SON XƏBƏR

İnsan hüquqları komitəsinə ən çox məhkəmələrlə bağlı şikayətlər daxil olub

Yanvar 19
10:41 2017
"İnformasiya əldə etmək haqqında" qanuna dəyişiklikdə nələr öz əksini tapıb?
 
"Yanvarın 19-dan Milli Məclisin İnsan hüquqları komitəsinin gündəliyinə əsas üç məsələ daxil edilib. Komitənin iclasının gündəliyinə 2016-cı il payız sessiyası dövründə görülən işlərin hesabatı , 2017-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planı  və "İnformasiya əldə etmək haqqında” qanuna dəyişikliklərin edilməsi daxil edilib”.
 
Bunu İnsan hüquqları komitəsinin üzvü Tahir Kərimli Modern.az-a açıqlamasında deyib.
 
Deputat payız sessiyası dövründə  İnsan hüquqları komitəsinə 849 müraciətin daxil olduğunu bildirib.
 
"Bu müraciətlərin 803-ü öz həllini tapıb. Ən çox komitəyə hüquq-mühafizə orqanları və məhkəmə ilə bağlı müraciət daxil olub. Daha sonra isə mənzil və məişət problemləri ilə bağlı müraciətlər olub”.
O bildirib ki, "İnformasiya əldə etmək haqqında” qanuna dəyişikliklərin edilməsi "Publik hüquqi şəxslərin haqqında” qanun qüvvəyə minəndən sonra yaranmış hüquqi vəziyyətlə bağlıdır.
 
"Əvvəllər Mülki qanunvericilikdə hüquqi və fiziki şəxslər vardı. Amma "Publik hüquqi şəxslər haqqında” qanun qəbul ediləndən sonra bir neçə təşkilatlar da publik hüquqi şəxslərə çevrildilər və çevrilməkdə davam edirlər. Buna misal olaraq, Maliyyə Bazarlarına Nəzarət Palatasını göstərmək olar. Biz dekabrın sonlarında Mülki Məcəlləyə dəyişiklik etmişdik. İndi də ehtiyac olur ki, "İnformasiya əldə etmək haqqında” qanunda bununla bağlı dəyişiklik olsun.
 
Əvvəllər 9-cu maddədə ictimai funksiyaları yerinə yetirilən hüquqi şəxslər nəzərdə tutulurdu. Həmçinin səhiyyə, təhsil, mədəniyyət sahəsində xidmət göstərən şəxslər informasiya sahibləri hesab olunurdu. İndi isə 9.1-ci maddəyə publik hüquqi şəxsləri də əlavə edirik. 
 
Bununla da həm hüquqi, həm fiziki, həm də publik hüquqi şəxslər olur. Həmçinin 29 və 37-ci maddədə "ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslər” sözünə  "ictimai funksiyaları yerinə yetirən publik hüquqi şəxslər” sözü əlavə edilir. Bir də keçid müddəalarında da yenə hüquqi şəxslərlə yanaşı, publik hüquqi şəxslər sözü əlavə olunur. Bu keçid müddəaları internet informasiya ehtiyatlarının yaradılması müddəti ilə bağlıdır.  Yəni 2 il müddət verilmişdi ki, bu informasiya ehtiyatlarının yaradılması mümkün olsun. Bütün dəyişikliklər bunlarla bağlıdır”.
 
Tahir Kərimlinin sözlərinə görə, yaz sessiyasında  "İnformasiya əldə etmək haqqında” qanuna dəyişikliklər ediləcək və çox güman ki,  bu qanun layihəsi qəbul olunacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook