavab verməsi bu bankı yaratmağın başlıca şərtidir. Məsələn, bir kadrın peşəkarlığı yüksək, təşkilatçılıq qabiliyyəti zəif olsa, rəhbər kimi xarizması olmazsa, onun bu banka daxil edilməsi nə fayda gətirə bilər? Bu səbəbdən seçim elə olmalıdır ki, banka daxil edilən kadr bu misalda çəkdiyimiz bütün cəhətləri özündə birləşdirə bilsin".

F.Yusifov vurğuladı ki, kadr bankının yaradılması kadr məsələlərinin həllində ən səmərəli bir vasitədir: "Sovetlər dövründə kadrların seçilib yerləşdirilməsində bu vasitədən çox geniş istifadə olunurdu. Lakin o dağılandan sonra bu sahədəki işlər unuduldu. Rusiyada hazırda bu məsələni tənzimləyən qanunvericilik bazası mövcuddur, ancaq onun hələ tam təkmil olduğunu demək çətindir. Yəqin buna zaman lazımdır. Bizdə də bu bankın yaradılması çox zəruri bir məsələdir. Hesab edirəm ki, hökumət məsələnin vacibliyini nəzərə alıb, tezliklə belə bir bankı yaratmağın hüquqi əsaslarının formalaşması istiqamətində zəruri addımlar atacaq. Hüquqi baza yaradıldıqdan sonra isə ”kadr bankı"nın formalaşması mümkün olacaqdır".(musavat.com)




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook