SON XƏBƏR

İqbal Ağazadə partiyaları dialoqa səsləyir: “Əgər kimsə kənarda qalacaqsa...”

Sentyabr 26
17:11 2019
Son dövrlər hakimiyyət ölkənin siyasi mühitində yumşalmaya nail olmaq üçün müəyyən addımlar atır. Bir müddət öncə keçirilən dəyirmi masanı nəzərə alsaq, iqtidar-müxalifət dialoqunun ilkin mərhələsinə start verildiyini də iddia etmək olar. Amma məsələ ondadır ki, müxalifətin bir qismi bu tipli təmaslara qarşı sərt mövqedədir. Xüsusən də AXCP, Müsavat və Milli Şuranın mövqeyi kəskindir.

Ümid Partiyasının sədri İqbal Ağazadə bu məsələni Reyting.az-a şərh edərkən deyib ki, səmimi dialoq mühiti formalaşanda normal siyasi təşkilatlar bundan kənarda qalmayacaqlar. Partiya sədri hesab edir ki, AXCP, yaxud Milli Şura sonsuza qədər bu mövqelərində dayanmayacaqlar:

"Dialoqun predmeti, mövzusu bəlli olsa, bilinsə ki, siyasi məhbus və xaricdə yaşayan fəalların məsələsi müzakirə olunacaq, o zaman hər kəs dialoqa hazır olar. İnanıram ki, bu məsələlər müzakirəyə çıxarılsa, AXCP ilə Milli Şura indiki mövqeyindən çəkinər. Hesab etmirəm ki, kimsə özünü kənarda qoyaraq, vəziyyətin gərginləşməsinə xidmət edən mövqe sərgiləsin. Onlar da geri durmağı bacaracaq. Düşünürəm ki, bu istiqamətdə ciddi və məqsədli addım atılsa, Azərbaycanda heç bir siyasi partiya bu prosesdən kənarda qalmaz. Əgər kimsə kənarda qalacaqsa, o, partiyasına ziyan vuracaq. Çünki cəmiyyət bu mövqeyin, bu münasibətlər sisteminin gerçəkləşməsinin tərəfdarıdır. Cəmiyyətinin böyük kəsimi iqtidar və müxalifətin predmetli dialoqunun, danışıqlarının tərəfdarıdır. Ondan çıxan nəticələri də səbirsizliklə gözləyir ki, cəmiyyətdə həm problemlər həll olunsun, həm yumşalma dövrü başlansın, həm də münasibətlər sistemində yeni müstəvi açılsın. Mən fərdiləşdirmək istmirəm, hansısa partiyanın üzərində fokslaşdırmağı da lüzumsuz hesab edirəm. Amma iştirak etmək istəməyən partiyalar özü cəmiyyətin bu sifarişini görərək, məzmunlu duialoqun tərəfində olacaqlar".

Müxalifətdaxili münasibətlərin gərgin olmasına gəlincə, İ. Ağazadə deyib ki, bu gün əsas məsələ müxalifətlə müxalifətin, ayrı-ayrı siyasi partiyalar arasında ortaq ritorikanın tapılmasıdır. "Bəlkə buna da ehtiyac var, amma buna iqtidar-müxalifət dialoqundan daha kəskin ehtiyac duyulmur. Çünki iqtidar-müxalifət münasibətləri cəmiyyətin halını və vətəndaşın proseslərə münasibətini bilavasitə şərtləndirirsə, müxalifətdaxili münasibətlər olsa-olsa onların arxasında dayanan elektoratın prosesə aktiv, yaxud passiv müdaxiləsi ilə nəticələnir. Ona görə də daha çox iqtidar-müxalifət münasibətlərinə aydınlıq gətirilməsinə ehtiyac var, nəinki müxalifət ilə müxalifətin. Əgər iqtidar bu prosesləri apara bilsə, inanmaq istəyirəm ki, müxalifətdəki daxili qarşıdurmalara, savaşlara, bir-birini aşağılamalara son qoyula bilər", - deyə partiya sədri fikrini tamamlayıb.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook