SON XƏBƏR

Çingiz müəllimin reaksiyasının doğurduğu məyusluq

Fevral 21
10:54 2018
1992-93 illərdə Elçibəy hakimiyyətinin yüksək rəsmisi olarkən Pənah Hüseynin Elmlər Akademiyasının və yaradıcı birliklərin maliyyələşdirilməsini dayandırmağın zəruriliyi haqda fikirləri şəxsən məndə çox neqativ reaksiya doğurmuşdu...

Etiraf edim ki, yaradıcı insanlarla polemikaya girməyi sevmirəm və bunun səbəbi heç də zəiflik, arqumentsizlik deyil. Həmişə nəzərə alıram ki, bir nüsxə də olsa kitab və ya hətta kiçik bir hekayə yazmış insan cəmiyyət, millət üçün çox dəyərlidir və belə insanlara münasibətdə mümkün qədər loyal olmaq lazımdır. Amma başqa bir dəyər də var ki, o, hər şeydən üstündür. Hətta bizim əksər həyat prinsiplərimizdən də. Bu dəyər bəzən şirin, bəzən isə acı, hərdən ağrılı olan həqiqətdir. Həqiqət isə deyiləndə, xatırlananda, ona hörmət olunanda adi bir sözdən yüksək dəyərə çevrilir. Ona görə də heç təsadüfi deyil ki, çoxları ondan bu qədər xoflanır, qorxur, qaçır, ona hücum edir, onu qaralayır, amma bütün bunlara baxmayaraq, həqiqət yaşayır və gec-tez öz yerini tutur.

Son günlər Azərbaycan yazıçılarının, daha dəqiq desək, onların öncüllərindən sayılan hörmətli Çingiz Abdullayevin mətbuatdakı çıxışları məyusluq doğurur. Bəli, yanılmadım, məhz məyusluq, çünki Çingiz müəllimin söylədiyi fikirlərin, arqumentlərin böyük əksəriyyəti ən adi tənqidə belə davam gətirmir və təəssüf doğuran da elə budur. Çünki Çingiz Abdullayev bizim dünyaya təqdim edə, qürur duya biləcəyimiz çox az azərbaycanlı yazıçılardandır. Bu isə hər bir azərbaycanlı üçün son dərəcə həssas məsələdir. Burda bir haşiyə çıxım: 2004-cü ildə ABŞ-a ilk səfərim zamanı San Fransiskonun böyük mağazalardan birində mərhum maestro Çingiz Sadıxovun diskini görəndə o qədər qürur hissi yaşadım ki, hətta yüksək qiymətinə rəğmən həmin diski almağı özümə borc bildim. Sadə bir səbəbdən-mənim milli dəyərimi tərənnüm edən insana ehtiramımı ifadə etmək üçün.

Əlbəttə, barəsində sosial şəbəkələrdə çox yumşaq desək, aşağı əyarlı leksikonda yazılanlara Çüngiz müəllimin ağrılı reaksiyası tamamilə təbii və anlaşılandır. Etiraf edək ki, bu səviyyədə "polemika” heç birimizdə müsbət emosiyalar doğurmaq iqtidarında deyil və doğura da bilməz. Bu, "fenomen” ayrıca bir mövzunun predmetidir və bu gün görünənlər də artıq nəticədir. O nəticə ki, ona gətirən yolda, yəni, söyüş, təhqir, qarayaxma, şər, böhtan polemika vasitələrinə çevriləndə istisnasız olaraq hər birimiz buna laqeydlik göstərdik. Bir çoxlarımız isə həmin tendensiyalar başlayanda bəzən ürəyimizdə bu "kirli texnologiyalara” bir növ əsas da tapmağa çalışdıq. Halbuki, kəsərli ziyalı sözünə çox kəskin ehtiyac da elə o zaman vardı, amma bunu eşitmədik, demədik. Necə deyərlər, o qatar getdi, keçmiş olsun. Amma bugünkü siyasi mövqeyini "30 ildir tanıyıram, kitablarımı oxuyub” kimi məişət xarakterli dəlillərlə əsaslandırıb, sonra özünə "xalqın ziyalısı” demək də çox məntiqli görünmür, çünki xalqın ziyalısı xalqın yanında olur, uzaqbaşı bunu da bacarmayanda xalqla hakimiyyətin arasında. SSRİ dönəmində "sovet ziyalısı” anlayışı vardı və bu, o zamankı ziyalıları daha dəqiq ifadə edirdi, çünki o ziyalılar çox az istisnalarla sovet ideologiyasına, sovet hakimiyyətinə xidmət edirdilər. Bir çox hallarda isə sovet hakimiyyəti onları özü yetişdirir, cəmiyyətə təqdim edirdi və elə ona görə də SSRİ-nin süqutundan sonra onlar köhnə vərdişləri üzrə yeni yaranan müstəqil dövlətlərin hakimiyyətlərinə sığınmalı oldular. Başqa cür ola bilməzdi və olmadı da. Amma bu gün elə bu səbəblərdən də əksər postsovet cəmiyyətlərində yaradıcı sözü, ziyalı nümunəsi böhranı yaşanır. Bir çoxları isə hələ də sovet şinelindən çıxa bilmir, ziyalılığı, elitarlığı sadə xalqdan seçilmək kimi anlayaraq mənsub olduğu xalqın dilini, ənənələrini, həyat tərzini qəbul edə bilmir. Sanki, heç cür anlamaq istəmirlər ki, məsələn, Azərbaycan dili biliklərini artırmağa cəhd etməyərək rus dilində danışmağa üstünlük vermək heç də elitarlıq göstəricisi deyil. Bu da müstəqil Azərbaycan dövlətinə müxtəlif ölkələrdən 3-5 illiyə işləməyə gələn əcnəbilərin azərbaycan dilini həvəslə öyrəndiyi bir vaxtda. Danışmaq istəyəndə, danışa biləndə və nəhayət sevəndə bütün dillər gözəldir, ana dili isə həm də doğmadır. Nəhayət, ziyalının görmüş olduğu hansısa işi dilinə gətirməsi bir növ sovet dövrünün nimdaş hesabatlarını xatırlatmaqla yanaşı, həm də nə bizim milli, həm də ümumbəşəri dəyərlərlə heç cür uzlaşmır. Amma digər tərəfdən də vaxtilə müdafiə etdiyi müxaifət liderindən, informasiya agentliyi direktorundan qarşılıq görmədiyindən gileylənən ziyalının xalqın yanında olmaması bəlkə də daha yaxşıdır. Təsəvvür edirsiniz, xalqın üzləşdiyi çoxsaylı sosial, iqtisadi, hüquqi, mənəvi və s. problemlərə münasibət bildirmiş ziyalı bunu həmin xalqın başına gündə neçə dəfə taqqıldadırdı? Üstəlik də onun kitablarını oxumayan, daha doğrusu, almağa və oxumağa imkanı olmayan, ətrafında baş verənlər mənəvi-əxlaqi xaosdan ailəsini, özünü, qürurunu və mənliyini qorumaq üçün hər kəsdən üz döndərib özünə qapılmış xalqın. Bir də bütün bunlara ziyalı mövqeyini görmək istəyən, amma görə bilməyən xalqın. Bəlkə elə buna görə də özünü "xalqın ziyalısı” adlandırmaq lazım deyil, çünki bir çox ziyalıların xalqdan xəbəri olmadığı kimi, xalqın da onlardan umacağı yoxdur.

Bəzilərinin kitabları yandırmaq çağırışlarına da Çüngiz müəllimin reaksiyası məyusluq doğurur. Belələrinə reaksiya verməməkdənsə, hörmətli yazıçımız bildirir ki, bunu etsəydilər, o da, yazıçı həmkarı Anar da tarixdə kitabı yandırılmış yazıçılar kimi qalardılar. Amma tarixin özü deyir ki, çox yaxın keçmişdə Əkrəm Əylislinin kitabları hitlersayağı yandırılanda həmin vandalizmə susmaqla kifayətlənməyib, üstəlik, yazıçını AYB-dən xaric edənlər tarixdəki yerlərini artıq onda müəyyənləşdiriblər. Halbuki, Əkrəm Əylislinin "Daş yuxular”ının nə qədər ədalətsiz və bizim heysiyyatımıza toxunan olmasına baxmayaraq, yazıçının kitablarını yandırmaq buna adekvat reaksiya deyildi. Deməli, başqa cür də davranmaq olardı və o zaman Əkrəm Əylislinin mövqeyini kəskin tənqid edən məqalə ilə də ("Bizim yol” qəzetində), ona qarşı atılan adıımların tənqidi ilə də (Moskvada nəşr olunan "Novoye vremya” jurnalında) çıxış etmiş biri kimi əmin edirəm ki, buna görə heç kəsi asıb-kəsmirlər.

Nəhayət, bu gün ən səthi araşdırmalar azərbaycanlıların təkcə biznesdə və iqtisadiyyatda deyil, elmdə, təhsildə, incəsənətdə də xarici ölkələrdə Azərbaycandakından daha uğurlu olması faktını ortaya qoyur. Bunun səbəbləri və yaxın on il üçün nəticələri haqqında düşünmək də ziyalıların qayğısıdır, sadə xalqın yox. Onun başqa qayğıları onsuz da yetərincədir. Günü-gündən xaosa sürüklənən dünyada ölkənin gələcək yeri, təhlükəsizliyi haqda düşünmək, bu mövzularda cəmiyyətdə diskussiyalar açmaq, optimal çıxış yolları aramaq da məhz ziyalıların borcudur. Məşhur bir tarixi şəxsiyyətin dediyi kimi: "bu, o qədər ciddi işdir ki, onu siyasətçilərin öhdəsinə buraxmaq olmaz”. Qaldı kimin kimə səs verməsinə, hər kəs bilir ki, bu, ümumiyyətlə çəkişmə, dartışma mövzusu deyil, çünki onsuz da heç nəyi həll etmir. Amma bütün bəlalarda onsuz da küncə sıxılmış mətbuatı ittiham eləməyə gəlincə, məncə buna heç birimizin haqqı yoxdur. Xüsusilə də söz, ifadə, mətbuat azadlığı üçün bir dəfə də olsa səsini çıxarmayanların. Zamanında həmin mətbuatı küncə sıxmağa imkan verməsəydik bu gün mətbuatımız da başqa cür olardı, ona münasibətimiz də. Jurnalistlərin üzünə telefonu qapamaq və ya onları "axmaq” adlandırmaq isə mövcud vəziyyətdən çıxış yolu deyil.

Son olaraq elm, ədəbiyyat, incəsənət sahəsində son 25 ilin nəticələrinə baxdıqda istər-istəməz düşünürsən ki, bəlkə o vaxt Pənah Hüseyn haqlı imiş?!

Ərəstun ORUCLU
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook